"Qonşu Rusiya və Türkiyənin milli valyutaları dollara nisbətən dəyər itirməkdədir. Dollara nisbətdə rubl yeni psixoloji həddə yaxınlaşmaqdadır".
"Saat24.az" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, ABŞ puluna nisbətən Rusiya valyutasının tezliklə üçrəqəmli həddədək ucuzlaşacağı istisna deyil:
"Artıq Rusiyada 1 dollar almaq üçün 97 rubl ödəmək lazımdır. Son 1 ayda rubl 8.0 faiz dəyər itirib. Türkiyədə lirə də yeni psixoloji həddə yaxınlaşır. Hazırda 1 dollar 27 lirə ilə dəyişdirilir. Ankaranın yeni iqtisadi siyasətinə rəğmən, milli valyutanın ucuzlaşmasının qarşısını almaq mümkün deyil. Əslində, qısa müddətli dövrdə buna nail olmağın mümkünsüzlüyü öncədən bəlli idi. Hər iki valyutaya təzyiqlər davam edir. Türkiyədə məzənnənin sadəcə orta müddətli dövrdə stabilləşəcəyi gözlənilir. Sanksiyalar isə rublu sıxmaqdadır. Bu baxımdan, Rusiya iqtisadiyyatı ilə bağlı pozitiv olmayan proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür".
Deputat qeyd edib ki, sözügedən ölkələr Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Onun sözlərinə görə, Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyordur:
"Türkiyə Azərbaycanın ümumi ticarət dövriyyəsində və eləcə də qeyri-neft ixracatında ikinci ən böyük tərəfdaşdır. Qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə, xatırlatmaq lazımdır ki, kursun müyyənləşməsində əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Amma xarici tərəfdaşlarımızda milli valyutaların məzənnələri əslində iqtisadi faktorlardan biridir. Əsas ticarət tərəfdaşlarımızda valyutaların dəyərsizləşməsi manatın nominal effektiv məzənnəsini möhkəmləndirir. Bu isə qeyri-neft ixracatına təsirsiz ötüşməyə bilər.
Azərbaycanda hələ ki, məzənnə rejiminə keçilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də bu il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".