"Bu, (Zəngəzur dəhlizi - red.) bütün Transqafqaz dövlətlərinin iqtisadi inkişafına töhfə verəcək".
"Saat24.az" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya müsahibəsində deyib.
Nazir müavini bildirib ki, Zəngəzur dəhlizi Ermənistan ərazisindən keçdiyi üçün, o, bunu Meqri marşrutu adlandırır: "Axı biz Ermənistan ərazisindən keçən dəmir yolundan danışırıq, ona görə də mən Meqri marşrutu adından istifadə etməyi üstün tuturam. Bəli, Azərbaycanda buna Zəngəzur dəhlizi deyirlər. Deyək ki, bu formula hər kəsə uyğun gəlir - biz azərbaycanlı və erməni tərəfdaşlarımıza razılıq əldə etməkdə fəal kömək edirik.
Biz inanırıq ki, bu saziş Zaqafqaziyada ümumi sabitləşmə üçün çox mühüm amil olacaq. Bu, bütün Transqafqaz dövlətlərinin iqtisadi inkişafına töhfə verəcək, çünki bu halda Ermənistanın nəqliyyat-logistika mərkəzinə çevrilmək, Azərbaycan, Türkiyə və Rusiya ilə nəqliyyat əlaqələrini gücləndirmək və genişləndirmək imkanı olacaq. Azərbaycan ölkənin iki bölgəsi arasında fasiləsiz ritmik nəqliyyat əlaqəsinə malik olmaq imkanı əldə edəcək.
Zəngəzur dəhlizi Ermənistanın Sünik rayonu ərazisindən təxminən 40 km uzunluğunda nəqliyyat marşrutunun layihəsidir və Azərbaycanın qərb rayonları ilə onun Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək. Bölgədə nəqliyyat marşrutlarının açılması 2020-ci ilin noyabrında ikinci Qarabağ müharibəsinə son qoyan müqavilələrdə nəzərdə tutulub".