Moldova neytral statusunu dəyişmək istəyir - Rusiyanın cavabı nə olacaq?

DÜNYA 18.12.2022 1178

Dnestryanı ərazisində Rusiya Qüvvələrinin Əməliyyat Qrupu yerləşdirilib. Moldova prezidenti Mayya Sandu rus sülhməramlılarının oradan çıxarılmasını istəyir, amma buna nail ola bilmir. Sülhməramlıların gətirilməsi ilə Dnestryanıda silahlı münaqişə dayansa da, Kreml tərəfindən dəstəklənən separatçı qurum bölgəyə nəzarəti həyata keçirir.

“Kaspi” qəzeti mövzunu inkişaf etdirərək yazır:

Moldova Rusiyanın Ukraynaya təcavüzünün ilk günlərində həddindən artıq ehtiyatlı davranmağa çalışdı. Lakin sonradan ölkənin münaqişəyə cəlb olunmaq təhlükəsi artdı. Moldovada düşünürlər ki, Ukraynadan sonra növbə onlarındır. Çünki Kreml Moldovanın da NATO və Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirmək xətti götürməsi ilə barışmır.

Belə bir durumda Moldovanın sağ qalmaq üçün yeganə xilas yolu Avropa İttifaqına və daha sonra NATO-ya üzv olmaqdan keçir. Prezident Mayya Sandu bunun iqtisadi inkişaf üçün də daha yaxşı imkanlar yaradacağını və ölkəni daha təhlükəsiz edəcəyini düşünür.

Rusiya da əlini yanına salıb oturmaq fikrində deyil. Moskva separatçı Dnestryanı bölgədə ara qarışdırmaqdan, ölkədəki ruspərəst qüvvələri qızışdırmaqdan tutmuş, qaz şantajına kimi ən müxtəlif planları işə salır. Hazırda Moldovaya birbaşa hərbi müdaxilə təhlükəsi olmasa da, Rusiya “hibrid hücumlar” həyata keçirmək cəhdlərini dayandırmır. Enerji təchizatından da hibrid müharibənin tərkib hissəsi kimi istifadə edir. Məsələn, "Qazprom" bağlanmış müqaviləyə fikir vermədən Moldovaya qaz tədarükünü 60 faiz məhdudlaşdırıb. Başqa sözlə desək, Kreml Moldovanı qazla imtahana çəkir. Bununla da ölkədaxili vəziyyətin gərginləşməsinə çalışır. Belə ki, Kişinyovda və separatçı Dnestryanı bölgəsində Qərblə inteqrasiya əleyhdarı olan qüvvələr aktivləşib.

Yeri gəlmişkən, Moldova parlamenti Rusiyanı terrorizmin himayədarı olan dövlət kimi tanınması ilə bağlı qətnaməyə də baxacaq. Artıq hakim Fəaliyyət və Həmrəylik Partiyasının lideri İqor Qrosu Avropa Parlamentinin Rusiyanı terrorizmin himayədarı dövlət kimi tanıyan qətnaməsini dəstəkləmək qərarına gəlib.

Neytral ölkə statusları olsa da, silahlanırlar

Dərhal da Rusiya mediası və Moldovadakı ruspərəst media yeni kampaniyaya start verib. Onlar bir ağızdan iddia edirlər ki, “düşmənləri” olmayan, başqa dövlətin açıq-aşkar hücum təhdidi almayan ölkə niyə silahlanmalıdır? Onları narahat edən budur ki, Moldova Müdafiə Nazirliyi 2023-cü il üçün büdcəsini artırıb. Bildirilir ki, gələn il ölkənin müdafiə büdcəsinin 340 mln. dollar artırılması planlaşdırılır. Bu da Moldova üçün böyük rəqəmdir. Avropa İttifaqı da Moldovaya silahlanma üçün 40 milyon avro ayırıb. Müdafiə Nazirliyinin məlumatına görə, hazırda onların büdcəsi ÜDM-in 0,38 faizini təşkil edir. Media müdafiə üçün dövlət büdcəsindən ayırmaların 50 faiz artırılması ilə bağlı xəbərlərə belə reaksiya verib: “Moldova mümkün hərbi əməliyyatlara fəal şəkildə hazırlaşır”. Rus jurnalistlər iddia edirlər ki, “Moldova hakimiyyəti bu prosesdə açıq şəkildə xaricdən idarə olunur”. Onlar xatırladırlar ki, Konstitusiyaya görə, Moldova neytral ölkədir.

Moldovada “ikinci cəbhə” açılır?

Yerli ruspərəst “Moldavskie vedomosti” qəzeti Moldovanın hərbiləşdirilməsini Rusiyaya qarşı mümkün “ikinci cəbhə”nin açılması ilə əlaqələndirir. Qəzet qeyd edir ki, Moldova ilə Dnestryanı arasında silahlı münaqişə mümkündür. “İndi Rumıniya Moldovanı aktiv şəkildə silah və sursatla təmin edir. Sosial şəbəkələrdə ABŞ-ın Rumıniya ərazisindən hərbi texnika daşıdığını əks etdirən videolar görünür. Moldova Rusiyanın diqqətini yayındırmaq üçün təlim meydançası kimi istifadə olunacaq marionet dövlət kimi qiymətləndirilir. Cənubi Osetiyadakı müharibədən əvvəl aktiv şəkildə silahlanmış Gürcüstanda da məhz eyni proseslər baş verirdi. Sonra Ukrayna var idi. İndi də növbə Moldovadadır”, - deyə qəzet yazır.

Qeyd edək ki, Dnestryanı ərazisində Rusiya Qüvvələrinin Əməliyyat Qrupu (OQRF) yerləşdirilib. Moldova prezidenti Mayya Sandu rus sülhməramlılarının oradan çıxarılmasını istəyir. Sülhməramlıların gətirilməsi ilə Dnestryanıda silahlı münaqişə dayansa da, Kreml tərəfindən dəstəklənən separatçı qurum bölgəyə nəzarəti həyata keçirir.

Moldova neytral qalsın?

Prezident Mayya Sandu hesab edir ki, ölkəni qorumaq lazımdır və neytrallıq statusu onlara kömək etməyəcək. Amma Beynəlxalq Respublikaçılar İnstitutunun (IRİ) keçirdiyi sorğuya əsasən, Moldova vətəndaşlarının təxminən 60 faizi neytrallığı ölkənin təhlükəsizliyi üçün ən yaxşı təminat hesab edir. Respondentlərin 9 faizi Avropa İttifaqını, 8 faizi Rusiyanı, 7 faizi NATO-nu və 4 faizi ordunu təhlükəsizlik üçün təminat kimi görür. 61 faiz hesab edir ki, Rusiyanın yaxın 12 ay ərzində Moldovaya hücum etmək ehtimalı azdır, 33 faizi isə fərqli fikirdədir. Əgər NATO-ya üzv olmaq üçün referendum keçirilsə, respondentlərin 48 faizi qərarın “lehinə”, 23 faizi “əleyhinə” olacağını, 13 faizi isə səsverməyə getməyəcəyini deyib. Vətəndaşların 64 faizi Moldovada hər şeyin idarə olunduğuna inanır. Sorğu göstərir ki, hakimiyyətlə vətəndaşların prioritetləri üst-üstə düşmür. 

Aİ-yə üzvlük perspektivi qalırmı?

Aİ-nin mövqeyinə gəldikdə, müşahidəçilər hesab edir ki, avropalıların əsas məqsədi Moldova vasitəsilə anti-Rusiya cəbhəsini genişləndirməkdir. Bu səbəbdən də hesab edilir ki, Moldova 2023-cü ilin yazında Aİ-yə üzvlük danışıqlarına başlaya bilər.

Hazırda Moldova üçün əsas hədəf isə Dnestryanı bölgədən rus qoşunlarının çıxarılmasıdır. Artıq 30 ildir ki, onlar orda “sülhməramlı” adı altında fəaliyyət göstərirlər. Dnestryanı adlanan qondarma bir qurum da qurublar. Sirr deyil ki, Ukraynadakı müharibə və onun gedişi rəsmi Kişinyovu müəyyən mənada cəsarətləndirib və onlar rus qoşunlarının bölgədən çıxarılmasında israrlı görünürlər. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top