"Şəhid atasının arzusu iki günə gerçəkləşdi – Bulağın qarşısında sevinc göz yaşları"

Manşet
CƏMİYYƏT 09.08.2025 11454
Şəhid atasının sevinc göz yaşları – Qayğı və diqqətin nümunəsi

Bu gün mənim üçün çox dəyərli bir görüş baş tutdu. Vətən müharibəsi şəhidi İbrahim Cəbrayılovun atası, Raqub Cəbrayılov mənimlə görüşmək istədiyini bildirdi. Onun səsindəki səmimiyyəti və bir o qədər də kövrək tonu hiss edərək məmnuniyyətlə razılaşdım.

Görüş zamanı Raqub bəy mənim vasitəmlə Azərbaycan Respublikasının daxili işlər naziri cənab Vilayət Eyvazova və Zərdab Rayon Polis Şöbəsinin rəisi cənab Ramil Salayevə təşəkkürünü çatdırmağımı xahiş etdi. Mən də böyük məmnuniyyətlə razılaşdım və bu barədə bu gün yazacağıma söz verdim.

Söhbət əsnasında təşəkkürün səbəbini öyrənəndə, sözün düzü, mən də kövrəldim. Raqub bəy sakit, amma dərin bir ah çəkərək dedi:
“Coşqun qardaş, bildiyin kimi, Məlikmüdlü kəndinə yol çəkilir. Mən də yol işçilərinə müraciət etdim ki, oğlumun adını daşıyan bulağın qarşısına da asfalt vursunlar. Bu mənim üçün sadəcə bir yol işi deyildi — şəhid oğlumun xatirəsinə hörmət idi. Amma təəssüf ki, səsimi eşidən olmadı. Bu, məni çox üzdü, içimdə ağır bir yük kimi qaldı.”

Raqub bəyin sözlərindən hiss olunurdu ki, bu məsələ onun üçün təkcə rahatlıq deyil, həm də oğlunun ruhuna ehtiram idi. O, söhbətinə davam etdi:
“Zərdab Rayon Polis Şöbəsinin rəisi cənab Ramil Salayev tez-tez ailəmizi ziyarət edir, dərdimizi-sərimizi dinləyir. Üç gün əvvəl yenə gəlmişdi. Söhbət zamanı bu dərdimi ona da dedim. Cənab rəis çox diqqətlə qulaq asdı. Heç ağlıma gəlməzdi ki, bu qədər tez bir nəticə olacaq.”

Üstündən cəmi iki gün keçmişdi ki, Raqub bəy bulağın qarşısında asfalt işlərinin görüldüyünü görüb. O anı təsvir edərkən gözləri yaşardı:
“Coşqun, inan Allaha, bulağın qarşısına asfalt çəkildiyini görəndə sevincimin həddi-hüdudu olmadı. Sanki oğlumun ruhu qarşımdan keçdi, sanki o da mənim sevincimə şərik oldu. Deyirəm, Allah bu nazirin köməyi olsun ki, bizə belə qayğıkeş bir polis rəisi göndərib. Mən cənab nazirə və cənab rəisə ürəkdən minnətdaram.”

Bu hadisə bir daha göstərir ki, şəhid ailələrinin hər bir arzusu, hər bir istəyi təkcə maddi deyil, mənəvi dəyərə malikdir. Onların hər xahişi, hər sözü Vətən uğrunda canından keçənlərin müqəddəs xatirəsinə bağlıdır.

Biz də Zərdab rayon sakinləri olaraq, şəhid atasının sevincinə şərik olur, göstərilən diqqət və qayğıya görə cənab Vilayət Eyvazova və cənab Ramil Salayevə dərin minnətdarlığımızı bildiririk.

Saat24.Az Coşqun Abdullayev 

 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top