“İlham Əliyevin konseptual baxışları ümumtürk tarixi ilə bağlı görülən işlərin bir detalıdır” - RƏY + FOTO

GÜNDƏM 29.12.2022 2416

“Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşü, çıxışları, konseptual baxışları ümumtürk tarixi ilə bağlı görülən işlərin bir detalıdır”.

Bunu “Report”a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasının açılışında iştirak etməklə növbəti dəfə öz ənənəsinə sadiqliyini nümayiş etdirdi - Azərbaycan xalqına növbəti böyük bir hədiyyəsini təqdim etdi:

“Prezident İlham Əliyev daha qüdrətli Azərbaycanla, ümumtürk coğrafiyası ilə bağlı tarixi yaddaşın bərpası istiqamətində çox böyük işlər görüb və görməkdə davam edir. Qərbi Azərbaycan İcmasının bir qrup nümayəndəsi ilə görüş dövlət başçısının gördüyü və görəcəyi işlərin bir qolu, həlqəsidir”.

Türk coğrafiyasının, Azərbaycan torpaqlarının necə işğal edildiyinin bəlli olduğunu deyən baş redaktor bildirib ki, ermənilər əvvəlcə bir ərazini hədəf seçir, sonra onun ətrafında tarixi saxtalaşdırmaqla, etnonimləri erməniləşdirməklə məşğul olurlar:

“Üçüncü mərhələdə isə tarixi yaddaşımızı, etno-yaddaşımızı bloklayırlar ki, biz bu barədə ümumiyyətlə düşünməyək. Ayrı-ayrı mövzularla başımızı qatmağa cəhd edirlər. İlham Əliyev bizim tarixi yaddaşımızı bərpa edir. Hesab edirəm ki, bu sahədə böyük işlər görülüb. 44 günlük Vətən müharibəsində həm də ona görə qalib gələ bildik ki, son yüz ildə, bəlkə iki yüz ildə Azərbaycan xalqının tarixi yaddaşı indiki kimi canlı, ayaqüstə, təzə olmayıb. Tarixi yaddaşın güclü olması torpaqlarımıza qayıdışa start verilməsi deməkdir. Əminik ki, bu, reallaşacaq”.

Qərbi Azərbaycan İcmasının binasının açılışı siyasi, tarixi və rəmzi məna daşıyır. Bu binanın əvvəllər Qarabağın Azərbaycanlı İcmasına məxsus olması xüsusi əhəmiyyətə malikdir. 2010-cu il 6 iyul tarixində Prezident İlham Əliyev Qarabağın Azərbaycanlı icmasının mənzil-qərərgahının açılışında bildirmişdi: “Bu, sizin üçün müvəqqəti bir qərargahdır. Torpaqlarımız işğalçılardan azad olunandan sonra sizin üçün yeni gözəl binalar Qarabağda tikiləcəkdir. Mən buna şübhə etmirəm və tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bu ədalətsizliyə son qoyulacaqdır. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaqdır”. Bugünkü reallıq Prezidentin sözlərinin həqiqətə çevrildiyini göstərir”.

O söyləyib ki, dövlət başçısı 50 yaşında Ağcabədidə Şuşadan danışırdı:

“Deyirdi ki, xalqımız mütləq öz torpaqlarına qayıdacaq. 60 yaşında Şuşada, Cıdır düzündə Meğri, Göyçə, İrəvanın bizim dədə-baba torpaqlarımız olduğunu xatırlatdı. Türk Dövlətləri Təşkilatının sammitində dövlət başçısı İran azərbaycanlılarının hüquqlarından danışdı. Məsələyə o qədər peşəkarcasına izah verdi ki, buna hansısa siyasi irad bildirmək mümkün deyildi. Prezident bəyan etdi ki, İran azərbaycanlılarının əsas problemi dillə bağlıdır və bu, bizi narahat edir. Çünki dili tədrisdən, məktəbdən uzaqda saxladıqda dil ədəbi komponentlərini itirir və məişət səviyyəsinə düşür. Məişət səviyyəsinə düşmüş dil məhvolma ilə üzləşir. Bu, peşəkarcasına biz izahdır. Prezident Qərbi Azərbaycanla bağlı vurğuladı ki, hər bir insanın öz dədə-baba yurdunu, əcdadlarının məzarını ziyarət etməsi onun fundamental haqqıdır. Dünya da bu haqqı tanımalıdır. Buna qarşı hansısa siyasi iddia və yaxud bəhanə irəli sürmək qeyri-mümkündür.

Cənab Prezident dedi ki, bizə əminlik verən tarixi yaddaşımızın güclü olmasıdır. Həmçinin geosiyasət bizim tərəfimizdədir. Biz İkinci Qarabağ müharibəsində təkcə erməniləri məğlub etmədik, həm də geosiyasəti udduq. Ermənilər isə geosiyasəti uduzublar, geosiyasi dalana çevriliblər. Postmüharibə dövrünün ən dəqiq mənzərəsini cənab İlham Əliyev təsvir edib, deyib ki, ayağımızın altındadırlar. Onlar sözün həqiqi mənasında, həm demoqrafik, həm iqtisadi, həm də coğrafi baxımdan ayaqlarımızın altındadırlar. Ermənilərin müəyyən aktivlik göstərməsini də ayağımıza dolaşma cəhdi kimi dəyərləndirirəm. İnanıram ki, biz bu mərhələni də çox böyük uğurla arxada qoyacağıq”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top