
"McDonaldʼs Azərbaycan" beynəlxalq yarışlarda iştirak etmiş şəhid və veteran ailələrindən olan 14 məktəbli üçün "Camphood" yay düşərgəsində istirahət proqramı təşkil edib.
Düşərgədə uşaqlarla birlikdə onların anaları da iştirak ediblər. Proqrama istirahət, ünsiyyət, əyləncəli və maarifləndirici tədbirlər daxildir.
Qeyd edək ki, bundan əvvəl həmin məktəblilər "McDonaldʼs Azərbaycan"ın dəstəyi ilə TIMO və IMEC beynəlxalq olimpiadalarında iştirak etmiş və mükafata layiq yerlər qazanmışdılar. Məhz bu uşaqlar üçün "McDonaldʼs Azərbaycan" Bilgəh qəsəbəsində yerləşən "Camphood" yay düşərgəsində istirahət təşkil edib.
Düşərgənin proqramı müxtəlif idman oyunları, yaradıcılıq üzrə ustad dərsləri və maarifləndirici sessiyaları əhatə edib. Bu fəaliyyətlər uşaqlara öz bilik və bacarıqlarını inkişaf etdirməyə imkan verib.
İştirakçıların fiziki durumuna və yaxşı əhvali-ruhiyyələrinin qorunmasına xüsusi diqqət yetirilib ki, bu da düşərgədə səmimi və mehriban atmosferin formalaşmasına töhfə verib.
Tədbir "McDonaldʼs Azərbaycan" ilə Dövlət Sosial Müdafiə Fondu arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilib.
Bu sənəd korporativ sosial məsuliyyət layihələrinin icrasına yönəlib və şəhid və veteran ailələrindən olan uşaqların dəstəyinə xidmət edən bir sıra birgə təşəbbüslərin əsasını təşkil edir.











