Jalə Əliyeva: Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır

HADİSƏ 12.01.2023 1594

Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə dünyada və ölkə daxilində gedən proseslərə, 2022-ci ilin nəticələrinə və cari il üçün qarşıya qoyulmuş hədəflərə, məqsədlərə aydınlıq gətirdi. Müsahibənin ana xəttini Azərbaycan Respublikasının bütün sahələrdə - xüsusilə iqtisadi, sosial istiqamətlərdə yürütdüyü müstəqil siyasətin şərhi təşkil etdi, bu çərçivədə Azərbaycanın gücü və iradəsi bir daha diqqətə çatdırıldı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva söyləyib.

Deputat deyib: “Prezidentin söylədiyi kimi, İkinci Qarabağ müharibəsindən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Azərbaycanın dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınmasının təməlində sözsüz ki, həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Yəni, düz mütənasib olaraq hərbi gücümüz artdıqca, siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz də artır”.

J.Əliyeva qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə aparılan islahatlar sayəsində beynəlxalq böhranın ölkəmizə təsiri azaldılıb. Müharibədən təzə çıxmış, ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkəmizdə sosial sahəyə böyük vəsaitin ayrılması Azərbaycanın iqtisadi gücünü göstərir. Azərbaycan Qarabağda aparılan yenidənqurma işləri üçün heç bir ölkədən yardım almayıb, bütün yenidənqurma işlərini öz hesabına aparır. Əminliklə söyləmək olar ki, yaxın vaxtlarda o ərazilərə insanların köçürülməsi davam etdiriləcək və 2023-cü ildə Böyük Qayıdış prosesi daha da genişlənəcək.

“Prezident İlham Əliyev bu müsahibə ilə bir daha təsdiqlədi ki, qayıdış təkcə Qarabağla məhdudlaşmır, Qərbi azərbaycanlılar da öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır”, - deyə komitə sədri vurğulayıb.

Dövlətimizin başçısının Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklərin bizə təmin etdiyi çox böyük strateji üstünlüklərdən danışdığını vurğulayan deputat bildirib ki, Ermənistan üçün sülh müqaviləsinin imzalanması qaçılmazdır.

Dövlətimizin başçısının Zəngəzur dəhlizi ilə bağlı fikrinə də toxunan Jalə Əliyeva deyib: “Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının yaradılması - Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir. Bu, hazırda dövlətimizin qarşısında duran əsas vəzifələrdən biridir və Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu məqsədimizə də nail olacağıq”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top