
Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada və xuliqanlıqda təqsirləndirilən Oqtay Məcidovun (soyadı şərti) barəsindəki hökmdən verilən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Oxu.Az Pravda.az-ə istinadən xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Dövlət apellyasiya protesti təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü apellyasiya protestinə münasibətdə ləğv olunub. Onun 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 8 il 6 aya qaldırılıb.
İttihama görə, hadisə 9 mart 2024-ci il tarixdə, saat 18:30-da paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb. Belə ki, həmin ərazidə yaşayan zərərçəkmişlər - Aydın Hacıyev və onun dostu Taleh Məmmədov (hər ikisinin soyadları şərti) Oqtay Məcidova yaxınlaşıblar. Onlar təqsirləndirilən şəxsdən həmin ünvana gəlməsinin səbəbini soruşublar. Bu zaman Oqtay Məcidov üzərindəki bıçaqla Aydın və Talehi bıçaqlayaraq onlara xəsarət yetirib.
Hadisədən sonra Oqtay Məcidov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.