
İyulun 11-də Azərbaycan Milli Kitabxanasında dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzuliyə həsr olunmuş “Məhəmməd Füzuli: biblioqrafiya” və “Məhəmməd Füzuli: həyatı və yaradıcılığı” kitablarının təqdimat mərasimi keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə millət vəkilləri, ziyalılar, ədəbiyyatşünaslar, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov elmi ictimaiyyətə təqdim olunan nəşrlər barədə məlumat verib, kitabların Füzulişünaslığa dəyərli töhfə olduğunu vurğulayıb. O, hər iki monoqrafiyanın ölkə başçısının “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli Sərəncamının işığında çapa hazırlandığını bildirib.
O, Milli Kitabxananın “Azərbaycanın görkəmli şairləri” seriyasından hazırladığı “Məhəmməd Füzuli: biblioqrafiya” adlı fundamental əsər haqqında məlumat verərək bildirib ki, sözügedən nəşrdə Füzuli əsərlərinin müxtəlif dillərdə əlyazma və daşbasmaları, şairin dərslik, məcmuə və dövri mətbuatda dərc olunmuş əsərləri, onun həyat və yaradıcılığını əks etdirən materiallar, eləcə də dünyanın aparıcı kitabxanalarında mühafizə olunan mənbələr əksini tapıb.
Professor Kərim Tahirov Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektoru tərəfindən ərsəyə gəlmiş “Məhəmməd Füzuli: həyatı və yaradıcılığı” adlı kitabda isə dahi şairin yaradıcılığının toplu halında öyrənildiyini, onun zəngin ədəbi irsinin ideya-bədii özəllikləri, forma və məzmun xüsusiyyətləri baxımından ətraflı şəkildə tədqiq və təhlil edildiyini diqqətə çatdırıb. O, Füzulişünaslıq sektorunun kollektivinin uzunmüddətli gərgin əməyinin, böyük zəhmətinin və axtarışlarının nəticəsi olan bu kitabın elmi əhəmiyyətini qeyd edib.
Daha sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək vurğulayıb ki, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı böyük şairin irsini müstəqil Azərbaycan dövlətinin idelları işığında Azərbaycançılıq ideologiyası və Türk dünyası kontekstində yenidən tədqiq etməyə imkan vermiş oldu.
Alim ötən il Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisinin böyük söz ustadı Məhəmməd Füzulinin 530 illiyinə həsr olunduğunu xatırladıb, sərgidə dünya naşirlərinə və yazıçılarına, iştirakçılara dahi şairin müstəqillik işığında yenidən təqdim olunduğunu söyləyib. O, X Bakı Beynəlxalq Kitab Sərgisində Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektorunun hazırladığı 10 kitab dəstinin təqdim edildiyini və Mədəniyyət Nazirliyi tərəfindən “Füzuli Kitabxanası” seriyasından olan həmin nəşrlərin “Ən yaxşı kitab” nominasiyası üzrə qalib elan edildiyini bildirib.
“Bu il Məhəmməd Füzuliyə həsr olunmuş ən böyük nəşrlərdən biri Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmış “Məhəmməd Füzuli: biblioqrafiya” adlı fundamental monoqrafiyadır”, - deyən akademik İsa Həbibbəyli qeyd edib ki, sözügedən kitab müstəqillik dövründə Füzuli yaradıcılığını əhatəli və dolğun şəkildə ifadə edən ən ümumiləşdirici vəsaitdir.
Bugünədək Məhəmməd Füzuliyə həsr olunan bir sıra biblioqrafiyaların işıq üzü gördüyünü söyləyən AMEA rəhbəri şairin 500 illiyində AMEA-nın müxbir üzvü Cahangir Qəhrəmanovun müqəddiməsi ilə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı tərəfindən 123 səhifəlik biblioqrafiyanın çapa hazırlandığını, həmçinin akademik Teymur Kərimlinin redaktorluğu ilə Mərkəzi Elmi Kitabxanada fil.e.d. Aybəniz Əliyeva-Kəngərli tərəfindən 86 səhifədən ibarət 300-ə yaxın müddəanın əks olunduğu biblioqrafiyanın hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, Füzuli haqqında bugünədək ən çox məlumatın toplandığı nəşr Milli Kitabxana tərəfindən 1996-cı ildə çap edilmiş “Məhəmməd Füzuli əsərlərinin nəşri” adlı biblioqrafik göstəricidir.
Akademik İsa Həbibbəyli ictimaiyyətə təqdim olunan “Məhəmməd Füzuli: biblioqrafiya” adlı fundamental nəşrdə dahi şair haqqında 7 minə yaxın mühüm mənbənin əks olunduğunu bildirib. Biblioqrafiyada Məhəmməd Füzulinin bütün yönləri ilə, elmi dəqiqliklə, mükəmməl təsnifatla oxuculara təqdim edildiyini deyən AMEA prezidenti nəşri dünya Füzulişünaslığına sanballı ərmağan kimi yüksək qiymətləndirib.
Akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektoru tərəfindən hazırlanmış “Məhəmməd Füzuli: həyatı və yaradıcılığı” kitabı barədə də məlumat verərək bildirib ki, bu kitab böyük şair haqqında yazılmış elmi cəhətdən ilk ümumiləşdirilmiş və böyük həcmə malik əsərdir. Qeyd edib ki, on bir fəsildən ibarət olan monoqrafiyada Füzulinin dövrü, mühiti, həyatı geniş, sistemli və hərtərəfli şəkildə araşdırılıb. Kitabda Füzulinin Azərbaycan və fars dillərində yazdığı divanlar, onun üç dildə qələmə alınmış qəsidələr divanı, Azərbaycan epik şeiri tarixində xüsusi mərhələ təşkil edən poemaları, bədii nəsr əsərləri, tərcümə yaradıcılığı, dövrünün tanınmış adamlarına ünvanladığı məktublar və divanlarının dibaçələri, fəlsəfi görüşləri ayrı-ayrılıqda tədqiqata cəlb olunmaqla şairin ədəbi şəxsiyyətinin mükəmməlliyini bütün yönləri ilə üzə çıxarıb.
AMEA rəhbəri qeyd edib ki, nəşrdə Füzuli sənətinin dil-üslub xüsusiyyətləri, poetikası, folklor qaynaqları, sələfləri, müasirləri və xələfləri ilə bağlı məsələlər kompleks şəkildə öyrənilib. Monoqrafiyanın ayrıca bir fəsli Füzili irsinin dünya ədəbiyyatşünaslığında öyrənilməsi və başqa dillərə tərcüməsi məsələlərinə həsr edilib.
Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, millət vəkili, filologiya elmləri doktoru professor Jalə Əliyeva, millət vəkili, filologiya elmləri doktoru dosent Elnarə Akimova, Ədəbiyyat İnstitutunun baş elmi işçisi professor Qəzənfər Paşayev, həmin institutun Füzulişünaslıq sektorunun müdiri professor Ataəmi Mirzəyev, şöbə müdiri professor Fəridə Əzizova, Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru dosent Zəkulla Bayramlı. Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan və AMEA Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmudova çıxış edərək təqdimatı keçirilən kitabların elmi əhəmiyyətindən danışıb, müəlliflərə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, “Məhəmməd Füzuli: həyatı və yaradıcılığı” layihəsinin rəhbəri və kitabın “Ön söz”ünün müəllifi AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, elmi redaktoru fil.e.d. Ataəmi Mirzəyevdir.
“Məhəmməd Füzuli: biblioqrafiya” kitabının tərtibçisi isə Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova, elmi redaktoru professor Kərim Tahirov, “Ön söz”ün müəllifi akademik Teymur Kərimlidir.
Ətraflı: https://science.gov.az/az/news/open/33025







