
İsrail ordusu gecə saatlarında İran ərazisindən İsrailə doğru iki mərhələdə təxminən 30 raketin buraxıldığını qeydə alıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Saat24.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin brifinq zamanı məlumat verib.
Defrin əlavə edib ki, raketlərin əksəriyyəti uğurla ələ keçirilib və nəticədə xəsarət alan olmayıb.
İsrail Ordusunun rəsmi nümayəndəsi Anna Ukolova isə öz növbəsində verdiyi açıqlamada İranın İsrailin hava məkanına nəzarəti ələ keçirdiyinə dair iddialarını təkzib edib.
"İran hələ öz hava məkanında üstünlük əldə edə bilməyib, o halda bizim - İsrailin hava məkanına necə nəzarət edə bilər?" - deyə Ukolova bildirib.
İsrail Hərbi Hava Qüvvələri İran ərazisindən buraxılmış yeddi pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
Saat24.Az xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat Xidməti məlumat yayıb.
"Cənubi Colan Təpələrində düşmən təyyarələrinin hava məkanına müdaxiləsi ilə bağlı xəbərdarlıqlar aktivləşdirildikdən sonra Hərbi Hava Qüvvələri İran ərazisindən buraxılmış yeddi PUA-nı ələ keçirib. Onlar İsrail sərhədini keçmədən əvvəl zərərsizləşdiriliblər", - deyə məlumatda bildirilir.
"Ötən cümə günü İsrailin İran ərazisinə endirdiyi zərbələrdən sonra Tehran İsrailə qarşı 400-dən çox raket və yüzlərlə pilotsuz uçuş aparatı (PUA) buraxıb".
Saat24.Az-ın verdiyi məlumata görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Bildirilir ki, bu raket və dron zərbələri ölkə ərazisində 40 hədəfə tuş gəlib. Nəticədə çoxsaylı dağıntılar qeydə alınıb və artıq vergi orqanlarına təxminən 19 minədək kompensasiya müraciəti daxil olub.
"İranın hücumları nəticəsində 24 nəfər həlak olub, 800-dən çox insan isə yaralanıb. Həmçinin 3 800-dən artıq sakin təhlükəsizlik səbəbilə evakuasiya edilib", - deyə məlumatda vurğulanıb.
Digər tərəfdən, İran rəsmilərinin açıqlamalarına əsasən, İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlar nəticəsində ölkə ərazisində azı 224 nəfər həyatını itirib.
İranın İsrail ərazisinə gecə ərzində endirdiyi raket zərbələri nəticəsində 90-dan çox yaralı xəstəxanalara yerləşdirilib.
Saat24.Az xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.
İsrailin şimalında hava həyəcanı xəbərdarlığı edilib.
Saat24.Az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) "X" sosial şəbəkəsində məlumat yayıb.
Xəbərdarlığın təfərrüatı açıqlanmayıb.
Hava həyəcanı elan edildikdən az sonra SAXAL şərqdən İsrailə nüfuz edən obyektin tutulduğunu açıqlayıb.