
"Sumqayıt" Mənzil-Tikinti Kooperativi (MTK) Sumqayıt şəhəri, 14-cü məhəllədəki ağacların bəzilərini kəsib, digərlərini isə kökündən çıxarıb.
Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları gələrək yaşıllığın tamamilə məhv edilməsinin qarşısını alıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən baş verənlərlə bağlı araşdırma aparıldığı deyilib.
Günün ikinci yarısında 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Asif Məcidov bildirib ki, 4 aprel 2025-ci il tarixində aparılan araşdırma zamanı sözügedən ərazidə "Sumqayıt" MTK tərəfindən ərazi hasara alınarkən iki ağacın kəsildiyi və təbiətə 1080 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib. MTK-nın hüquqi şəxs qismində cərimələnməsi məqsədilə toplanmış materiallar Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.
"Yenidən əraziyə keçirilən baxış zamanı xeyli sayda ağacın kökündən çıxarıldığı aşkar olunub. Araşdırma zamanı ağacların Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyi olmadan MTK-nın əməkdaşları tərəfindən çıxarıldığı müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Çıxarılan ağacların yerində 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı və dəstəyi ilə yenidən ağaclar əkilib. Eyni zamanda, yaşıllıqların mühafizəsi və onlara aqrotexniki xidmət göstərilməsi məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə məktub ünvanlanıb", - deyə Asif Məcidov bildirib.



