
Fövqəladə Hallar Nazirliyi Bakı-Quba yolunda baş verən qəza barədə məlumat yayıb.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şabran rayonunda (Bakı-Quba avtomobil yolunun 124-cü kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Shacman” markalı yük avtomobili yol kənarına aşıb, 1 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
13:24
Bakı-Quba yolunda yük maşını aşıb.
APA-nın məlumatına görə, 1963-cü il təvəllüdlü Rəfail Məmmədovun idarə etdiyi 99-XT-405 markalı yük maşını aşıb.
Qəza nəticəsində sürücü və maşında olan sərnişin xəsarət alıblar. Qəza səbəbindən Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Maşınlar Şabran rayonunun içərisindən keçərək yollarına davam edirlər.
Faktla bağlı araşdırma aparılır.


