
Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Daxili İşlər Nazirliyi (DİN) Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu dairə seçki komissiyasının katibi Qoşqar Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Oxu.Az-ın məlumatına görə, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə baş tutub.
Zərərçəkən Qurban Piriyev vəkillərin suallarını cavablandıraraq təqsirləndirilənlərə verdiyi pulu hər hansı bir vəzifəyə təyin olunmaq üçün yox, Abşeron rayonunun ərazisində müəyyən bir biznes qurmaq məqsədilə verib.
"Mən xaricdə olduğum üçün gəlib Azərbaycanda hər hansı bir biznes qurmaq fikrinə düşdüm. Mərhum Cəmilə xanımın vasitəsilə Şurabad qəsəbəsi ərazisində böyük bir ərazinin müəyyən bir hissəsini alaraq təsərrüfat qurmaq üçün pul verdim. Sonradan məsələ başqa yerə istiqamətlənərək əraziyə heç baxa bilmədim. Pullarım da mənimsənildi".
Cinayət işində adı hallanan mərhum Cəmilə adlı xanımın oğlu Natiq Xəlilov şahid kimi ifadəsində qeyd edib ki, o, Qurban Piriyevi mərhum anasının vasitəsilə tanıyıb.
"Mən rayonda yaşayıram. Anamdan eşitmişdim ki, Qurban Piriyev adlı şəxs hər hansı bir vəzifəyə təyin olunmaq istəyir. Buna görə də aralarında müəyyən söz-söhbətlər gedirdi. Məsələnin digər tərəflərindən isə xəbərim olmayıb".
Mayın 13-də keçiriləcək növbəti proses digər şahidlərin ifadələri ilə davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.
Məlumat üçün bildirək ki, iş üzrə təqsirləndirilən Rasim İldırımzadə Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə və ləğv olunmuş "Amrahbank"ın təsisçisi Yunus İldırımzadənin qardaşıdır.
Digər təqsirləndirilən Zaur Mirzəzadə isə həm də "bakutime.az", "xalq.az" adlı saytların rəhbəridir.
İttihama görə, təqsirləndirilən şəxslər Qurban Piriyevə Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunacağını bildiriblər. Rasim İldırımzadə qrupun digər üzvü Qoşqar Məmmədovu yalandan Prezident Administrasiyasında işləyən yüksəkvəzifəli şəxs kimi təqdim edib, onun bütün məsələləri həll edəcəyini deyib. Zaur Mirzəzadəni isə sözügedən yerdə guya Nihat adlı mötəbər vəzifədə çalışan şəxs kimi təqdim edib.
Qurban Piriyev icra başçısı keçmək üçün Rasim İldırımzadənin adamlarına bir neçə dəfəyə 510 min manat pul və 34 min manatlıq qızıl-zinət əşyaları verib.
Daha sonra Qurban Piriyev hüquq-mühafizə orqanlarına şikayət edib. İlkin istintaq dövründə ona dəymiş ziyanın bir qismi ödənilib.
544 min manat ziyanın 85 min manatını Rasim İldırımzadə, 20 min manatını isə digər təqsirləndirilən Zaur Mirzəzadə və Qoşqar Məmmədov qaytarıblar.
Onu da qeyd edək ki, təqsirləndirilənlər barədə daha öncə həbs olmayan qətimkan tədbiri seçilsə də, məlum cinayət isinin məhkəmə istintaqı dövründə təqsirləndirilən Qoşqar Məmmədov barəsində digər cinayət işi ortaya çıxdığından onun barəsində həbs qətimkan tədbiri seçilib.
Elgün Həsənli