Həbs ediləsi biri varsa o Rza Rzayev yox, “döyülən” direktor Tural Mirzaliyevdir – ARAŞDIRMA

Sadə xəbər
CƏMİYYƏT 19.05.2023 2121

 

​​​​​​

Ötən gün xəbər yayıldı ki, istedadlı aktyor, rejissor və ssenarist olan Rza Rzayev həbs olunub:” Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilərək, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb”. Bu xəbər də ənənəvi olaraq cəmiyyəti 2 hissəyə böldü: Bir Rzasevərlər, bir də Rzanı cinayətkar çıxarıb tənqid edənlər!
Mən də ənənəmə sadiq qalaraq anladığım, ağlımın, savadımın, dünya görüşümün verdiyi məntiq və genetik ədalət hissimə arxayın olub bu yazını yazmağı özümə borc bildim! Əvvəlcədən xəbər verim ki, Allahım da şahiddir, Rzayevi şəxsən tanımıram, heç vaxt qarşılaşmamışam, “salam-əleykim”imdə yoxdu. Və Allahım şahiddir ki, heç kəs mənə bu haqda yazmağı tapşırmayıb!

Hadisənin başlanması səbəbləri: Təhsil sistemindəki özbaşınalıq

2018-ci ilin fevralında  220 saylı məktəbdə direktor müavini vəzifəsində çalışan Zeynəb Rzayeva heç bir tutarlı fakt olmadan işindən azad edildi. Haqsızlığa qarşı nə qədər etiraz etsə də heç nəyə nail olmayan müəllimənin ilk giley yeri qardaşı olur.  Rzanın baçısı Zeynəb xanımın işdən çıxarılmasına etiraz etməsi və direktorun yanına gələrək məsələni dinc yolla “həll eləməyə” çalışması xoşagəlməz mənzərə ilə bitir. Burda bir el məsəli deməsəm olmaz: “Oğru elə bağırıb ki, doğrunun bağrı yarılıb” . İşçini haqsız yerə işdən çıxaran Tural Mirzalıyev kimi.

Rza dinc söhbətə getdiyi halda “çox sakit və təmkinli” amma ədalətsiz məktəb direktorunun ünvanına niyə nalayiq ifadələr səsləndirib?. (Durduğu yerdəmi?) Bəlkə işdən çıxartığı işçilərin etirazına “əlin hara qəlbidir, get ora qoy” deyən məmur “performansı” Turalı hədəf edib?  Bütün bu olanlar direktorun xidməti otağında açıq şəkildə quraşdırılmış video kameradan görüntülənib. Bu qalmaqal məhkəmə müstəvisinə çıxıb və tərəflər bir-birindən şikayətçi olublar.

Maraqlıdır, görəsən, direktor nümunəvi bir işçini işdən çıxardarkən nazirliyin fikrini nəzərə alıb, yaxud bu haqda məsləhətləşmə olub?

 Rza Tural niyə döydü?: Təhrik, yoxsa, planlaşdırılmış oyun?

Daha sonra T.Mirzəliyev 175 saylı məktəbin direktoru təyin edildi, hadisədə həyəcan səngimədi. Növbəti məhkəmə zamanı – 20 noyabr 2018-ci ildə Mirzəliyevə aktyor Rza Rzayev tərəfindən Nizami Rayon Məhkəməsinin qarşısında ağır bədən xəsarətləri yetirildiyi rəsmən elan olundu:”Məhkəmə iclasından sonra tərəflər arasında yenidən mübahisə düşüb. Rza Rzayev məktəb direktorunu döyərək ağır bədən xəsarətləri yetirdi.Direktor 3 saylı Sabunçu xəstəxanasına yerləşdirildi”.

Rza Rzayev elə həmin hadisədən bir gün sonra “Yeni Müsavat”ın canlı efirində çıxışı zamanı bildirdi ki, sadəcə söhbət etməyə getdiyi məktəbdə qarşı tərəfin ona nalayiq sözlər işlətməsi olmasaydı münaqişə də yaranmayacaqdı.
.
Rzayev bildirir ki, məsələ ilə bağlı bizi təhqir edən, qəbul edilməsi mümkün olmayan sözlər işlədən valideynlər barəsində hüquq-mühafizə orqanlarına şikayət etmişdim.Tural  onun haqqında şikayət və iddia olmadığı təqdirdə bütün məhkəmə proseslərində məhkəmə qarşısına gələrək valideynlərə dəstək verirdi. Bir neçə dəfə ondan soruşmuşdum ki, sənin iş saatında(175-də direktor) burada nə işin var? Məqsədin nədir? Mənə kobud və təhrikedici şəkildə cavablar verirdi. Amma mən o günə qədər səbirlə yanaşmışdım: “Məhkəmənin önündə qarşılaşdıq. Maşından yanında bir nəfər oğlanla düşdü. Sonradan bilmişik ki, qaynıdır.
Üç valideynlə birlikdə məhkəmə prosesinə gəlmişdi. Adını açıqlamaq istəmədiyim hörmətli ağsaqqalları mənim yanıma göndərirdi ki, məsələni bağlayaq, xoşluqla həll edək. Amma mən bu yerdən sonra qanunla həll edəcəyimi deyirdim.
Orada Turala dedim ki, mənim yanıma adam göndərirsən ki, məsələni xoşluqla həll edək, özün də burada belə hərəkətlərə yol verirsən?
O isə mənə yalan danışdığımı deyərək ifadə edə bilməyəcəyim ağır söyüşlə cavab verdi. Heç bir kişi bu cür sözləri qəbul etməz. Mən də özümə hakim ola bilmədim. İlk zərbəni kimin endirdiyini xatırlamıram, amma məni təhrik etdiyini deyə bilərəm”.
Bir nüansa diqqət edək: Azərbaycan kişisinin pulunu, varını al, təkcə ona” ana-bacı” söyüşü söymə. Bunu əsl kişi olanlar bilir. ( kişi olmayanlar da bilir). Bir söyüşə görə, nəsillər qanlı-bıçaq olub. Ölənlərin –öldürənlərin sayı itib. Əslində işdən çıxarılmış Zeynəb xanımın haqlı tələb və iddialarına son qoymaq üçün, “əmri”ni haqlı çıxartmaq xatirinə özünü “döydürmək” planı direktorun özünə məxsus ola bilərmi? Bilər!

Məhkəmə niyə Rzanın fikirləri, sübut və ifadələrini diqqətə almır ?

Rza bildirir ki, aramızda mübahisə yarandı. Yanındakı oğlan əlini cibinə atdı və soyuq silah çıxardı:” Direktorun tərəfini tutanlara səslənirəm, ədalətli mövqe tutursunuzsa, niyə qarşı tərəfin bizim üstümüzə bıçaq çəkdiyi haqqında danışmırsınız?
Turalın gözündə eynək olduğundan, yəqin, mən zərbə vuranda eynək onun qaşının üstünü zədələmişdi. Balaca bir çapıq vardı və qan axırdı. Mənim isə qolum əzildi, köynəyim cırılmışdı. Tural heç kimə imkan vermirdi ki, o, qanı silsin. Bilərək elə dayanmışdı ki, şəkillərini çəksinlər. Mübahisəni telefonla çəkənlər vardı, videolara da baxa bilərsiniz. (Sizcə, haqlı tərəfi, haqsız duruma salmaq üçün bundan artıq nə etmək olar?)
Onun ( o vaxt) xəstəxanada olduğunu və vəziyyətinin ağır olduğunu deyirlər. Mən çox xahiş edirəm, sizin kollektiv getsin xəstəxanaya, onun vəziyyəti ilə tanış olsunlar. Başını 2-3 qat sarğıya alıblar. Bir baxın, görün o dərəcə böyük xəsarət olub, yoxsa olmayıb? Bu məsələni mən qanuni çərçivədə həll etdikdən sonra, Turalla ikilikdə söhbət edəcəyimi onun özünə də demişəm.
İzləyicilərdən də üzr istəyirəm ki, onların qarşısına bu cür xoşagəlməz hadisələrlə çıxırıq. Amma yenə də deyirəm, qarşıda həbs edilmək, polisə düşmək var deyə mən o nalayiq sözləri qəbul edə bilməzdim. Həbsxana da Azərbaycanın bir hissəsidir. Əgər qanun pozmuşamsa, buna Tural və ya başqaları yox, birmənalı olaraq aidiyyəti orqanlar qərar verə bilər. Cəzam nədirsə, çəkməyə hazıram”.(2018-ci il)

Qaranlıq məqamlar, yoxsa Turala haqq qazandırmaq “çalışmaları”

2018-ci ildə hadisəni isti-isti canlı yayımda danışılması bir çox qaranlıq məqamlara işıq sala bilərmi deyib düşünürəm: Niyə sonra Turalın yarası, yarasının dərəcəsi ictimayyətə video şəklində təqdim edilmədi? Niyə Tural müəllim dərs vaxtı 175 saylı məktəbin məsul şəxsi kimi məktəbdə deyil, şikayətçi  valideynlərlə Rzanın məhkəməsində idi? Tural qanunsuz olaraq işçini işdən çıxarmasının səbəblərini  – hesabatını ictimaiyyətə yaxud aidiyyəti orqanlara niyə  bildirmədi?
Bundan başqa, Rzanın əvvəllər bu tip cinayət əməli olubmu?Nə vaxtsa kiməsə qarşı belə bir təşəbbüs göstəribmi? Araşdırmalarımıza əsasən deyə bilərik ki, xeyir!

Rza göründüyü kimi fiziki cəhətdən sağlam və güclüdür. Tanıyanların dediyinə görə, kifayət qədər də səbrli və məntiqli biridir. Eyni zaman da danışığını, hərəkətini bilən ağıllı adamdır! Bunu onunla uzun illər qonşu, iş yoldaşı, dost olanlar deyir. O zaman Rzanı qarşı tərəfin cinayətə təhrik etmədiyi nə məlum? “Ana-bacı” söyüşü ilə Rzanı ya “nakişi” kimi susmaq, ya da “kişi kimi vurmaq” seçiminə kim gətirib? Niyə məhkəmə xırda, amma belə mühüm nüanslara diqqət yetirməyib? Niyə adi bir “xuliqanlıq” 5 il məhkəmələrdə get-gələ səbəb olub ? Axı bu tip hallar uzağı 1 ay müddətində layiqli cəzasını alır…

Turalın Rzanı “içəri saldırmaq” prinsipinin arxasında nə durur?

Maraqlanırsınızsa ki, T. Mirzalıyev axı niyə Rzanı “içəri saldırmaq” həvəsində olub, onu da açıqlayaq. Yuxarıda qeyd etdiyim kimi, məktəbdə ibtidai siniflər üzrə direktor müavini Zeynəb xanımın ədalətsiz, haqsız olaraq direktor işdən çıxardı. Zeynəb xanım etiraz etdi, amma səsi heç yerə çatmadı, Rzanın tanınmış şəxs olaraq məsələyə girişməsi məktəbin daxilində baş verən ədalətsizliyi ortaya qoydu. Bu da Turalın ona etimad göstərib vəzifəyə qoyanların yanında “minus”u kimi dəyərləndirilə, işdən çıxarıla, lap töhmət almasına səbəb ola bilərdi. Mütləq diqqəti bu məqamdan yayındırıb başqa səmtə yönəltmək lazım idi. “Özünü döydürmək” həm  məsələnin istiqamətini dəyişir, həm də Rzanı ictimaiyyətə “mədəni müəllimi döyən pəzəvəng” kimi tanıtdırır. Hazırda Rzaya hücuma keçənlər Turalın qurduğu tora düşənlərdir.

Qanunları istədiyi  vaxt ayaq altına atan direktoru təhsil sistemindən uzaqlaşdırlmaq əvəzinə….

Nəsimi Rayon Məhkəməsində Zeynəb Rzayevanın 220 saylı məktəbdə işinə bərpa olunması ilə bağlı iddiası əsasında baş tutan məhkəmə prosesindəki qərara əsasən iddia təmin olundu və Z.Rzayeva 220 saylı məktəbdə direktor müavini vəzifəsi üzrə işinə bərpa olundu.Hətta məhkəmə  Z.Rzayevaya işləmədiyi müddətə görə Bakı Şəhər Təhsil İdarəsi tərəfindən müvafiq miqdarda kompensasiya ödənilməsi barədə qərar çıxartdı.
Bəli, bu təhsil sistemindəki yarıtmazlığın məntiqi nəticəsini sübut edən bir hadisədir. Heç bir tutarlı fakt olmaya-olmaya, səlahiyyətindən istifadə edib, tabeliyində olan pedaqoqun ictimaiyyətdəki imicinə kölgə salmaq, onu qanunsuz şəkildə işindən uzaqlaşdırmaq nə qədər doğru bir işdir? Belə bir rəhbəri 220 saylı məktəbdən götürüb 175 saylı məktəbə direktor qoymaq təhsilə xeyir gətirərmi?

Öz haqqını tələb edən işçiyə “əlin hara qəlbidi apar qoy ora” deyən məmur  atasının xanədanı bildiyi müəsissədən uzaqlaşdırılmalı, sonra da məhkəməyə sövq edilməli idi. Əgər belə olsaydı nə Rza məktəbə gələrdi, nə direktorla dava edərdi, nə də valideynlər direktorun əmrinə əsasən Rzanın üzünə dirənib, ona iş kəsdirərdilər. Azərbaycan Respublikası Elm vəTəhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi bu nüansı məhkəməyə çıxmadan öz kollegiya iclaslarında müzakirəyə qoyub, araşdıra bilməzdilər ki? Axı onları belə bir səlahiyyətləri var.

P.S. Əslində bu gün barmaqlıqlar arasında olmalı biri varsa, oda 175 saylı məktəbin direktoru Tural Mirzalıyevdir.
Bax beləcə, bir mərd, ağıllı, özünü –sözünü bilən bir vətəndaşı “qova-qova” namərd (oxu: cinayətkar, xuliqan) elədik.
Xuliqanı da, cinayətkarı da, onları havadarlıq edəni, qəyyum duranı, bəd əməllərinə şərait yaradanları hər kəs görür! Heç kim çörəyi qulağına yemir!

Əntiqə Rəşid, “Ədalət” qəzeti

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top