
"Heydər Əliyev Fondunun fəaliyyətində əsas prioritet istiqamətlərdən biri təhsil sahəsidir".
Oxu.Az xəbər verir ki, bunu Heydər Əliyev Fondunun şöbə müdiri Cəmil Əliyev "Zəkaların mübarizəsi" olimpiadasının açılış mərasimində deyib.
O qeyd edib ki, fond təhsilin inkişafı məqsədilə ölkənin bütün bölgələrində, hətta ən ucqar kəndlərində belə - yeni məktəb binalarının tikintisinə və mövcud məktəblərin əsaslı təmirinə xüsusi önəm verir:
"Bu proqramların əsas məqsədi şagirdlərimizin keyfiyyətli təhsil almasını təmin etməkdir. Fondun elm və təhsillə bağlı layihələri təkcə ölkə daxilində deyil, beynəlxalq miqyasda da həyata keçirilir. Məsələn, ötən ilin dekabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Afrikada Ruandanın paytaxtı Kiqali şəhəri yaxınlığında yerləşən bir məktəbə dəstək göstərilib. Həmin məktəbdə oxuyan şagirdlərə müxtəlif ləvazimatlar təqdim olunub, məktəb ilk dəfə internetə çıxışla təmin edilib və müasir texnologiyalara dair biliklərin artırılması istiqamətində tədbirlər görülüb".
Cəmil Əliyevin sözlərinə görə, bu da fondun beynəlxalq humanitar missiyasının uğurlu nümunələrindən biridir:
"Azərbaycan Təhsil Nazirliyi ilə birgə həyata keçirilən "Zəkaların mübarizəsi" layihəsi də xüsusi qeyd olunmalıdır. Bu layihə çərçivəsində bilik və şahmat üzrə müsabiqələr təşkil olunub, onların regional və respublika mərhələləri uğurla başa çatın. Mart və aprel aylarında keçirilmiş seçim turlarından sonra bu gün final mərhələsi baş tutur. Bu tədbir şagirdlər arasında həm elmi biliklərin, həm də dostluq və sosial bacarıqların inkişafına yönəlib".
Cəmil Əliyev sonda vurğulayıb ki, bu kimi təşəbbüslər Azərbaycanın gələcəyinə, gənc nəslin inkişafına və intellektual potensialın artırılmasına mühüm töhfə verir.




Daha çox foto burada: PhotoStock.az
Aygün Mirakif