
Apellyasiya Məhkəməsi Ermənistanın üçüncü prezidenti Serj Sarkqyana bəraət hökmünü ləğv edib və "dizel işi"nin yenidən araşdırılmasına qərar verib. Onun və digərlərinin işi yenidən baxılması üçün göndərilib.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğundan məlumat verilib.
Məlumata görə, Korrupsiyaya Qarşı Mübarizə Apellyasiya Məhkəməsi prokurorluğun şikayətini təmin edib və "dizel işi" üzrə ümumi yurisdiksiya məhkəməsinin bəraət hökmünü ləğv edib.
Xatırladaq ki, 2024-cü il mayın 31-də Serj Sarqsyan "dizel işi"ndə cinayətin sübutunun olmaması səbəbindən bəraət alıb. Məhkəmə həmçinin digər təqsirləndirilən şəxslərə - "Fleş" şirkətinin sahibi Barseq Beqlaryan və 2013-cü ildə Kənd Təsərrüfatı Nazirliyində bitkiçilik şöbəsinə rəhbərlik etmiş Qevork Arutyunyana da bəraət verib.
Qeyd edək ki, Serj Sarqsyan neft məhsulları idxalçısı olan "Fleş" şirkətinə 2013-cü ildə fermerlərə subsidiyalaşdırılmış dizel yanacağı tədarükü üzrə tenderdə qalib gəlməyə kömək etməkdə ittiham olunurdu. Eyni zamanda, "Fleş" rəqiblərindən bir milyon dollar baha qiymət təklif edib, amma yenə də müqaviləni əldə edib.
Həmçinin 2025-ci ilin martında Sarqsyana qarşı torpaq sahələrinin qanunsuz özgəninkiləşdirilməsi ilə bağlı yeni ittihamlar da irəli sürülüb.