8 yaşlı Elmira dəstək gözləyir: Əməliyyat olunmasa, gözünü amputasiya edəcəklər - FOTO

GÜNDƏM 21.12.2022 1312

“Yeddi illik həsrətdən sonra Allah mənə bir övlad verdi. Ancaq qızım səhhətində ciddi problemlərlə dünyaya gəlib. Onu sağaltmaq üçün sizin köməyinizə ehtiyacımız var”.

Bu sözlərlə Media.Az-a Əlimə Musayeva müraciət edib.

Onun səkkiz yaşlı qızı Elmira Rüstəmovanın təcili olaraq əməliyyata ehtiyacı var, əks halda qızın gözü amputasiya olunacaq.

“Elmira doğuluşundan etibarən hərəkət edə bilmir, demək olar, danışmır, zəif görür və gündə üç dəfə qıcolmalardan əziyyət çəkir. Atası heç ona yaxın durmur. Mən təkbaşına həkimlərə göstərir, həyatı uğrunda mübarizə aparıram. Keçmiş ərim ancaq əsəblərimizi pozmaqla məşğul idi, sonra bizi ümumiyyətlə evdən də çıxardı. Boşandıqdan sonra qızımla bərabər valideynlərimin yanına köçdük”, - keçmiş həyatı haqda danışan ana söyləyib.

Qadının sözlərinə görə, uşaq beş yaşında hərəkət etməyə başlayıb, lakin bu onun görmə qabiliyyətini daha da pisləşdirib:

“Müayinələr nəticəsində onun gözündə şiş aşkarlanıb. Yerli həkimlər deyirlər ki, şiş götürüləcəyi təqdirdə uşağın gözü də amputasiya edilməlidir”.

Lakin Türkiyədən olan mütəxəssislər Əlimə Musayevanı əmin ediblər ki, ağır tədbirlərə əl atmadan da əməliyyatı həyata keçirib səkkiz yaşlı Elmiranın gözlərini müalicə edə bilərlər.

Əməliyyat üçün Türkiyəyə yollanmaq 10 min manata başa gələcək, ailənin isə bu qədər pulu yoxdur.

“Xeyirxah insanlardan bizə kömək etmələrini xahiş edirəm. Mənim həyatımın mənası Elmiradır, ondan başqa heç kimim yoxdur. Onun vəziyyəti hər keçən gün daha da pisləşir, yaddaşını itirir... Gözünü itirsə, bizim üçün əsl faciə olacaq...” – yardım üçün insanlara səslənən ana qeyd edib.

Media.Az-ın redaksiyası səkkiz yaşlı balacanın səhhətinə biganə qalmayan hər kəsi Elmiranı düşdüyü bu çətin durumdan çıxarmağı və xeyirxah insanlardan ona bacardıqları maddi köməyi əsirgəməməyi rica edir.

8 yaşlı Elmiraya kömək etməyi arzu edənlər aşağıdakı bank kartına pul köçürməklə ona öz dəstəklərini göstərə bilərlər: 4169 7388 2380 6850

 



XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top