
"Biz böyük bir mədəniyyətdən gələn dövlətik. Bu gün də respublikamızın inkişaf etdiyi dövrdəyik. Bu şəkildə Türkiyə 100 ilini inşa edirik. Türkiyə 100 ili milli birlik, qardaşlıq, beynəlxalq arenada daha böyük Türkiyə deməkdir. 15 iyuldan sonra bu proses sürətlənməyə başladı".
Saat24.Az-ın Ankaraya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz 15 İyul - Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən media proqramı çərçivəsində "15 İyul: Yaddaş, Ədalət və Gələcək" mövzulu paneldə çıxışı zamanı deyib.
O bildirib ki, 100 il əvvəl də bölgədə bənzər bir proses var idi:
"İmperialistlər bölgəmiz üzərindən hesablar aparırdılar. O gün necə ki, bu planları puça çıxardıq, bu gün də imperialistlərin planlarını boşa çıxarırıq. Hansı etnik kökə, hansı məzhəbə, hansı siyasi düşüncəyə aid olursa, olsun birləşib varlığımızı qorumalıyıq".
"Bu istiqamətdə bir amil də din məsələsidir. Qaranlıq güclər bundan istifadə edib planlar qururlar. FETÖ də eynilə dini təşkilat deyildi, dindən maraqları üçün istifadə edənlərin toplumu idi. Buna qarşı ən gözəl cavab dinimizin həqiqəti anlayıb onu gözəl şəkildə yaşamaqdır", - deyə C.Yılmaz vurğulayıb.