Xankəndidə nə verir baş? - FOTO

GÜNDƏM 27.12.2022 1176

Kubra Məhərrəmova yazır...

Əvvəla ondan başlayaq ki, bu gün artıq yarım aydan çoxdur ki, azərbaycanlı ekofəallar, QHT nümayəndələri Xankəndi-Laçın yolunda etiraz aksiyasına yüksək əhvali-ruhiyyə ilə davam edirlər. Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat və təchizat avtomobillərinin, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin müşayiəti ilə Xankəndidən Ermənistana müalicəyə ehtiyacı olan xəstələri aparmaq üçün də şərait yaradılıb. Ümid edək ki, Azərbaycanın qanunları ilə yaşamaq istəməyən xeyli erməni də bu yolla Xankəndini tərk edər. 

Dediyim odur ki, Xankəndidə acından, xəstəlikdən ölən yoxdur. Apteklərdə dərman, dükanlarda da ərzaq var. Sadəcə həmişəki kimi şivənlik edirlər. 

Açıq internet resurslarında bütün bunları və Xankəndidə yaşayan əhalinin gündəlik həyatını əks etdirən onlarla videolar var... 

Videoların birində bazarda “pirojki” bişirib satan xala arsız-arsız deyir ki, üç ildir müharibənin üstündən keçib, bizim hökumət heç nə eləmir. Möhkəmlənmir ki, Azərbaycana layiqli cavab versin. 

Ay xala, nə qədər imkan var, sən get “pirojki”ni sat. Çünki sabah Xankəndiyə bizim Gigiyena və Epidemiologiya Mərkəzinin (sanepidemstansiya), FHN-in işçiləri gələndə, əlindəki xəmir haqqı o “pirojki”ni bişirə bilməyəcəksən. Əlində qalacaq, bax mən sənə deyirəm. 

Çünki biz ilk növbədə vətəndaşlarımızın qida təhlükəsizliyini həyata keçiririk. Sənin o “pirojki” bişirdiyin tavada, o tasda, o xəmirdə biologiya elminə məlum olan və məlum olmayan o qədər parazit var ki... Allah haqqı belinə şəlləyəcəklər cəriməni, qalacaqsan altında.  

Onda da ağlayacaqsan ki, bəs Azərbaycan hökuməti imkan vermir “pirojki”mizi bişirək. Əslində əla bir çıxış yolu var. Deyirlər Makron yaxşı “pirojki” bişirən xalalar axtarır, “Eyfel” qülləsinin altında “qədim erməni pirojkisi” bişirib satmaq üçün. Odur ki, rahat yığışıb gedə bilərsiniz. 

Xankəndidə baş tutanmı, tutmayanmı mitinqdə Ruben Vardanyan çıxış edərək, “Artsaxın” üç yolu olduğunu bildirib.

“Bizim üç yolumuz var: Azərbaycana inteqrasiya etmək, çıxıb getmək və ya döyüşmək. Mən qərarımı sentyabrın 2-də vermişəm, buradayam, döyüşürəm, getməyəcəyəm və Azərbaycanın tələblərinə tabe olmayacağam”, - deyə Vardanyan bildirib. Nə ilə, ay Vardanyan? “Pirojki” tavasıyla, ya xəmir atacaqsınız? 

Biz artıq anlamalıyıq ki, Xankəndidə yaşayan beş-üç terrorçunun bizimlə dava-dalaş etməsi mümkün deyil. Oranı xeyli sayda tərk etmək istəyən adamlar var, evlərini satıb getmək istəyirlər. Çünki zamanında Xankəndidə qeyri-qanuni məskunlaşıblar. Bizim evlərimizi, torpağımızı zəbt ediblər. İndi də satırlar. Bir özünüz də cəhd edin, axtarışa yazsanız, xeyli sayda Xankəndidə ev satışı elanı görəcəksiniz. Qiymətlər niyə ceyran belindədir, onu başa düşmədim. Əgər qiymətləri bizim üçün yazıblarsa, biz o qiymətə elə tövlə alan deyilik. Alsaq da, həmin evləri buldozerin ağzına verib, təzədən tikəcəyik. Amma ermənilərin həyasızlığını yazdıqları ev elanlarında da anlamaq mümkündür. Yazıb ki, bağ evi satılır, “yevroremont”. Fotonu qoyuram, baxın erməni  “yevroremontuna”. Sonra da hay-haray salacaqlar ki, “yevroremontlu” evimizi qoyub Parisə gəlmişik. Makron bizə “Luvrda” ev ver. İnşallah elə də olar, yapışarlar Makronun yaxasından. 

İndi isə qayıdıram Xankəndidə bir qrup terrorçunu başına yığan Arutyunyan və Vardanyana. Heç kimə sirr deyil ki, bunların hər ikisi Azərbaycanın suveren ərazilərində cinayət törədən terrorçulardır. Onlara hərbi, maddi dəstəyi verən də müəyyən qüvvələr, dəstələr var. İndi buna erməni lobbisi deyək, yoxsa erməni kilsəsi?! Nə desək axırı eyni hesab-kitabdır. 

Dəfələrlə şahidi olmuşuq ki, Amerikada, Avropanın gözəl şəhərlərində, elə Rusiyanın cürbəcür şəhərlərində yaşayan, bir az əli yuxarı olan ermənilər başlayır sosial təminatı aşağı olan erməni əsilli vətəndaşlarımıza “qaz” verməyə ki, siz döyüşün. “Artsax” üçün son qanınıza qədər vuruşun, “Artsax” bizim ürəyimizdir və s.  Böyük erməni dünyası sizi unutmayacaq və s. 

Mənə həmişə elə gəlirdi ki, ermənilər daha mehriban, bir-birlərinə daha çox can yandırandırlar. Amma indi görürəm ki, heç də elə deyil. 

Getməyə yeri olmayan erməniləri Arutyunyanla Vardanyan Xankəndidə girov götürüb saxlayır. Onlara itaət etməkdən boyun qaçıranlar isə (videolar da var internetdə) fiziki zorakılığa məruz qalırlar. Döyülür, söyülür, ölümlə təhdid olunurlar. 

İndi məndə sual yaranır. Madam ki, bu gün bütün dünya insan haqlarının müdafiəsi üçün, eynicinsli adamların evlənməsi üçün və s. ən absurd məsələlər üçün bu qədər yaxasını cırır, niyə Xankəndidə Arutyunyan və Vardanyan cinayətkar cütlüyü tərəfindən aparılan bu repressiyaya münasibət bildirmir? Hanı beynəlxalq təşkilatlar? Hanı insan hüquqlarını təmsil edən təşkilatlar? 

Niyə Azərbaycanın hakimiyyəti altında yaşamaq istəyən Xankəndi ermənilərin müstəqil seçim etmək, azad yaşamaq kimi təməl hüquqları müdafiə olunmur? 

Deməli ki, söhbət bir insanın azad seçimindən getmir. Bu heç bir dünya təşkilatına maraqlı deyil. Bu gün də, 30 il əvvəl olduğu kimi dünyada baş verən cinayətkarlığa susurlar. Əvvəl bu repressiyalar ermənilər tərəfindən İrəvanda yaşayan azərbaycanlılara qarşı törədilirdisə, bu gün millətçi ermənilər bunu öz soydaşlarına qarşı həyata keçirirlər. Bu isə Xankəndidə hadisələrin daha intensiv halda inkişaf etməsinə gətirib çıxaracaq. 

Vardanyan da, Arutyunyan da bilirlər ki, onlar Azərbaycanın suveren ərazisində cinayət törədir və Azərbaycanın vətəndaşlarına qarşı terror aktı törədirlər. Bunun cəzasını da bilirlər!

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top