Fəzilət şairi XALİDƏ HİCRAN - VII HİSSƏ

Sadə xəbər
Mədəniyyət 16.05.2025 5076
I hissə + II hissə + III hissə + IV hissə + V hissə + VI hissə

Biz demişdik ki, Xalidə Hicran yaradıcılığının atributlarından biri də İNSANDIR. İnsan Yer üzünün ən ali, şüurlu və yaradıcı varlığıdır. Görkəmli Azərbaycan filosofu Ziyəddin Göyüşovun təbirincə desək “İnsanın fəziləlti həyat sürməsi onun dünyada qoyub gedə biləcəyi ən böyük mirasdır. Bu o deməkdir ki, insan yalnız yaradıcılıq fəaliyyəti nəticəsində başqa adamlar qarşısıda məsuliyyət daşıması ilə xoşbəxt ola bilər”. Buna görə də Xalidə Hicran öz sevimli oxucularına ağır həyat yükünü çiyinlərində daşımış ən zəkalı, ən müdrik və ən intellektual qüvvə sahibi olan insanın həyat təcrübəsindən bəhrələnməyi, gözəl yaşamağı, ictimai mənalı ömür sürməyi və bu zaman qarşıya çıxan bütün maneələri öz dərin ağlı , zəkası, səbri, təmkini və dəyanəti ilə dəf etməyi və ağır məqamlarda belə ümidini üzməməyi məsləhət görür. Səbr də, dəyanət və təmkin də çox vaxt ümidlə bağlı olur və digər fəzilətlərlə yanaşı ümid də son dərəcə həyati əhəmiyyət daşıyır. Mən deyərdim ki, ümid insanın yaşaması üçün cənab Allah tərəfindən insana verilmiş elə bir qüvvədir ki, o, ən çətin, ən ağır vaxtlarda insanın yaşamaq, son ana qədər mübarizə aparmaq ehtirasını alovlandırır, ona güc, qüvvət, stimul verir. Məşhur Ukranya şairi L.Ukrainka özünün “ Ümidsiz ümid edirəm” şeirində deyir ki, hər bir ümidsizlik şəraitində bir çıxış yolu tapmaq mümkündür, hər bir qaranlıq və zülmətdə bir ümid çırağı yanır. İnsan elə şüurlu bir varlıqdır ki, o, ən çətin məslələri, qeyri-mümkün olan bir işi mümkünlüyə çevirən fövqaladə və ecazkar bir qüvvəyə malikdir. Bəzən elə hadisələr, elə təsadüfi hallar olur ki, ümidsizlik bir anın içərisində əriyib gedir, insana yeni qüvvə, yeni ruh gəlir, yeni ümid doğulur. Oxucularımız üçün maraqlı olacağını nəzərə alıb yaxın şərq filosoflarından birinin ümid haqqında dediyi sözləri onların diqqətinə çatdırırıq: “...Ətrafımda nə qədər boğucu rüzgarlar əsirsə əssin, bu rüzgarlar içərisində böyük fırtınalar, qasırğalar nə qədər şiddətli olursa olsun, bu sərt rüzgarları birər-birər ruhumdan keçirsəniz də, bu qüvvələrin heç biri orda işıldayan ümid çırağını söndürə bilməz. Ruhumu qardan, buzdan daha soyuq bir etimadsızlıq qışı istila etsin... Bu qışıın soyuğu şimal qütbündə belə rast gələ bilməyəcəyimiz bir şəraitdə olsun, bu soyuq mühit içində belə ruhumun ümid ocağı sönməz, için- için yanar..Ümid ruhumun zəruri ehtiyaclarındandır, bir bitki necə ki, qidasıs, havasız və işıqsız yaşaya bilməz, mənim ruhum da ümidsiz yaşaya bilməz”.

Xalidə Hicran fəziləti, onun ümid haqqında baxışları oxuculara məhz o fikri aşılayırdı ki, ümid işığı bəzən ən zülmət qaranlıqlardan, həyatın böyük dərinliklərindən süzülüb gələ bilər. Ümid özü bir işıq, bir nurdur, bir həyat mənbəyidir. Ümidsiz yaşamaq, işləmək, fəaliyyət göstərmək mümkün deyil. Şair göstərir ki, ümid sadəcə bir xəyal, arzu deyil. Həqiqəti özündə əks etdirən ən gözəl fəzilətdir. Yaşamaq ehtirasını artıran əsl həyat qüvvəsidir. Çünki ümid ruhi, mənəvi qüvvələrin ən təsirlisidir. Şairin fikrincə, insan ümidini qırmaq onu öldürməyə bərabərdir. Ümid inamdır, inamsız yaşamaq olmaz. Ümidsizlik insan həyatının ən dəhşətli, ən əzabverici, ən müthiş və qorxunc dövrüdür. Ümid bir əxlaqi fəzilət olaraq insanları yaşamağa, qrup yaratmağa, sevib-sevilməyə səsləyir. Xalidə Hicran da məhz bir şair olaraq insanları ümidini itirməməyə, bu əxlaqi fəziləti qiymətləndirməyə, onu özləri üçün həmişə bir həyat mənbəyinə çevirməyə çağırır. Şair “Ümiddir dözümə qida” şeirində yazır:

Ümid olmasaydı, bircə toxum əkməzdin,
Qəlbdə gizlədiyini qapıda gözləməzdin.

***
Ümid olsan kiməsə, ümid ver özgə kəsə,
Ümid də bir dayaqdır, ümidsiz kimsəsizə

***
Ümid puç olsa da sahibi gözləyəndə
Yeni ümid doğilir, bir ümidin öləndə.

***
Sən küfuru söyləsən, ümidləri qırarsan,
Ümidi itirməsən zəfəri qazanarsan.

Şair burda elə məsələyə toxunur, elə mətləblərə yol açır ki, bu da insanın özündə olanı tapmaq, indiyə qədər özündə görmədiklərini görmək gücü və bacarığını dərk etməkdir. Bu da insanın özündə hiss etmədiyi yenilməz bir qüvvədir ki, ümumilikdə səbrin, təmkinliyin, dəyanətin, düzgünlüyün və ümidin vəhdətindən ibarətdir. Əgər bu cəhət olmasa insan özünü və öz gücünü dərk etməsə onda ölmüş ümidin yerinə yeni ümidin doğulmasını gözləmək qüdrətində ola bilməz. Burda şairin bir kəlmə “gözləmək” sözü bu vəhdəti özündə ehtiva edir, yeni ümidin doğulmasına stimul verir. Həm də “gözləmək” bir ümid olaraq təskinlik mənbəyinə çevrilir. Burada yaxın şərq mütəfəkkir və filosoflarının poetik şəkildə dediyi bir fikir yadıma düşür: “Bəzən məni ruhum xəzana uğramış bağça kimi bütün yarpaqlarımı, bütün çiçəklərimi, bütün meyvələrimi tökür. Yalnız bircə ümiddir ki, bu bağçanın gözə çarpmayan bir guşəsində hər vaxt təzə bir ağac kimi daim yaşıllığını mühafizə edir”.

Xalidə Hicran poetikası bəzən fikrin, düşüncənin elə dərinliklərinə, elə fəlsəfi anlamlarına gedib çıxır ki, burda oxucu fərqinə olmadığı və əhəmiyyət vermədiyi sözlərin necə mənalar kəsb etdiyini görür və əxz edir. Bu, şairin böyük uğurudur. O, fəzilətlədən yazarkən dözümə çox böyük qiymət verir və onu ümidin, dəyanətin fəziləti adlandırır. İnsan həyatının ən ağır, ən çətin və ən apagey nöqtəsi dözümün üzərinə düşür.

Şair dözüm haqqında yazır:

Böyük mövqeyi vardır, dözümdə, bir sözün də,
Bir sözlə artıran var, gücünü dözümün də

***
İlahidən taparsan əgər özündə dözüm,
Səbrlə müşkil işlərə bir-bir taparsan çözüm

***
Dözüm bir mənbədir ki, dərinliyi ümmandır,
Ona güvənməyənin işi, bil ki, yamandır.

***
Döz, dözümü tap özün, lap ucaya var özün,
Dözməyi istəməsən yerindəcə say özün.

***
Dözənlərə valehəm, özüm də dözümlüyəm,
Bu balaca vücudla pələnglərdən güclüyəm.

***
Tanrı mərhəmətidir, insana verir dözüm,
Dözümlə insan tapar müşkil işlərə çözüm.

***
Etmə, gülüzlü pəri, hirsli anda intihar,
Dözümlü olan insane, hər müşkülə yol tapar.

***
Qəlbində olsa dərdin, əlbət, bularsan dərman,
İstədiyi mövqeyə çatar istəsə insan

***
Qəlbin sıxılsa nə vaxt, məkanını dəyiş sən,
O məkanda sən özgə bir dünya görəcəksən.

Dözüm əzab- əziyyətdir, məhrumiyyətdir, ağrıdır, qaranlıqlar içərisində zülmdür. Bu ağriya, bu əzab- əziyyətə dözmək hər adamın işi deyil. Bunun üçün gərək güclü iradə, dəyanət, səbr və nəhayət, ümid kimi fəzilətə sahib olmalısan. Şair “ Dözüm bir mənbədir ki, dərinliyi ümmandır” deməklə məhz bu həqiqəti – bu fəziləti nəzərdə tutur ki, ikinci misrasında bu gerçəklikləri, bu həqiqətləri görməyənlərin, dərk etməyənlərin və ona güvınməyənlərin işinin “yaman olar” qənaətinə gəlir. Tamamilə düzgün nəticədir. Şair vurğulayır ki, dözüm Allahın insanlara olan mərhəməti, lütfi və bir sevgisidir ki, düşdüyü çətinliklərdən, müşkil işlərdən qurtarmaq üçün bir yol göstərir, qarşılarında bir işıq, bir mayaq yandırır. Burda məşhur Alman filosofu və yazıçısı G.E.Lessingin dediyi bir fikir yadıma düşür: “ Sənətkar, bizi nəyi edib, nəyi etməməyə öyrətməlidir. Bizi xeyir və şərin, fəzilət və qəbahətin əsil mahiyyəti ilə tanış edib, fəzilətin gözəlliyini, qəbahətin çirkinliyinin nədən ibarət olmasını başa salmalıdır. Poeziyanın bütün növləri bizə fəzilət öyrətməlidir. Onu elə şəkildə deməlidir ki, hamı başa düşsün. Çünki bu poetik nümunələri, bu sənət əsərlərini müxtəlif təbəqələrdən olan insanlar oxuyurlar və onların içırisində bəzən elələri olur ki, onların da dərkini unutmaq olmaz”. Bu fikirlər sanki Xalidə Hicran yaradıcılığı haqqında, onun fəziləti tərənnüm edən poeziyası haqqında deyilib. Sözün həqiqi mənasında Xalidə Hicran səviyyəsindən, həyatda tutduğu mövqeyindən asılı olmayaraq gözəlliyi, həqiqəti və fəziləti sevən bütün insanların şairidir. Daha doğrusu, bütün təbəqələrdən olan sözə, fikrə, düşüncəyə, məsləhətə ehtiyacı olanların şairidir. Xalidə Hicran öz humanizmi, öz hikməti, gözəlliyi, estetikası, dərki və məsləhətləri ilə oxucularının ruhunu oxşayır, könüllərini sığallayır, dərdli, qəmli, kədərli, fikirli, qüssəli vaxtlarında onlara məlhəm olur. Xalidə Hicran poeziyası və fəziləti oxucuların təfəkkür və emosiyalarına təsir etmək və düşündürmək, həyatı dərindən dərk etmək və düzgün yol tutmaq üçün çox böyük təsiredici gücə malik bir qüvvədir.
Xalidə Hicran hər 5 kitabında ( 4 cildlik “ Hikmət xəzinəsi” və “ Hicrannamə” ) çalışır və ona səy göstərir ki, tərənnüm etdiyi fikirlər və fəzilətlər insanların geniş mənada əxlaqi şüuruna hakim kəsilsin, onların zehninə möhkəm kök salsın və gündəlik davranış normalarına çevirsin. Mən çəkinmədən deyərdim ki, Xalidə Hicran qismən də olsa bu istəyinə çatmışdır. Ona görə qismən deyirəm ki, hələ qədim dövrlərdə Sokrat insanlara fəzilət öyrətməyi çox çətin və olduqca mürəkkəb bir iş adlandırmış, ömrünün sonuna qədər şagirdləri ilə birlikdə belə bir məktəb yarada biləcəyini qeyri- mümkün hesab etmişdir. Buna görə də mən Xalidə Hicranın bu istiqamətdə gördüyü işləri dönə- dönə yüksək qiymətləndirməkdən çəkinmir və “Hikmət xəzinəsi” nin dörd cildinin və “ Hicrannamə” əsərinin bu gün üçün, gələcək nəsilləırimiz üçün çox vacib və çox faydalı olduğu qənaətindəyəm. Burda böyük rus demokratı A.İ.Gertsenin kitab haqqında dediyi sözlərlə fikirlərimi sona çatdırıram. “ Kitab bir nəslin o biri nəslə qoyub getdiyi vəsiyyətidir, ölən qocanın yeni yaşamağa başlayan gəncıərə hədiyyəsidir... Kitab həm də elə bir sərvətdir ki, onun vasitəsi ilə biz keçmiş və müasirlik malikanəsinə, bəzən qanlı tərə bulaşmış iztirablar bahasına tapılan həqiqətlər və fəzilətlər mülkinə daxil oluruq. Kitab gələcəyin proqramıdır”. ( Seçilmiş əsərləri, 1-ci cild, Moskva 1954.səh 367- 368 ).

Son !
XƏBƏR LENTİ
17.05.2025 2416
17.05.2025 3271

DİGƏR XƏBƏRLƏR

Loading
Top