
Şuşada artıq 27-dən çox abidə bərpa edilib, digərlərinin isə bərpa prosesi davam edir. Məscidlərin bir çoxu dağıdılıb və bəzilərinin yerlərini müəyyənləşdirmək belə mümkün deyil".
Oxu.Az xəbər verir ki, bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin (ŞŞDQİ) icraçı direktoru Tural Novruzov aprelin 17-də Şuşada keçirilən "Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi" mövzusunda I İslam Dünyası Mədəni Forumunda deyib.
O qeyd edib ki, Şuşa tarixən məhəllə sistemi üzrə təşkil olunub:
"Burada 17 məhəllə mövcud idi. Hər məhəllənin öz məscidi və meydanı var idi".
T.Novruzov bildirib ki, ərazidə skanlama və tədqiqat işləri aparılıb, prosesə həm yerli, həm də beynəlxalq mütəxəssislər cəlb olunublar:
"Mütəxəssislər hər ay əraziyə səfər edir və bərpa işləri ilə bağlı rəy bildirirlər. Hazırda onlar "ICOMOS Azərbaycan" İctimai Birliyi ilə birgə bərpa prosesi ilə bağlı məlumat kitabçasının nəşri üzərində işləyirlər".
Məhərrəm Əliyev