
Bu gün Nizami Kino Mərkəzində "Doğma torpaq" tammetrajlı bədii filminin premyerası keçirilib.
Oxu.Az xəbər verir ki, filmin istehsalı Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi və "Narimanfilm" kinostudiyasına aiddir.
Quruluşçu rejissoru və ssenari müəllifi İlqar Safat və prodüseri Nəriman Məmmədov olan filmdə Azərbaycanın yaxın tarixinin üç önəmli mərhələsi işıqlandırılır: indiki Ermənistan ərazisində - tarixi Azərbaycan torpaqlarında yaşayan soydaşlarımızın öz doğma yurdlarından qovulması, I Qarabağ müharibəsi, xüsusən Xocalı soyqırımı və Ordumuzun 44 günlük Vətən müharibəsində şanlı Qələbəsi.
Filmdə hadisələr Azərbaycanın müstəqilliyini yeni bərpa etdiyi çətin və məsuliyyətli bir dövrü - 1992-ci ili əhatə edir. Ekran əsəri həm bədii-estetik dəyəri, həm də milli yaddaşın formalaşmasına verəcəyi töhfə baxımından əhəmiyyətli layihədir.
Ekran əsərinin çəkilişləri Qobustan, Quba, Bərdə, Zaqatala, Qax rayonlarında, Bakı və Şuşa şəhərlərində aparılıb.
Qeyd edək ki, "Narimanfilm"də istehsal edilən film 44 günlük Vətən müharibəsindən sonra Qarabağın azad olunan torpaqlarında, xüsusilə, Şuşada çəkilən ilk bədii ekran əsəridir.
Məhərrəm Əliyev