
Millət vəkili, Milli Məclisin Ailə,qadın,uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyevanın Milli Məclisin bu günkü iclasında cari məsələlərin müzakirəsi zamanı təqdim etdiyi çıxışın mətni:
"Hörmətli xanım Sədr, hörmətli millət vəkilləri, mətbuat nümayəndələri!
Bu günkü gün - 14 iyul Azərbaycan tarixində dönüş nöqtəsi kimi yadda qalmışdır. Bundan 46 il əvvəl, 1969-cu ilin 14 iyul tarixində xalqının illər sonra haqlı olaraq Ulu Öndər, Ümummilli Lider adlandırdığı Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın siyasi rəhbərliyinə gəldi. Bu hadisə təkcə bir rəhbər dəyişikliyi deyildi — o, Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında köklü dəyişikliklərin, Azərbaycan tarixində bir intibah dövrünün başlanğıcı oldu. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan yalnız iqtisadi və sosial baxımdan deyil, həm də milli mənəvi baxımdan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu səbəbdən 14 iyul - müasir Azərbaycanın formalaşmasında mühüm bir mərhələnin təməlinin qoyulduğu gün kimi tarixilik qazanmışdır.
Bu gün biz bir daha Ulu Öndər Heydər Əıiyevi öz xalqı üçün etdiyi ölçüyəgəlməz xidmətləriylə dərin bir ehtiramla anır, ruhu qarşısında baş əyirik.
Ulu Öndərin uzaqgörən siyasəti ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ata vəsiyyətinə əməl edən Xilaskar Prezidentimizin dönməz iradəsi, dəmir yumruğu sayəsində hər gün bir yeni Zəfərə imza atırıq.
Elə ötən həftə Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş həmin dönməz iradənin növbəti uğurudur. 5 saat davam edən bu görüş, əlbəttə ki, bütün dünyanın diqqət mərkəzində idi. Əldə etdiyimiz zəfərdən keçən 5 il ərzində sülh prosesinin imzalanması istiqamətində Azərbaycanın həyata keçirdiyi konstruktiv addımların bu görüş kulminasiya nöqtəsi oldu.
Əlbəttə ki, Azərbaycanın görüş öncəsi irəli sürdüyü bütün şərtlər, sülh müqaviləsinin imzalanmasını gərəkdirən şərtlər 5 saatlıq görüş çərçivəsində yenidən ələ alındı və Azərbaycan tərəfindən müzakirə obyekti kimi görüşdə iştirak edən digər tərəfin nəzərinə çatdırıldı. Ən əhəmiyyətli məqam olan Konstitusiyanın dəyişdirilməsi, Azərbaycanın ərazi bütövlüyünə zidd olan müddəaların Konstitusiyadan çıxarılması, ATƏT-in Minsk qrupunun ləğv edilməsi, Zəngəzur dəhlizi, sərhədlərin delimitasiyası kimi məsələlər 5 il ərzində aktual olduğu kimi, dünənki görüşün də ana xəttini təşkil edirdi.
Görüşdən sonra verilən açıqlamada, həm Ermənistan Xarici İşlər Nazirliyinin, həm də Azərbaycanın XİN-in verdiyi məlumata əsasən, tərəflər irəli sürülən məsələlərin həlli yönündə bundan belə heyətlərarası danışıqların davam etdirilməsi istiqamətində razılığa gəliblər.
Həm bu görüş, həm daha əvvəl Paşinyanın Türkiyəyə səfər etməsi, burada Türkiyə Prezidenti Ərdoğanla keçirdiyi görüşlər və ümumilikdə Paşinyanın açıqlamaları, “Ermənistanda konstitusiya dəyişdirilə bilər, bunun üçün referendum keçirilə bilər” şəklində səsləndirdiyi fikirlər, bunu deməyə əsas verir ki, Ermənistan artıq həqiqətən sülh müqaviləsini imzalamaqdan başqa yolun qalmadığını çox yaxşı dərk edir.
Bu gün müqavilənin imzalanması sadəcə Azərbaycanın deyil, ümumilikdə bölgənin təhlükəsizliyini, əmin-amanlığını və iqtisadi yüksəlişini və deməli bölgənin bir parçası olan Ermənistanın da sabitliyini və gələcək inkişafını ehtiva edir.
Əgər Ermənistan yenə bu günə qədər qızışdırıcı mövqedə dayanan, tez-tez Ermənistanı fikir dəyişdirməyə məcbur edən, bölgədə marağı və çıxarları olan tərəflərin təsirinə məruz qalmazsa, yəni bu qüvvələr yenidən müdaxilə etməzlərsə və həmin ölkələrin əlində alət olan Ermənistan son zamanlarda sərgilədiyi konstruktiv mövqeyini davam etdirərsə, sülh müqaviləsinin imzalanacağı günün çox uzaq olmadığını deyə bilərik.
Sonda xanım sədr sizi və bütün həmkarlarımı növbədənkənar sessiyanın uğurla başa çatması münasibətilə təbrik edir, uğurlarımızın davamını arzulayıram.
Diqqətinizə görə çox sağ olun."