
Əbu-Dabidə keçirilən Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələsini yenidən aktuallaşdırıb. Danışıqlarda Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlı razılıq əldə olunduğu bildirilir. Bu kontekstdə bir sıra iddialar səslənir. Xüsusilə də İranın geosiyasi, geoiqtisadi və tranzit blokadasına salınacağı, həmçinin Rusiya və İranın Qafqazdan sıxışdırılıb çıxarılması cəhdlərinin olduğu iddia olunur.
Məsələ ilə bağlı Saat24.Az-a açıqlamasında politoloq Aqil Məmmədov Zəngəzur dəhlizi layihəsinin təkcə regional deyil, həm də beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyət daşıdığını deyib.
O bildirib ki, Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında Əbu-Dabidə keçirilən görüşün müddətinə və iştirakçıların tərkibinə baxdıqda ilk dəfə olaraq görüşdə baş nazirlərin müavinlərinin iştirak etdiyini nəzərə alsaq əminliklə demək olar ki, tərəflər sülh müqaviləsi ilə paralel olaraq nəqliyyat-logistika, kommunikasiyaların açılması və fəaliyyət mexanizmləri ətrafında fikir mübadiləsi aparıblar.
Politoloq qeyd edib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması istiqamətində addımlarını davam etdirir və bu məqsədə nail olmağa çalışır:
"Regionda gedən proseslər fonunda bu gün Zəngəzur dəhlizi dünənkindən daha çox aktuallıq kəsb edir. Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Avropa ilə Asiyanı birləşdirən şimal marşrutu faktiki olaraq bağlanıb. Cənub istiqamətində isə gərginlik, xüsusilə 12 günlük İsrail-İran toqquşması bu yolun da nə qədər həssas olduğunu göstərdi".
A.Məmmədovun fikrincə, bu dəhliz yalnız Azərbaycan-Ermənistan kontekstində deyil, daha geniş geosiyasi çərçivədə əhəmiyyətlidir:
"Zəngəzur dəhlizinin açılması böyük coğrafiyada ticarət və əməkdaşlığın genişlənməsinə xidmət edəcək. Regional kommunikasiyaların bərpası İran üçün də faydalı ola bilər. Hazırda İran-Ermənistan arasında yükdaşımalar yalnız Aqarak keçid məntəqəsi vasitəsilə həyata keçirilir. Lakin bu yol dağlıq ərazidən keçir, dar və sərt döngələrlə zəngindir, qış aylarında tez-tez bağlanır, yay aylarında isə yüklənmə olur. Nəticədə daşımaların müddəti uzanır, qiyməti artır, sərhədyanı bölgələrə isə iqtisadi töhfəsi zəifdir".
Politoloqun sözlərinə görə, Zəngəzur dəhlizi açılarsa, İranın şimal iqtisadi zonalarında canlanma baş verə bilər:
"İran Azərbaycanın Astara və Cəbrayıl əraziləri vasitəsilə dəhlizə qoşulmaqla həm ixrac imkanlarını genişləndirə, həm də istehsal həcmini artıra bilər. Lakin İranı narahat edən əsas məqam hazırda Naxçıvan-Bakı istiqamətində daşınan yüklərdən əldə etdiyi gəlirlərin itirilməsidir. Gündəlik 100-120 TIR bu marşrutdan keçir və hər birinə görə orta hesabla 130 dollar gəlir əldə olunur. Bu isə illik 6-8 milyon dollar deməkdir. Bu, minimal rəqəmdir".
Politoloq hesab edir ki, düzgün siyasət aparılarsa, İran bu gəliri daha böyük məbləğlərlə əvəzləyə bilər:
"İlk mərhələdə İran bu gəliri itirə bilər. Lakin düzgün həyata keçirilən siyasət nəticəsində İran Hindistan və Pakistandan gələn yükləri Bəndər-Abbas limanı vasitəsilə Zəngəzur dəhlizinə yönləndirə və buradan Türkiyə, Avropaya çıxış əldə edə bilər. Uzunmüddətli perspektivdə bu marşrutdan logistik gəlirlər 100-150 milyon dollar aralığında ola bilər. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması və logistikanın asanlaşması İranın sərhədyanı ərazilərinin investisiya cəlbediciliyini artıracaq, istehsal həcmini genişləndirəcək. Bu isə əlavə iş yerləri və yeni ixrac imkanları deməkdir, hazırkı şəraitdə bu, İran üçün olduqca vacibdir".
A.Məmmədov vurğulayıb ki, Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizinin əsas halqasına çevriləcək:
"Bu prosesdən Rusiya da faydalanacaq. Əgər İran nümunəsində Zəngəzur dəhlizi bu ölkənin şimal ərazilərinə iqtisadi töhfə verəcəksə, Rusiya nümunəsində bu, cənub ərazilərinin imkanlarını genişləndirəcək.
Hazırda Rusiyanın mərkəzi hissələrində istehsal edilən məhsullar Avropa bazarına dəmir yolu ilə çıxarıla bilmir və şirkətlər bu bazarı itirirlər. Zəngəzur dəhlizinin açılması rus şirkətlərinə Avropa bazarını əvəz edəcək Yaxın Şərq bazarına çıxış imkanı yaradacaq. Bu isə mövcud dəniz yolu ilə müqayisədə vaxtı 40% azaltmağa imkan verəcək. Gələcəkdə isə, hətta Yaponiyanın da bu dəhlizdən istifadə edə biləcəyi mümkündür. Belə ki, Yaponiyadan yüklər Rusiyanın Vladivostok limanına gətirilə və buradan dəmir yolu vasitəsilə Rusiya-Azərbaycan-Türkiyə xətti ilə həm Yaxın Şərqə, həm də Avropaya daşına bilər. Bu isə Rusiyanın geniş ərazilərində iqtisadi inkişafa təkan verə və gəlir əldə etməsini şərtləndirəcək".
Politoloq əlavə edib ki, Azərbaycanın təşəbbüs göstərdiyi heç bir layihə başqa dövlətlərin əleyhinə yönəlməyib:
"Əksinə, bu layihələr regional və beynəlxalq səviyyədə iqtisadi fayda yaradıb. Azərbaycan milli maraqlarını alver predmetinə çevirmir. Zəngəzur dəhlizi də Azərbaycanın milli maraqlarına uyğun olmaqla yanaşı, 300 milyondan çox insanın yaşadığı bir coğrafiyaya iqtisadi və siyasi fayda gətirməyi hədəfləyir. Bu dəhliz rəqabət və qarşıdurma deyil, əməkdaşlıq, dostluq və inkişaf layihəsidir".