Ağac kəsdiyi iddia edilən tikinti şirkəti ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

GÜNDƏM 22.12.2022 1527

Nizami rayonu, Özbəkistan küçəsi 6 ünvanında yaşıllıq ərazinin məhv edildiyi iddia olunur.

Bu barədə Oxu.Az-ın redaksiyasına ərazidə yaşayan vətəndaşlar tərəfindən şikayət daxil olub.

Şikayətdə iddia edilir ki, ərazidə ağaclar kəsilib və yerində “Teymuroğlu Construction” MTK  şirkəti tikinti işləri aparır.

Sakinlər həm də gecə saatlarında işləyən yük maşınlarının səsindən, ümumiyyətlə, gecə saatlarına qədər davam edən iş prosesindən şikayətçidirlər. 

Mövzu ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyəti, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. 

Nizami Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Özbəkistan küçəsi 6 ünvanında yerləşən ərazi “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış”a əsasən, vətəndaşın şəxsi mülkiyyətində və istifadəsindədir:

“Qeyd edək ki, bir qrup sakinin şikayətinə əsasən ərazidə monitorinq keçirilib, lakin ağacların kəsilməsi faktı aşkar edilməyib. Buna baxmayaraq, aidiyyəti qurum tərəfindən ərazidə mövcud olan ağacların qorunub-saxlanılması tələbi “Teymuroğlu Construction” MMC-nin nümayəndəsinin diqqətinə çatdırılıb”.

Eyni zamanda RİH-in məlumatında qeyd olunur ki, MMC nümayəndəsi ərazidə gecə saatlarına qədər davam edən iş prosesinə də münasibət bildirib:

“İş prosesinin gecə saatlarına qədər uzanması 27 oktyabr tarixindən kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin şəhərdaxili hərəkətinin səhər saat 07:00-dan axşam 22:00-dək qadağan edilməsi ilə əlaqədardır”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən gələn cavabda Nizami rayonu, Azər Manafov küçəsində (Özbəkistan küçəsinə paralel - red.) ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayətin araşdırıldığı qeyd olunub. 

Xidmət rəsmisi Vaqif Cavadov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, araşdırma zamanı sözügedən ünvanda “Teymuroğlu Construction” MTK tərəfindən tikinti işlərinin aparıldığı, lakin ərazidə ağac kəsintisi faktının olmadığı müəyyən edilib:

“Ərazidəki ağaclar qeydiyyata alınaraq qorunub-saxlanılması məqsədilə MTK-nın rəhbərliyinə təhvil verilib”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top