
Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi 1875-ci ildə “Əkinçi” qəzetini nəşr etməkdə başlıca məqsədi cəmiyyətə xidmət edən, maarifləndirici və milli düşüncəyə söykənən bir mətbuat yaratmaq idi. Bununla da o, ölkədə maarifçi milli mətbuat tarixinin əsasını qoydu.
Zərdabinin reallaşdırmaq istədiyi ideyalar dövrümüzdə də aktuallığını qorumaqda və dövlətimizin media siyasətində öz əksini tapmaqdadır. Prezident İlham Əliyevin mətbuata verdiyi davamlı dəstək, Zərdabi irsini yaşatmaqla bərabər, müasir medianın inkişafı üçün də yeni imkanlar yaradır. Bu gün ölkədə həyata keçirilən media islahatları, Həsən bəyin “Xalq üçün, xalqla birlikdə” prinsipinə əsaslanan maarifçi ruhunun davamı kimi çıxış edir. Bu yanaşma yalnız maddi-texniki və sosial dəstəklə məhdudlaşmır, həm də milli-mənəvi irsə sədaqətin ifadəsidir.
Dövlətimizin başçısı İlham Əliyev uzun illərdir ki, ölkədə informasiya cəmiyyətinin inkişafına, medianın müasir tələblərə uyğunlaşdırılmasına və jurnalistlərin sosial rifahının yaxşılaşdırılmasına xüsusi önəm verir. Dövlət başçısının mətbuata güclü dəstəyi həm qanunvericilik təşəbbüslərində, həm də konkret sosial layihələrdə öz əksini tapır.
Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkədə bir sıra mühüm dövlət proqramları qəbul edilmişdir. Bu proqramların əsas məqsədi media sahəsində şəffaflığın, peşəkarlığın və texnoloji yeniliklərin təşviq olunmasıdır. 2008-ci ildən fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu istiqamətdə mühüm rol oynamışdır. Fond vasitəsilə jurnalistlər üçün təlimlər, təqaüdlər və digər maddi dəstək proqramları həyata keçirilmişdir.
Prezident İlham Əliyevin jurnalistlərə göstərdiyi sosial qayğının bariz nümunələrindən biri kimi jurnalistlər üçün inşa edilən yaşayış binaları qeyd oluna bilər. Onlarla jurnalistə dövlət tərəfindən mənzil verilməsi bu peşə sahiblərinin sosial təminatının gücləndirilməsinə və medianın ictimai nüfuzunun artırılmasına xidmət edir.
Cənab İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, söz və ifadə azadlığı Azərbaycanın dövlət siyasətinin əsas prinsiplərindən biridir. Hazırda ölkədə yüzlərlə mətbuat orqanı sərbəst fəaliyyət göstərir. İlham Əliyev medianın cəmiyyət üçün tənqidi gücə sahib olmasının vacibliyini qeyd edərək, jurnalistikanın azad, lakin məsuliyyətli olmasının tərəfdarıdır.
Son illərdə isə Prezidentin təşəbbüsü ilə rəqəmsal medianın inkişafı xüsusi diqqət mərkəzinə çevrilmişdir. Elektron mediaya dair hüquqi bazanın yaradılması, internet resurslarının qeydiyyata alınması və texniki imkanların artırılması bu istiqamətdə atılan uğurlu addımlardandır.
Nəticə etibarilə, Prezident İlham Əliyevin mətbuat sahəsinə verdiyi sistemli və ardıcıl dəstək, Azərbaycanda həm müasir informasiya cəmiyyətinin qurulmasına, həm də söz və ifadə azadlığının təmininə xidmət edir. Həyata keçirilən islahatlar, medianın peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, jurnalistlərin sosial rifahının yaxşılaşdırılmasına və milli-mənəvi dəyərlərə söykənən informasiya məkanının formalaşmasına yönəlib.
Bu siyasət, ulu öndər Heydər Əliyevin mətbuat haqqında söylədiyi bu dərinmənalı fikrin müasir davamı kimi qiymətləndirilə bilər: “Mətbuat cəmiyyətin güzgüsüdür. Mətbuat cəmiyyətdə baş verən hadisələri obyektiv şəkildə işıqlandırmalı, xalqla dövlət arasında körpü olmalıdır”.
Bu fikirlər bu gün də Azərbaycan media siyasətinin ideoloji əsasını təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu davamlı siyasət, Həsən bəy Zərdabidən başlayan maarifçilik yolunun, Heydər Əliyevin müdrik dövlətçilik strategiyası ilə uzlaşaraq, gələcəyə doğru inamla irəlilədiyini sübut edir.
Ramil MEHDİYEV,
Dövlət İdarəçilik Akademiyasının tələbəsi
