
Dövlət vəzifəli şəxslər tərəfindən gəlirlərin bəyan edilməsi sisteminin tətbiqi haqqında beynəlxalq xarakterli tövsiyyələr ilk dəfə regional beynəlxalq sənədlərdə əks olunmuşdur. !996-cı ildə qəbul olunmuş Korrupsiya ilə mübarizə üzrə Amerikaarası Konvensiyada iştirakçı dövlətlərdən digər tədbirlərlə yanaşı, bir sıra postlarda dövlət funksiyalarını yerinə yetirən şəxslərin gəlirlərinin, aktiv və passivlərinin qeydiyyatı sistemini qanunla müəyyən edilmiş qaydada yaratmaq və zəruri olarsa həmin reyestrləri publik şəkildə açıqlamaq məqsədilə tədbirlər görmək tələb olunur.
Korrupsiyanın qarşısının alınması və onunla mübarizə haqqında Afrika ittifaqının 2003-cü il Konvensiyası bütün və ya ayrıca göstərilmiş dövlət vəzifəli şəxslərindən vəzifəyə daxil olarkən, dövlət qulluğunda olduqları bütün müddətdə və dövlət qulluğu başa çatdıqdan sonra öz gəlirlərini bəyan etmək tələbini müəyyənləşdirməyi iştirakçı dövlətlərin vəzifəsi kimi müəyyən edir.
Gəlirlərin bəyan edilməsi ilə əlaqədar Avropada ilk standart Avropa Şurası Nazirlər Komitəsinin dövlət vəzifəli şəxslərin davranış kodeksi haqqında R (2000)10 saylı qətnaməsi ilə müəyyən edilib. Həmin qətnamənin 14-cü bəndində nəzərdə tutulur ki, dövlət vəzifəli şəxsi onun dövlət vəzifələrinin şəxsi və ya xüsusi maraqlarına toxuna biləcəyi hallarda vəzifəyə təyin olunarkən və sonra müəyyən zaman kəsiyində, habelə həmin maraqların xarakteri və miqdarının dıyişdiyi zaman qanunun tələblərinə uyğun olaraq bəyannamə təqdim etməlidir. Göründüyü kimi, Avropa Şurasının bu standartı dövlət vəzifəli şəxslərin maddi vəziyyətinə nəzarət edilməsinə deyil, onların fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınmasına yönəldilib.
Gəlirlərin bəyan edilməsi sisteminin tətbiqi haqqında məsələ universal xarakterli beynəlxalq sənədlərdə ilk dəfə Birləşmiş Millətlər Təşkilatının 2003-cü il 31 oktyabr tarixli Korrupsiya əleyhinə Konvensiyasında nəzərdə tutulub. (Azərbaycan Respublikası həmin Konvensiyaya 30 sentyabr 2005-ci il-də qoşulub). Konvensiyanın 8-ci maddəsinin 5-ci bəndində göstərilir ki, hər bir İştirakçı Dövlət, lazım gəldikdə və öz daxili qanunvericiliyinin əsas prinsiplərinə uyğun olaraq, dövlət vəzifəli şəxslər qismində onların vəzifələrinə münasibətdə maraqlar toqquşması yarada bilən, digərləri ilə yanaşı həmçinin qulluqdan kənar fəaliyyəti, məşğuliyyəti, investisiyaları, aktivləri və əhəmiyyətli hədiyyələri və ya faydaları barədə müvafiq orqanlara bəyannamə vermək öhdəliyini doğuran tədbir və sistemləri müəyyən etməyə çalışır. Bu tövsiyyə dövlət vəzifəli şəxslər üçün davranış qaydalarından biri kimi nəzərdə tutulmuşdur.
Göründüyü kimi, gəlirlərin bəyan ediməsi sisteminin ilə əlaqədar Konvensiyada nəzərdə tutulan müddəalar tövsiyyə xarakteri daşıyır və həmin sisteminin təbiqi üzrə dövlətlər üçün məcburi öhdəlik müəyyən etmir. Dövlətə yalnız bəyannamə sisteminin tətbiqi haqqında məsələyə bazmaq tövsiyyə olunur.
Bundan başqa Konvensiyanın 52-ci maddəsinin 5-ci bəndində cinayət yolu ilə əldə edilmiş gəlirlərin köçürülməsinin aşkar edilməsi və qarşısının alınması kontekstində nəzərdə tutulur ki, hər bir iştirakçı Dövlət, öz daxili qanunvericiliyinə uyğun olaraq, müvafiq dövlət vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatlar barədə məlumat verilməsi üçün səmərəli sistemlərin yaradılmasını nəzərdə tutur və bu tələblərin yerinə yetirilməməsi üzrə lazımi sanksiyalar müəyyən edir.
BMT-nin Narkotiklər və cinayətkarlıq üzrə İdarəsinin nəşr etdirdiyi Korrupsiya əleyhinə Konvensiyanın həyata keçirilməsinə texniki Rəhbərlik adlı sənədində digər məsələlərlə yanaşı gəlir bəyannamələri ilə əlaqədar bir sıra əlavə standartlar müəyyən olunur. Bu standartlar aşağıdakılardır.
1) bütün vəzifəli şəxslərin və ya müəyyən səviyyədən yuxarı vəzifə tutan şəxslərin və (və ya) onların qohumlarının bütün əhəmiyyətli gəlirləri və aktivlərinin açıqlanması;
2) açıqlanma formasının vəzifəli şəxsin maliyyə vəziyyətinin əvvəlki illərlə müqayisədə nəzarət etməyə imkan verməsi;
3) açıqlanma prosedurunun vəzifəli şəxslərin öz aktivlərini digər mexanizmlər və ya iştirakçı dövlətin məlumatlarına çıxışı olmayan şəxslərin sahibi olduğu aktivlər vasitəsilə gizlətməsini istisna etməsi (aktivlərin xaricdə yerləşdirilməsi və ya rezident olmayan şəxslərin adına qeyd edilməsi;
4) fiziki və hüquqi şəxslərin gəlirlərinə və aktivlərinə etibarlı nəzarət sisteminin olması (məsələn, vergi sistemi çərçivəsində dövlət vəzifəli şəxslərlə bağlı olan fiziki və hüquqi şəxslər haqqında məlumata çıxışın təmin olunması);
5) vəzifəli şəxsin üzərinə öz gəlirlərini əsaslandırmaq (sübut etmək) vəzifəsinin qoyulması;
4) vəzifəli şəxslər tərəfindən mövcud olmayan aktivlərin bəyan edilməsinin qarşısının mümkün qədər alınması ( hansı ki, sonradan mənəyini başqa yolla izahı olmayan qiymətli maddi əşyaların əsaslandırılması üçün istifadə oluna bilər);
5) nəzarət orqanlarının səmərəli nəzarəti həyata keçirmək üçün kifayət qədər insan resurslarının, peşəkar keyfiyyətlərinin, texniki potensialının və hüquqi səlahiyyətlərinin olması;
6) bu tələblərin pozulmasına görə lazımi çəkindirici sanksiyaların müəyyən olunması.
BMT-nin müvafiq idarəsi bu standartların milli qanunvericiliyə implentasiyası zamanı iştirakçı dövlətlərin aşağıdakı məsələlərə xüsusu diqqət yetirməsini vacib hesab edir:
- bu və ya digər püblik fəaliyyətlə bir araya sığmayan vəzifələr və fəaliyyət sferaları;
- pul öhdəlikləri və borclar da daxil olmaqla bəyan edilməli olan maraq və aktivlər;
- müxtəlif vəzifəli şəxslərə münasibətdə eyni və ya müxtəlif tipli tələblərin tətbiq olunub-olunmaması;
- bəyan edilməli olan məlumatlərın müfəssəlliyinin həcmi və dərəcəsi (hüqdudları);
- bəyannamənin tərtib olunma forması;
- açıqlanan informasiyani yoxlayan şəxslər;
- informasiyaya çıxışı olan şəxslər;
- dolayı (birbaşa olmayan) maraqlar haqqında (məsələn, ailə maraqları) məlumatların müfəssəllik dərəcəsi;
- korripsiya risqindən və digər hallardan (məsələn, bəyannamələrin yoxlanması üçün zəruri olan institusional potensialdan asılı olaraq aktivlərini və gəlirlərini bəyan etmək öhdəliyi olan vəzifəli şəxslər;
- bəyannamə hansı hissədə və necə dərc edilməlidir;
- gəlirlərin və aktivlərin bəyan edilməsi öhdəliyini məcburi qaydada kim və necə icra edəcək.
BMT-nin müvafiq idarəsi gəlirlərin bəyan edilməsi kontekstində hədiyyələr və qonaqpərvərliklə bağlı da tədbirlər və prosedurlar hazırlamağı zəruri hesab edir. Bu tədbir və prosedurlar hədiyyələr və qonaqpərvərlik dəvətləri və nişanlarının qəbul edilməsinə yol verilib-verilməməsi, bununla əlaqədar reyestrə hansı məlumatların daxil edilməsi, reyestrə çıxışın olub-olmaması, istənilən hədiyyəyə mülkiyət hüquq, hədiyyələrlə bağlı məlumatın yoxlanması, qanunvericiliyin tələbləri pozulduqda araşdırma üsulları və vasitələri, habelə mümkün sanksiyalar barədə məsələləri əhatə etməlidir.
Bu məqalə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən icra edilən “Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mexanizminin yaradılmasına dəstək verilməsi məqsədilə tədbirlərin təşkili, məqalələrin və hesabatın hazırlanması” layihəsi çərçivəsində hazırlamışdı.