Səhiyyə Nazirliyinin həkim mütəxəssisləri özbəkistanlı həmkarları ilə birgə cərrahi əməliyyatlar aparırlar - FOTOLAR

Sadə xəbər
Səhiyyə 05.10.2023 1869

Daşkənddə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan və Özbəkistan Səhiyyə Nazirliklərinin təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası" davam edir.

"Saat24.az" xəbər verir ki, dekada çərçivəsində Azərbaycan Səhiyyə Nazirliyinin və digər səhiyyə müəssisələrinin 14 yüksək ixtisaslı həkimləri özbəkistanlı həmkarları ilə birgə əhaliyə müasir tibbi avadanlıqlar vasitəsilə, yüksək peşəkarlıqla müxtəlif cərrahiyyə əməliyyatları icra edəcək, müayinə və müalicələri həyata keçirəcəklər.

Cərrahiyyə əməliyyatları paytaxt Daşkəndlə yanaşı, Özbəkistanın Səmərqənd, Xarəzm, Buxara, Nəvai və digər bölgələrində aparılır.

Tibbi prosedurlar neonatal minimal invaziv cərrahiyyə, uşaq cərrahiyyəsi, transplantologiya, minimal invaziv laparoskopik və histeroskopik cərrahiyyə, travmatologiya və ortopediya, onkologiya və oftalmologiya, ağır rekonstruktiv əməliyyatlar kimi sahələri əhatə edir.

Qeyd edək ki, Daşkənd, Səmərqənd, Cizak və Sırdərya vilayətlərində uşaq cərrahiyyəsi, transplantologiya əməliyyatları artıq uğurla başa çatıb.

Sırdərya və Buxara vilayətlərində oftalmologiya və gözün mikrocərrahiyyəsi prosedurları da icra olunub.

Səmərqənd, Buxara və Nəvai vilayətlərində travmatologiya və ortopediya, Namangəh və Xarəzm vilayətlərində isə onkologiya, oftalmologiya kimi əməliyyatlar həyata keçirilib.

Həmçinin, bud-çanaq total endoprotez, diz oynağının total artoplastikası, böyrək transplantasiyası, skolioz deformasiyası və digər mürəkkəb əməliyyatlar da müsbət nəticələrlə tamamlanıb.

İcra olunan birgə cərrahiyyə əməliyyatları Özbəkistanın müxtəlif aparıcı media resurslarında geniş şəkildə işıqlandırılır.

Oktyabr ayının 11-ə kimi davam edəcək "Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası" çərçivəsində 100-dən artıq birgə cərrahiyyə əməliyyatlarının icrası planlaşdırılır.
Bu layihə iki qardaş ölkənin səhiyyə sahəsindəki əlaqələrini yeni müstəviyə keçirir. Birgə fəaliyyət iki ölkənin praktiki tibbi təcrübə mübadiləsinin keyfiyyətcə yeni istiqamətdə inkişafına şərait yaradır. Həmçinin, vahid məkanda birgə əməliyyatların real vaxt rejimində aparılması, səhiyyə və tibbi peşəkarlığın artırılmasına xidmət edir.

"Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası" çərçivəsində icra olunan birgə cərrahi əməliyyatlar səhiyyə sahəsində uğurlu bir tarixin başlanğıcıdır.

Belə tədbirlər ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə önəmli töhfələr verir.



 
XƏBƏR LENTİ
11.10.2024 3677

DİGƏR XƏBƏRLƏR

Loading
Top