Konstantin Kuçer məhkəməyə "sirk" dediyi üçün ona xəbərdarlıq edildi: "Oleq Bakinski"nin cinayət işi

Sadə xəbər
Kriminal 18.04.2025 3257

Əliyev vəsatət verərək bildirib ki, tərəflər arasında borcun ödənilməsi ilə əlaqədar danışıqlar gedir:

"Əgər danışıqlar uğurla keçərsə, barışıq əldə olunacaq. Barışıq üçün deyilən 2 milyon 700 min avronun bir hissəsi müəyyən işlərdə müqavilə üzrə icra edilib. Qalan şirkətlərə borc isə 1 milyon 200 min avroya yaxındır. Həmin borcu da Əmanətlərin Sığortalanması Fondu Konstantin Kuçerin ləğv edilmiş "Günay Bank"da olan batmış pulunu verərək qarşılayır. Lakin qarşı tərəf bunu qəbul etmir. Ümumilikdə müqavilə üzrə 10 hissədən 6-sı icra olunub. Qalan 4 hissə Rusiyada müharibə ilə əlaqədar yaranan məhdudiyyətlər və bankın bağlanmasına görə meydana gəlib. Ortada dələduzluq faktı yoxdur. Məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş edirəm. "Aviazapchast" ASC, "Promyshlennye Postavki və "AeroDesign" ilə "Global Force" şirkəti arasında aparılmış maliyyə əməliyyatlar məhkəməyə təqdim edilsin".

Dövlət ittihamçısı bildirib ki, təqdim olunmuş vəsatətdə göstərilənlərin cinayət işi ilə əlaqəsi yoxdur, ona görə vəsatətin əsassız olmasını düşünür və təmin olunmamasını təklif edir.

Təqsirləndirilən Konstantin Kuçerə isə məhkəməyə "sirk" dediyi üçün xəbərdarlıq olunub. O bildirib ki, zərərçəkənlə ortaq məxrəcə gəlməyə çalışsa da, qarşı tərəflə anlaşa bilməyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti proses aprelin 25-nə təyin edilib.

Qeyd edək ki, "Oleq Bakinski" ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.

Cinayət işi üzrə "Oleq Bakinski" ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir.

Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top