Jurnalistikanın Səssiz Mübarizəsi: Ədalətli Qiymətləndirməyə Çağırış

Manşet
CƏMİYYƏT 18.07.2025 3940
Açıq məktub !

Azərbaycan Respublikası Prezidentinin köməkçisi,
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
cənab Hikmət Hacıyevə


Hörmətli Hikmət müəllim!

İlk öncə nəzərinizə çatdırmaq istəyirəm ki, biz – media subyekti olaraq ölkəmizdə informasiya cəmiyyətinin möhkəmləndirilməsi, ictimai maraqların qorunması və vətəndaşların dolğun məlumatlandırılması istiqamətində uzun müddətdir fədakarcasına fəaliyyət göstəririk. Etibarlı, obyektiv və şəffaf jurnalistikanın prinsiplərinə sadiq qalaraq, dövlətimizin informasiya siyasətinə dəstək olmaq niyyəti ilə fəaliyyət göstəririk.

Qanunvericiliyin tələblərinə tam şəkildə əməl edərək, Media Reyestrində qeydiyyatdan keçmək məqsədilə Media İnkişaf Agentliyinə iki dəfə ardıcıl olaraq rəsmi müraciət etmişik. Hər iki müraciətimiz əsassız şəkildə rədd olunmuşdur. Nəzərə almaq lazımdır ki, biz hər müraciət zamanı qanunla müəyyən edilmiş bütün meyarlara, o cümlədən gündəlik minimum 20 xəbər (özəl informasiya) dərc etmək tələbinə riayət etmişik. Hətta bu norma müəyyən hallarda aşılaraq, gün ərzində 45-50 xəbər xarakterli informasiya ilə auditoriyanı məlumatlandırmışıq.

Müraciətlərimizin nəticəsiz qalmasından sonra biz məsələ ilə bağlı Milli Məclisin deputatı, hörmətli Ceyhun Məmmədova üz tutaraq dəstək istəmişik. O da öz növbəsində bildirərək Media İnkişaf Agentliyinin direktoru cənab Əhməd İsmayılovla əlaqə yaradacağını və məsələyə aydınlıq gətirməyə çalışacağını bildirmişdir. Lakin təəssüflə qeyd etməliyik ki, nə Əhməd İsmayılovla, nə də aidiyyəti şöbə rəhbərləri ilə birbaşa görüşmək cəhdlərimiz nəticə verməmişdir.

Daha sonra, çıxış yolu kimi hüquqi müstəviyə müraciət edərək, Media İnkişaf Agentliyini məhkəməyə verməyə məcbur qaldıq. Lakin təəssüf doğuran hal odur ki, bütün məhkəmə instansiyalarında verilmiş qərarlar qərəzli və sifarişli xarakter daşıyaraq ədalət prinsipinə uyğun gəlməmişdir. Beləliklə, media subyekti olaraq hüquqlarımız pozulmuş vəziyyətdə qalmış və fəaliyyətsizliyə məhkum edilmişik.

Qeyri-rəsmi məlumatlara əsasən, Media Reyestrinə daxil ediləcək media orqanlarının siyahısı Prezident Administrasiyasından Media İnkişaf Agentliyinə təqdim olunur və yalnız həmin siyahıda yer alan subyektlər reyestrdən keçirilir. Halbuki, qüvvədə olan qanunvericiliyə əsasən, bütün tələblərə cavab verən media qurumları reyestrə daxil edilməlidir və bu proses şəffaf və obyektiv həyata keçirilməlidir.

Hazırda heç bir dövlət və ya özəl dəstək almadan, sadəcə informasiya məkanında varlığımızı qorumağa çalışırıq. Biz ölkəmizə, dövlətçiliyimizə və cəmiyyətimizə sadiq media qurumu olaraq fəaliyyətimizi qanun çərçivəsində davam etdirir və informasiya təhlükəsizliyinin qorunmasına töhfə verməyə çalışırıq. Təəssüf ki, bəzi məsul şəxslərin qeyri-obyektiv yanaşması bizi bu yoldan çəkindirməyə yönəlib.

Hörmətli Hikmət müəllim, bir daha Sizə müraciət edərək xahiş edirik ki, cənab Əhməd İsmayılova müvafiq göstəriş verəsiniz.

Müraciətimizin nəzərə alınaraq saytımızın Media Reyestrinə daxil olunması təmin edilsin. Sizi daim dövlətin və xalqın mənafeyini üstün tutan rəhbər kimi tanıyır və inamla Sizə üz tuturuq. Bizim fəaliyyətimiz qanuni, şəffaf və ictimai maraqlara xidmət edən bir fəaliyyətdir. Ədalətin və obyektivliyin təmin olunması üçün dəstəyinizə böyük ümid bəsləyirik.

Dərin hörmətlə,
Kamal Əsgərov
Baş redaktor, DogruXeber.az
Əlaqə: (+99477) 377 11 88
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top