Fəzilət şairi XALİDƏ HİCRAN - VI HİSSƏ

Sadə xəbər
Mədəniyyət 15.05.2025 4667
I hissə + II hissə + III hissə + IV hissə + V hissə

Xalidə Hicran poeziyası bütövlükdə, əgər belə demək mümkündürsə, fəzilət mayasından yoğrulmuş və onun bütün sahələrini, o cümlədən, insaniyyət, müdriklik, səxavət, səbr, cəsarət, dəyanət və təmkinlik, xoş rəftar və.s. əhatə etmişdir. Dəqqətli oxucu Xalidə Hicran yaradıcılığı ilə yaxından tanış olduqdan sonra çox aydın şəkildə görəcək ki, burada hər ikisi – Xalidə Hicran poeziyası da, onun vəsf etdiyi fəzilət də öz nəzəri təfəkkürünü şifahi xalq yaradıcılığından, deyək ki, əfsanələrdən, rəvayətlərdən, dastanlardan, nağıllardan, atalar sözlərindən, mahnılardan və.s. almışdir. Məhz buna görə də mən tam əminliklə deyərdim ki, Xalidə Hicran yaradıcılığı bütövlükdə fəzilətdən ibarətdir. Əgər nəzərə alsaq ki, etik kateqoriyanın əsas vəzifəsi, filosofların fikrincə desək, bu “əxlaqi sərvətlərin – fəzilətin dərinliyini, qiymətliliyini, hamı üçün faydalı olmasının vacibliyini, zəruriliyini daha dürüst müəyyən etməkdən və əsaslandırmaqdan ibarətdir”, onda Xalidə Hicran yaradıcılığının necə böyük əhəmiyyət kəsb etdiyini, oxucularımız üçün necə faydalı olduğunu dərk etmək bir o bqədər də çətin olmaz. Onu da deyim ki, Misirin qədim mənbələrini tədqiq edən, öyrənən alimlərin qənaətinə görə həıə eramızdan əvvəl üç minilliklərdə qədim misirlilər dar gündə başqalarına kömək etməyi, xeyirxahlığı, mötədilliyi, əhdə vəfanı, doğruçuğluğu, hər cəhətdən saflığı, əməksevətrliyi əsil fəzilət adlandırmışlar. Dediyimiz bu əsaslara güvənərək bir daha o fikrimizin üstündə möhkəm dururuq ki, Xalidə Hicran poetikası , onun sevimli oxucularına təqdim etdiyi ədəbi incilər bütövlükdə fəzilətdən ibarətdir. Şair qələmə aldığı bütün janrlarda öz ənənəsinə sadiq qalır. “ Hikmət xəzinəsi” və “ Hicrannamə” kitablarını səhifələyən və diqqət yetirən hər bir oxucu bu həqiqəti çox aydın şəkildə görə bilər.

Aşağıdakı ədəbi nümunələrə diqqət yetirək:

Dünyanın mənasını görmə sən var- dövlətdə,
Pay ver, kimdə yoxdursa, qalmasa da səbətdə.

***

Əgər varsa ürəyin, o qəfəstək köksündə,
Ürəkdirsə, qoru sən, daş gəzdirmə köksündə.

***
Hər kəs olanından az saxlasaydı özündə,
Nəfs – həsəd olmazdı insanların gözündə.

***
Bu dünya müvəqqəti,aza vərdiş et qəti,
İlan- çayan yeyəcək topladığın o əti.

***
Ağıl ilə gəl yanaş,bu dünyanın özünə,
Sən nəfsini cilovla,imanı ver gözünə.

***
Əməlinlə bir olsun, dediyin hər sözün də,
Nəfsi- həsədi gəl sil, qalmasın heç gözündə.

***
Sən paxıllıqla getsən, gedəcəyin bir yolu,
Məqsədinə yetməsən, bil,qəlbin günah dolu.

***
Gözlər ürək aynası,qəlbdən ilham alası,
Düz yolda gedənin yox əndişə, bəlası.

Xalidə Hicran poetikasından çox aydın şəkildə hiss olunur ki, şair əxlaqi fəzilətlər içərisində əliaçıqlığa, səxavətə, comərdliyə daha çox üstünlük verir. Bu gözəl fəzilətlər insanın ucalığını, mənəvi zənginliyini, onun şəxsi ləyaqətini, daxili genşliyini, başqa insanlara olan həqiqi hörmətini ifadə edir. Yeri gələndə , ehtiyac yarananda var – dövlətin varlığından, çoxluğundan, aşıb – daşdığından deyil, əlində olanından, öz qismətindən “ səbətin dibində qalanından”pay vermək insanlığln ən nəcib xüsusiyyətlərindən biridir.Həmişə, hər zaman, hər yerdə insanların bir- birinin yardımına, köməyinə ehtiyacı var. Şair daha dərinlərə gedərək anladır ki, əgər insanların gözü tox, nəfsi az olarsa və bu müvəqqəti dünyada aza vərdiş edərsə, onda adamların gözündə nəfsi- həsəd olmazdı. Əxlaq nəzəriyyəçilərinin dediyi kimi yaxşılıq, xeyirxahlıq, əliaçıqlıq, səxavət və comərdlik başqa fəzilətlər kimi insanı özününn və başqalarının gözündə yüksəldən bir fəzilətdir. Bu fəzilətlər həmişə insan qəlbində sevinc, rəğbət, sevgi doğurmuş və onları şərəfləndirmişdir. Sədi Şirazi “Gülüstan” kitabındakı hekayətlərinin birində yazır “Bir gün bir filosofdan soruşurlar:

-Səxavət yaxşıdır, yoxsa şücaət?

Filosof cavab verir:

-Səxavəti olanın şücaətə nə ehtiyacı var?”

Xalidə Hicran bu şeirində səxavəti, xeyirxahlığı, yaxşılğı, əliaçıqlığı, comərdliyi, nəfsinə sahib olmaağı və s. ən yüksək əxlaqi keyfiyyət və insani dəyər kimi qiymətləndirmiş və ən yüksək səviyyəyə qaldırmışdır. Nəcəf bəy Vəzirov vaxtilə yazırdı: “...Səxavət, xeyirxahlıq, yaxşılıq, insaniyyət yoldaşdır: İnsaniyyətin nizamı səxavətdir, bəxşeyişdir. Millət yolunda vardan-yoxdan keçmək hər bir ibadətdən ucadır. Nəcabətə sübut səxavətdir, köməkdir, savayı bir qeyri-yüksək nemət dünyada yoxdur”.

Xalidə Hicran insana səxavət göstərmək, yaxşılıq etmək, bununla da ehtiyacını, sıxıntının səsini susdurmaq deyil, eyni zamanda bütün bunlarla yanaşı insanı öz ləyaqətini, öz gücünü, öz şərəfini dərk etməyə, həyat uğrunda, gözəl yaşamaq uğrunda əzmlə mübarizə aparmağa səsləyir, ağılla hərəkət etməyə çağırır. Xalidə Hicran 4- cildlik “Hikmət Xəzinəsi” kitabında yaxşılığı, səxavəti, comərtliyi, xeyirxahlığı böyük müdrikliklə qələmə almış və vurğulamışdır ki, sanki bu əxlaqi fəzilətlər Ulu Tanrı tərəfindən ən çox öz halal zəhmətilə, alın təri ilə yaşayan insanlara bəxş etmişdir. Kitablardakı şeirlərlə yaxından tanış olduqca oxucu çox gözəl dərk edir ki, əməyin, zəhmətin, fədəkarlığın, böyük tərbiyəvi gücünün, qüdrətinin təzahir formalarından biri də məhz budur. Bütün bu fəzilətlərin mənbəyi, əsası var-dövlət deyil, məhz insanların daxili, mənəvi zənginliyi və ürək genişliyidir. Ona görə də şair deyir ki, hətta səbətində bir şey qalmasa da ehtiyacı olanlardan payını əsirgəmə. Əsl fədəkarlıq çoxdan deyil, azdan verməyi bacarmaqdır. Bununla Xalidə Hicran insanları yalnız xəsislik azarından qurtarmır, eyni zamanda onlara öz tələbatlarını, istəklərini, arzularını düzgün müəyyənləşdirməkdə, ölçüb-biçməkdə kömək edir, doğru-düzgün yol göstərir.

Xalidə Hicran başqa bir şeirində yazır:

Küpün dopdoludur, qorxma azalar,
Versən olmayana, yenə də dolar.

***
Yanında əlinə varsa baxanın,
Sözünü yada sal göydən baxanın.

***
Dağ başı ulduza sanma əl çatsın
Əlinlə verdiyin səni ucaltsın

***
Burda nəyin varsa, yox olar bir gün,
Özün itirməmiş, fayda gör özün

***
Xəzinə var orda, aç qıfılları,
Ver dalda qalana, şad et onları.

***
Verdiyin hər tikə min qaytarcaq,
Hər yerdə hörmətin onla artacaq.

Xalidə Hicran əxlaqi fəzilətlər içərisində ən çox geniş yer verdiyi səbr, inam, dözüm, dəyanət və təmkinlikdir. Bu dəyərlər və keyfiyyətlər hər şeydən öncə insanın əzəmətini, böyüklüyünü göstərir. Filosoflar hesab edirlər ki, insan əsasən özünün üç başlıca düşməni – ölümə, yoxsulluğa və kədərə qarşı yalnız öz səbri, dözümü, cəsarəti, dəyanəti ilə mübarizə apara bilər. Bu fəzilətlər həm də insanın ağlının, kamilliyinin göstəricilərindən biridir. Xalidə Hicran öz şeirlərində kədərə, qəmə, qüssəyə dözmək dəyanət tələb etdiyini dönə-dönə vurğulayır, oxucularına poetik şəkildə başa salır, bu fəzilətlərdən bəhrələnməyə sövq edir. Dəyanətin təzahür formalarından olan səbr, təmkin və hövsələ haqqında, insanın yaşamaq ehtirasını artıran ümid haqqında daha çox şeir yazmışdır. İmkanımız daxilində biz onların bəzilərini incələmiş, öz fikir və mülahizələrimizi söyləmişik. Amma burda Xalidə Hicranı bir fəzilət şairi olaraq yaradıcılığına yanaşır və bu istiqamətdə düşüncələrimizi bölüşürük. Xalidə Hicranın səbri mənfiliyə doğru-yəni əlini yanına salıb fəaliyyətsizlik göstərmək, hər bir zülmə qatlaşmaq, iradəsizlik göstərmək, alçaltmaya, təhqirə dözmək,itaətkarlıq etmək, mənliyindən əl çəkmək və s. kimi deyil, baş vermiş hadisələri təmkinlə qəbul etmək, nəticələri qabaqcadan ölçüb-biçmək qabiliyyətini aşılamaqdır. Şair oxucularına çox böyük müdrikliklə səbrtin hadisələrə düşüncəli, şüurlu, ağıllı və təmkinli münasibətin ifadəsi olduğunu analdır və onları yalnız bu cür hərəkət etməyə, bu cür mövqe tutmağa çağırır. Beləliklə o, müəyyən çətinliklərə qatlaşaraq qarşıya qoyulan məqsədə hədəfə çatmaq üçün ən gözəl bir vasitə olduğunu diqqətə çatdırır.

Xalidə Hicran yazır:

Səbr edən insanı Allah çox sevər,
Səbri kəm insanı şeytan dost edər

***
Bizləri səbrə o etdirir hörmət
Səbrdən gələnə verdirir qiymət.

***
Səbrin faydasın gör gələn xeyirdən,
Xeyir gələr səbri yazan əmirdən.

***
Hər şeyin nizamı səbrdə ikən,
Nizamı pozmarıq səbr var ikən

***

Səbri tapıb yaşa, zərərə girmə,
Səbrlə düzələr, səbirsiz iş görmə.

***
Səbrlə taparsan itən açarı,
Taparsan hər bağlı qapı açanı

***
Zamanla düzələr səbrli işlər,
Səbrsiz işlərə zaman neyləyər?

Səbrli olmaq heç də asan məsələ deyil. “Səbrli ol deməklə hər insan heç də səbrli ola bilməz. Bu ilk növbədə insandan ağıl, həqiqətləri dərk etmək gücü, möhkəm iradə, dəyanət və dözüm tələb edir. Xalidə Hicran öz sevimli oxucularına anladır ki, səbr müəyyən çətinliklərə qatlaşaraq qarşıya qoyulan məqsədə çatmaq, istədiyinə qovuşmaq, nail olmaq əzmidir. Səbrli insanlar heç vaxt pis işlər görməz, yad meyillərə qoşulmaz, ruhu təmiz olar. Belə insanları Allah da sevər. Səbr hər şeyin mizanı, ölçüsüdür. Bütün bağlı qapıları yalnız səbrlə açmaq olar.Səbrin fəziləti rahatlıqdır. O, dərdi, qəmi, kədəri yumşaldır, ruhi sərinlik gətirir, xoş hisslər, duyğular yaradır, insanı düşdüyü ağır psixoloji vəziyyətdən qutarır. Uğrunda əzab-əziyyət çəkdiyi gələcək arzu və istəklərini çatdırır. Ən əsası dəhşətli kədər hissindən qoruyur. Böyük Platonun fikrincə isə kədər insanı ən yüksək, ən ülvi, ən ali nemət hesab olunan sağlıqdan, gözəllikdən məhrum edir. İnsan yazıq, üzgün, ruhi ölgün olur, mənəvi sarsıntılar içərisində boğulur, həyatdan əlini üzür, yaşamaq ehtirasını itirir. Ona görə də Xalidə Hicran “Səbrlə taparsan itən açarı”, “Zamanla düzələr səbrli işlər” deyə oxucularına səbrdən, səbrin fəzilətlərindən bəhrələnməyi tövsiyə edir.

Ardı var...

 

  •  
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top