Avropa çempionumuz: "Başa düşürdüm ki, nə olursa-olsun, finalda qalib gəlməliyəm"

Sadə xəbər
GÜNDƏM 16.07.2025 3107

"Avropa birinciliyinə çox yaxşı hazırlaşmışdım. Təlim-məşq toplanışlarında istər milli, istərsə də şəxsi məşqçimlə çox əziyyət çəkmişdik və şükürlər olsun ki, bunun bəhrəsini gördük".

Saat24.Az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının rəsmi saytına Serbiyanın Novi Pazar şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatının qalibi Əminə Tağı deyib.

"Avropa birinciliyi mənim üçün uğurlu alındı. Özümə və bacarığıma arxayın idim. Yarımfinalda slovakiyalı Dominika Vnukova ilə qarşılaşdım və görüşdə tam üstünlüklə qalib gəldim. Finalda rəqibim erməni Amest Afrikyan oldu. Həmin döyüşdə başa düşürdüm ki, nə olursa-olsun, qalib gəlməliyəm. Həlledici qarşılaşmaya çox yaxşı hazırlaşmışdım. Məşqçilərim və ailəm görüş öncəsi əla motivasiya vermişdilər. Bunun da nəticəsində inamlı mübarizə apardım və mənim üçün vacib olan qələbəni qazandım. Sevincliyəm. Mükafatlandırma da arenada deyil, şəhərin mərkəzində oldu. Novi Pazarda Azərbaycan himnini səsləndirdiyim üçün sevincimin həddi-hüdudu yoxdur".

Əminə Tağı əsas məqsədini də açıqlayıb. Onun sözlərinə görə, ən böyük hədəfi Olimpiya Oyunlarında uğur qazanmaqdır.

"İndi etdiyim bütün məşqlər və əziyyətlər dördilliyin möhtəşəm yarışına hesablanıb".

Qeyd edək ki, Azərbaycanın qız boksçuları Avropa birinciliyində bir qızıl, üç gümüş və üç bürünc medal qazanıblar.

Azərbaycan boksçusu Əminə Tağı erməni rəqibinə qalib gələrək Avropa çempionu tituluna yiyələnib.

Saat24.Az xəbər verir ki, 50 kq çəkidə mübarizə aparan idmançı bu uğura Serbiyanın Novi Pazar şəhərində yeniyetmələr arasında keçirilən qitə birinciliyində imza atıb.

O, finalda ermənistanlı Amest Afrikyanı məğlub edib. Boksçumuz rəqibinə 4:1 (29:28, 29:28, 29:28, 27:30, 30:27) hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və şərəfinə Novi Pazarda Azərbaycan himni səsləndirilib.

Digər qız boksçularımızdan Cəmilə Muradlı (52 kq), Fidan Bəkərova (63 kq), Səma Abbasova (66 kq) gümüş, Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) bürünc medal qazanıblar.

Beləliklə, qızlardan ibarət millimiz Avropa birinciliyini bir qızıl, üç gümüş və üç bürünc medalla başa vurub.

Yarışın altıncı günündə Səfdər Məmmədzadə (+80 kq) isə adını finala yazdırıb. O, yarımfinalda belaruslu Kirill Jukovskiyə tam üstünlüklə qalib gəlib. Məmmədzadə həlledici görüşdə rusiyalı Boqdan Smolkinlə döyüşəcək.

Qeyd edək ki, oğlan boksçularımızdan daha öncə Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanov (60 kq) və Haqverdi Həsənov (63 kq) bürünc medala sahib olublar.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top