Fransa açıq-aşkar separatizmə dəstək verir-Jalə Əliyeva

Manşet
SİYASƏT 27.02.2024 2296

Ermənistan isə yenə təhlükəli geosiyasi ambisiyaların alətinə çevrilib

 

Fransa Cənubi Qafqazda münaqişə ocağının qalmasında maraqlı tərəf kimi Ermənistana dəstəyini davam etdirir. Bunu Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Paşinyanla mətbuata birgə çıxışları zamanı da təsdiqlədi. Xüsusən Ermənistanı silahlandırması, müdafiə nazirinin İrəvana səfəri və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq sazişlərinin bağlanması da Parisin niyyətini açıq-aydın göstərir.
Milli Məclisin deputatı Jalə Əliyeva qəzetimizə açıqlamasında bildirib ki, Münxen Təhlükəsizlik Konfransı zamanı Azərbaycan və Ermənistan arasındakı danışıqlarda Fransa iştirak etməyə çox cəhd göstərsə də, buna nail ola bilmədi və danışıqlar prosesindən kənarda qaldı. 
Deputat qeyd edib ki, Fransa bu günə qədər düşünülməmiş, beynəlxalq hüquqazidd addımlarını atmağa davam edir: "Təəssüflər olsun ki, Fransa dövlətinin başçısı Makron davamlı olaraq həm özünü, həm də ölkəsini gülünc vəziyyətə salan sərsəm açıqlamalar verir. Azərbaycana qarşı son çıxışı da heç bir əsası olmayan iddialardan ibarət idi. Bu iddialar Azərbaycan ərazisində - Qarabağda ermənilərin yerləşdirilməsi, silahlanma ilə bağlıdır və təbii ki, bütün bunlar birbaşa separatizmə xidmət edir. Məqsəd ermənilərin yenidən Azərbaycan ərazisində öz mənfur niyyətlərinə çatmaq istəyidir. Ermənistan yenə çox təhlükəli geosiyasi ambisiyaların alətinə çevrilib və bu kimi addımlar təkcə Azərbaycan üçün deyil, ümumilikdə Cənubi Qafqaz xalqları üçün təhlükə mənbəyidir. Əlbəttə ki, təhlükəli tendensiyanın qarşısı mütləq alınmalıdır". 
J.Əliyeva vurğulayıb ki, Azərbaycanın geosiyasi və geocoğrafi mövqeyinin güclənməsi ölkəmizi bölgədə və dünyada söz sahibinə çevirir. Prezident İlham Əliyev fevralın 7-də keçirilmiş prezident seçkilərində əldə etdiyi böyük qələbədən sonra Azərbaycan parlamentində andiçmə mərasimində çıxışında qeyd etdiyi kimi, sarsılmaz daşları yerindən tərpətdik və sarsılmaz daşları yerindən tərpətdiyimiz üçün bizə qarşı hücumlar, təzyiqlər artacaq. Bəli, biz bunu gözləyirik və cənab Prezidentin də söylədiyi kimi, bu gün Azərbaycan bütün təhdidlərə, təzyiqlərə cavab vermək gücündədir. 
Azərbaycanın Zəngəzur dəhlizinin açılması istiqamətində qətiyyətli addımlar atdığını deyən deputat qeyd edib ki, bu vəziyyət qarşı tərəfi, bir çox Qərb dövlətlərinin əlində alətə çevrilmiş Ermənistanı və onun havadarlarını narahat edir. "Qərbin məkri, əslində, Azərbaycanın iradəsi və apardığı düzgün siyasət nəticəsində yenə fiaskoya uğrayacaq. Fransanın Ermənistana növbəti dəfə yardımları, silah vermək təşəbbüsləri, əlbəttə ki, beynəlxalq ictimaiyyət tərəfindən və təşkilatlar tərəfindən qınanmalı olan çox vacib bir amildir. Düşünürəm ki, özünü demokratiya beşiyi adlandıran, demokratik dəyərlərə sadiqliyini, ən azından, nümayiş etdirmək istəyən təşkilatlar və ölkələr bu vəziyyətlə barışmamalı və öz mövqeyini bildirməlidirlər". 
J.Əliyeva sonda vurğulayıb ki, bu gün Fransanın Ermənistanı silahlandırması bölgədə yeni münaqişə ocağının alovlanmasına səbəb ola bilər ki, bu da yolverilməzdir.

 

XƏBƏR LENTİ
07.10.2024 2033

DİGƏR XƏBƏRLƏR

Loading
Top