Fəzilət şairi XALİDƏ HİCRAN - IV HİSSƏ

Manşet
Mədəniyyət 13.05.2025 4996
I hissə
II hissə
III hissə

Şair ikinci beytində deyir ki, torpaq haqqı itirmir.Çox müdrik bir deyimdir.Torpaq özü bir hikmət, bir dünyadır.Bütün yaranmışlar,mövcud olan bütün canlılar məhz torpaqdan bəhrələnir, bu və ya digər formada qidalanırlar.O heç vaxtı insanın əməyini,zəhmətini itirmir,onun mükafatını artıqlaması ilə verir.”Təki becər,ondan istə,o verər,sən nə istəsən”.Həqiqətən də təbiətdə,torpaqda elə dəyərlər,xassə və keyfiyyətlər var ki,bunlar insanlarda əməyə məhəbbət və digər maraq və ehtiraslar yaradır.Hobls”seçilmiş əsərləri”nin birinci cildində(Moskva,1964) səhifə 240-41 yazır:”Gözəllik hər hansı bir predmetin xassələrinin elə məcmusudur ki, bunlar bizə həmin predmetdən fayda gözləmək əsası verir.Gözəllik,gələcək nemətlərin əlamətidir.Xalidə Hicran bu beytlərində yalnız torpağın hikmətini,əməyin bəhrəsini vermir, eyni zamanda onların birlikdə yaratdığı nəticənin insanlarda doğuracağı sevincin,məğrurluğun,məmnunluğun,xoşbəxtliyin,zənginliyin anonsunu verir.Burda bir haşiyəyə çıxmaq istəyirəm.Düşünürəm ki,oxucularımız üçün maraqlı və düşündürücü olar.Qədim zamanlarda İslamdan öncə Ərəbistanın Şimalında məskunlaşan Teyy qəbiləsinin Hatəmi Tai başçısı vardı.O,var-dövlətini başqaları ilə bölən, kasıblara yardım edən, dostlarından heç nəyi əsirgəməyən və beləliklə də Yaxın və Orta Şərqdə ən səxavətli,qonaqpərvər şəxs və şəxavət rəmzi kimi tanınırdı.Rəvayətə görə Hatəmi Tai hər gün 10 baş dəvə kəsib böyük süfrə açar və qapıya gələn hər kəsi qonaq edərdi.Ərəbistanın hər guşəsindən kasıblar və aclar onun qapısına pənah gətirərdilər.Hatəminin evinin qapısı hər kəsin üzünə açıq idi.Onun bənzərsiz səxavət sahibi olmasına baxmayaraq deyərdi ki, məndən də alicənab birisi var.Sonra həmin adamla necə tanış olduğunu danışarmış.Əhvalat belə olub.Günlərin birində Hatəmi yenə axşam qonaqlıq verəcəyini elan edir.Təsadüfən günorta yolu səhraya düşür.Səhradan kol-kos yığıb evinə aparan bir qoca ilə rastlaşır.Qoca şələnin ağırlığı altında əyilmişdi Hatəmi onu saxlayıb görüşür.Özünü tanıtdırmadan hal-əhval tutur.Məlum olur ki,qoca hər gün səhradan çır-çırpı gətirib satıb və bunun pulu ilə dolanır.
Hatəmi təəccüblə deyir:
-Niyə bu yaşında özünə əziyyət verirsən? İndi sənin elə vaxtın deyil.Eşitməmisən ki,hər gün Hatəmi camaata qonaqlıq verir?Sən də onun qapısına get,qarnını doyur
Qoca başını qaldırıb cavab verdi:
-Oğlum,mən bu əziyyətə ona görə qatlaşıram ki, heç kimə hətta Hatəmiyə möhtac olmayım.Başqasının çörəyini minnətlə yeməkdənsə öz alnımın təri ilə dolanmaq mənə daha yaxşıdır.

O, sonra əlini qaşlarının üstünə qoyub diqqətlə Hatəmiyə baxdı:

Kim öz əməyilə dolansa əlbət,
Hatəmi-Taidən götürməz minnət...

Xalidə Hicran yaradıcılığının,onun fəlsəfi görüşlərinin bir böyüklüyü də ondadır ki, əlbətdə bu mənim subyektiv fikrimdir və mən bu fikirlərimi mübahisə yaratmaq üçün demirəm.Onun bu böyüklüyü,humanizmi inqilabçı demokrat N.Q.Çernişevskinin dediyi kimi “ən təmənnasız kimi görünən davranış və hislər belə öz əsasını eqoizmdən götürür” iddiasının əksinə olaraq, o daha yüksək qatlarda dayanır.Bu, onun hikməti,müdrikliyidir.Xalidə Hicran düşüncəsinə görə hələ heç bir yazılı qanun və hüquq normasının mövcud olmadığı dövrlərdə və şəraitdə fəzilət insanlar arasında əxlaqi münasibətlərin yaranması və formalaşmasına böyük təsir göstərmişdir.Fikrimizi bir az da aydın desək, insanların əxlaqi keyfiyyətləri bu keyfiyyətlər haqqında nəzəri təfəkkürdən əvvəl mövcud olmuşdur.Xalidə Hicran klassik ənənələri,klassik dəyərləri və ən ali fəzilətləri özünün əsas qayəsinə çevirmiş və bütün yaradıcılığı boyu bu əqidəsinə sadiq qalmışdır.Şərq əxlaq klassiklərinin və əxlaq nəzəriyyəçilərinin yaradıcılığı ilə yaxından tanış olan Xalidə Hicran insan mənəviyyatı, onun əxlaqi həyatı haqqında yazılmış bir çox əsərləri də dərindən mənimsəmişdir.N.Q.Çernşevskinin fikirlərinə diqqət yetirək:”İnsanların hərəkətlərinin motivlərini dərindən tədqiq etdikdə görürük ki,insanlarda bütün əməllər:yaxşılıq və pislik, alicənablıq və alçaqlıq,fədakarlıq və qorxaqlıq- bunların hamısı öz başlanğıcını bir mənbədən götürür,insan elə hərəkət edir ki, ona xoş olsun,insan müəyyən hesabı nəzərdə tutur, az həzzdən, az mənfəətdən çox həzz,çox mənfəət naminə əl çəkir”.Çernişevski fikrinə davam edərək yazır:”Zahirən təmənnasız görünən davranış və hissə ciddi nəzər yetirdikdə aşkar olur ki, hər halda onlarında əsasında öz şəxsi mənafeyi haqqında, şəxsi səadəti haqqında fikir,bir sözlə eqoizm adlanan hiss durur”. (“Seçilmiş əsərləri”, Moskva,1950,283,85).O, hətta ananın öz uşaqları üçün ağlaması,dostun öz dostu yolunda fədakarlıq göstərməsi,övladlıq,valideynlik məhəbbəti və başqa hislərin də öz başlanğıcını yalnız eqoizmdən götürdüyünü iddia edir.Təbii ki,hər bir filosofun,hər bir alimin,hər bi əxlaqi klassikərinin və nəzriyyətçilərinin öz həyat fəlsəfəsi düşüncəsi öz nəzəriyyəsi və öz konspeksiyası var.Etik fikir dünyəvi fikir daşıyır.Hər bir xalq ümumibəşəri etik fikir xəzinəsinə öz payını vermiş və verməkdədir.Xalidə Hicranın fikrincə,hər bir xalqın fəzilət haqqında nəzəri təfəkkürü o xalqın maddi həyat şəraitinin məhsulu olmaqla etik fikir tariximizin müəyyən bir hissəsini təşkil edir və öz yerini tutur.Amma əsas məsələ fəzilətin,dərinliyini,qiymətini hamı üçün,hər kəs üçün faydalı ,xeyirli oldugunu ,eyni zamanda dünyanın inkişafı və bəşəriyyətin əxlaqi tərəqqisi üçün nə qədər vacib və çox zəruzu olduğunu açıb göstərmək və ortaya qoymaqdır.Xalidə Hicran dünyəvi,bəşəri düşüncəyə sahib olduğu üçün, hər şeydən öncə o, bütün məsələlərə məhz bu prizmadan, bu aspektdən yanaşır.Onun üçün əsas insan,humanizm,bəşər və dünyadı.O,humanizmi bəşəriyyətin təntənəsi hesab edir və bu fikirləri ilə Holbaxa çox yaxınlaşır,mən deyərdim ki, lap eynilik təşkil edir.Bir gün Holbaxdan soruşurlar ki,nə üçün siz humanistliyi,insanpərvərliyi ictimai fəzilətlərin əsası hesab edirsiniz? Fransız filosofu Pol Anri Holbax belə cavab verir:”Çünki yalnız insanpərvərlik ruhunda olan bütün insanlara xeyirxah münasibət bəsləməyə və xeyir iş görməyə vərdiş etmiş insan bəşəriyyətin səadəti və mühafizəsi üçün zəruri iş görür.İnsanpərvərlik və insaniyyət bütün qalan fəzilətlərin cövhəri və əsasıdır.İnsan elə bir varlıqdır ki,istənilən vaxta ona başqa adamların köməyi lazım ola bilər.Mənə əvvəllər tanış olmayan bir adam min bir müxtəlif hadisələr zamanı məni xilas və müdafiə edə bilər,fəlakətdən qurtarar,xoşbəxt edər,bir sözlə, mənim üçün xeyirli ola bilər... İnsanpərvərlik insan cəmiyyətini, insan nəslinin həyatını qoruyub saxlamaq üçün zəruridir.(P.A.Holbax,”Seçilmiş əsərləri”.Moskva,1963,səh.56)

Xalidə Hicran yazır:

Mənim həyat fəlsəfəm bir Tanrıdır,bir insan,
Onları gər unutsan,həyatdan nə umarsan?

***
Bu iki vacib meyar insanlığın təməli,
Tanrını kim anırsa,düz olacaq əməli.

***
Günəş də göydə birdir,odur ərşə nur verən,
Səni düz yola çəkir,dörd kitabı göndərən.

***
Bu dünya hər kəsə ev,sən də öz evini sev,
Dünya deyilən evdə nə var, mərhəmətlə sev.

Göründüyü kimi Xalidə Hicran burda yaradılış haqqında,insan haqqında,əxlaqi fəzilətlər haqqında fikir və düşüncələri fransız filosofunun fikirləri ilə düz gəlir.Tanrını dərk etmədən,duymadan,onun yaratdıqlarının,insana bəxş etdiklərininin fərqinə varmadan,qiymətləndirmədən,nəyəsə nail olmaq mümkün deyil.Çünki bunlar insanlığın təməlidir.Ulu Tanrı bu həqiqətləri bilmək və öyrənmək üçün dörd kitab göndərmişdir.Xalidə Hicran da,Holbax da bunları öyrənməyi,burda nəzərdə tutulan fəzilətləri əxs etməyi,mənimsəməyi hamı üçün,hər kəs üçün mühüm əxlaqi vəzifə və ictimai borc hesab edir.Onların fikrincə,belə yüksək dəyərləri və fəzilətləri qazanmaq və özünün vərdişinə ,hər bir insanın ali məqsədinə şevrilməlidir.Ona görə də Xalidə Hicran bütün yaradıcılığı boyu bu mövqedə dayanmış,qələmə aldığı bütün poetik janrlarda və mövzularda xeyirxahlıq,alicənablıq dostluq,sədaqət,hörmətçilik və bu kimi digər fəzilətləri vəsf etmiş və sevimli oxucularını bu dəyərlərdən bəhrələnməyə səsləmişdir.Xalidə Hicran “insanın fəzilət haqqında təssəvürləri öz başlanğıcını şəxsi mənafedən,şəxsi mənfəətdən götürür” fikri ilə razılaşsa da, bütün insani dəyərlərin yalnız cənab Allah tərəfindən verildiyi qənaətində olaraq ictimai fəzilətlərin tərbiyəsinə və onun inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verirdi.Onun fikrincə,ictimai fəzilətsiz cəmiyyət ola bilməz.Xalidə xanımın poetik nümunələrindən aydın hiss olunur ki,o,insanlara vaxtında mənəvi dəstək olmağın,yol göstərməyin,öz yerlərini tapmağın,doğru,düzgün hərəkət etməyin,bir sözlə,ictimai fəzilətin bütün kateqoryalarından düzgün bəhrələnməyin tərəfdarı olmuş və bu cəhətdən o,öz yaradıcılığı ilə bir çoxlarına örnək olmaq səviyyəsinə yüksəlmişdir.Onun fikrincə, hər bir yaradıcı insan,düşünmək imkanı olan hər bir vəzifəli adam özünün şəxsi və ictimai münasibətlərində öz mənəvi ucalığını,yüksək etibarlıq və səmimilik nümunəsi göstərməli,əxlaqı saflığın və mənəvi sərvətlərimizin inkişafına və geniş vüsət olmasına çalışmalıdır.Bu, inkar olunmaz bir həqiqətdir ki,mehribanlıq,səmimiyyət insan psixologiyasına əxlaqına,əhval-ruhiyyəsinə, onun qəlbinə,ürəyinə,ruhuna müsbət təsir gösrərən əsas fəzilətlərdən biridir.Və bu belə bir fikrə gəlməyə əsas verir ki,belə fəzilətlər üzərində qurulan münasibət insanlarda öz “məni” ni dərk etməyə,bir şəxsiyyət kimi formalaşmağa və ictimai münasibətlərdə fəallıq göstərməyə ciddi təkan verir.Xalidə Hicran poetikasının təsiri,onun fəziləti yalnız fərdin bir şəxsiyyət olraq dəyərlər üzərində formalaşması və yalnız öz şəxsi həyatı və mənfəəti üçün çalışmağında deyil, eyni zamanda onun ictimai mahiyyət, ictimai xarakter olmasındadır.Bizim müstəqil,azad cəmiyyətimizdə müasir həyatımızda vətənini,torpağını,millətini sevmək borcu var,buna tələb də demək olar.Bu borc və tələb şəxsiyyətin əxlaqi saflığı və dövlət,xalq qarşısında öz borcunu yerinə yetirməsi üçün onun malik olduğu dəyərlərə əsaslanır.Xalidə Hicran demokratik şairdir.O, insan azadlığına, şəxsiyyət azadlığına, azad sözə, azad fikrə çox yüksək qiymət vermiş və bunu tərənnüm etmişdir.Ancaq o,vətəndaş bir şair olaraq şəxsiyyətdən edilən tələbləri və gözləntiləri zorakılıq və onun,yəni şəxsiyyətin həyat tərzinə olan müdaxilə kimi qiymətləndirən insanlardan fərqli olaraq hesab edir ki,cəmiyyətin şəxsiyyət qarşısında müəyyən tələblərin olması,həm də onların özlərinin bir şəxsiyyət kimi təkminləşməsi və formalaşması üçün çox vacib bir məsələdir.Yəni vətənini,torpağını,xalqını,millətini sevməyən, onun inkişafı,çiçəklənməsi üçün çalışmayan bir insandan nə gözləmək olar?Təbii ki,burda söhbət milli qəhraman obrazı yaratmaqdan getmir,sadəcə vətəninə,torpağına,xalqına layiq insanların,şəxsiyyətlərin formalaşdırılmasından gedir.Həyatda böyük işlərin hamısı insanın fədakarlığl,cəsarəti hesabına görülmüşdür.Şəxsiyyətin özünə əminliyi,fərdi azadlığı,vətəndaşlıq hüquqları,bir sözlə,əldə olunmuş bütün nailiyyətlət aparılan uzun mübarizədən sonra əldə edilmişdir.Hər bir insan öz təbiəti etibarı ilə çox böyük və zəngin daxili potensial qüvvəyə malikdir.İnsan yüksək arzu və amallar uğrunda mübarizə apararsa,heç şübhəsiz ki, bu zaman onun özü də ucalar,yüksək bir şəxsiyyətə çevrilər,ictimai mahiyyət ,məna və məzmun kəsb edər.Burda mən bir məsələni xüsusi qeyd etmək istəyirəm ki,fəzilətlərin tərbiyəsində ,onun insanlara aşılanmasında əyaniliyi və əxlaqi nümunənin çox böyük əhəmiyyəti var.Əgər hörmətli oxucularımızın yadındadırsa,biz yuxarıda Xalidə Hicran şəxsiyyətilə yaradıcılıgı arasındakı vəhdətdən,monolit birlikdən söz açmış və qeyd etmişdik ki,Xalidə xanım məhz o yaradıcı şəxsiyyətlərdən və ziyalılardandır ki,sözü ilə əməli birdir və bunlar bir-birini tamamlayır.Mən böyük məmnunluqla deyərdim ki,Xalidə Hicran əxlaqi ideal ,ən gözəl əxlaqi sifətlərin təcəssümü kimi bütün fəzilətləri özündə toplayan nadir şəxsiyyətlərdən biridir.Məhz bunun nəticəsidir ki,Xalidə Hicranın bədii yaradıcılıgı ilə yaxından tanış olan hər bir düşüncə sahibi çox aydın şəkildə dərk edər ki,insan yalnız öz əxlaqi təkmilləşməsi ,əxlaqi kamilliyi üzərində dərindən səylə çalışan ,əxlaqi saflıgın ülviliyinə dərindən inanan, bunu özünün möhkəm əqidəsinə , həyat və yaşam tərzinə çevirən,dünyanın və həyatın həqiqi mənasını dərk edən və həmişə bunun üzərində düşünməyi bacaran və bu gücə sahib olan bir şəxs fəzilətlər xəzinəsinə daxil olub ona yiyələnə bilər .Məhz buna görə də Xalidə Hicranın söz deməyə,fikir yürütməyə haqqı ,hüququ olan şairdir.Çünki o,öz yüksək dəyərləri ilə bu haqqı ,hüququ qazanmış və insanlığın ən yüksək zirvəsinə ucalmışdır.Bunlar sadəcə,hər bir insan haqqında deyilə biləcək adi bir söz,adi bir tərif deyil, həyatın hər cür sınagından çıxmış, kamil və müdrik bir insan haqqında deyilən əsil həqiqətdir.Ona görə də düşünmək imkanı olan hər bir oxucu üçün Xalidə Hicran poetikasinin təsiri güclüdür,düşündürücüdür bə bu poetik inciləri oxuyan hər bir kəs mütləq özü üçün öyrənə və nə isə götürə bilər .Bu təkzib olunmaz bir həqiqətdir və bu həqiqəti dərk etmək üçün Xalidə Hicran poeziyası ilə yaxından tanış olmaq lazımdır.O zaman oxucuların qarşısında irfanlı,təqvalı,fəzilət dolu geniş və füsunkar bir dünya açılacaq.Hikmət dolu zəngin bir dünya...Xalidə Hicranın fəzilət dünyası!..

Ardı var...
 
XƏBƏR LENTİ
12.05.2025 2260

DİGƏR XƏBƏRLƏR

Loading
Top