Qiyməti 15 mindən yuxarı olan daşınar əmlakın alqı-satqısının nağdsızlaşdırılma səbəbi nədir? - RƏY + FOTO

CƏMİYYƏT 19.12.2022 1204

Milli Məclisin bir neçə gün əvvəl baş tutan iclasında “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən yeni - 3.4.16-cı maddə müzakirəyə çıxarılıb. Sözügedən maddəyə əsasən, ümumi məbləği 15 min manatdan yuxarı olan daşınar əmlakın alqı-satqısı yalnız nağdsız qaydada həyata keçiriləcək. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Qanun qəbul ediləcəyi təqdirdə 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək. 

Maraqlıdır, bu qərar nəyə xidmət edir? 

Mövzu barədə Saat24.Az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə qeyd edib ki, bu gün Azərbaycanda nağdsız əməliyyatların həyata keçirilməsiylə bağlı hökumət tərəfindən ciddi addımlar atılmaqdadır:

“Əgər biz gələcəkdə iqtisadiyyatımızın şəffaflaşdırılmasını, uçot siyasətinin respublika üzrə düzgün həyata keçirilməsini, xüsusilə də vergi yığımlarının qaydaya salınmasını, vergi inzibatçılığının gücləndirilməsini istəyiriksə, birmənalı şəkildə ölkəmizdə nağdsız əməliyyatların inkişafına diqqət göstərməliyik. Bundan əvvəl biz digər sahələr üzrə nağdsız əməliyyatların həyata keçirilməsiylə bağlı limitlər təsdiq etmişdik. Məsələn, marketlərdə təxminən dörd min manatdan yuxarı olan birdəfəlik əməliyyatların nağdsız əməliyyatlar səviyyəsində həyata keçirilməsi artıq qanunvericilikdə öz əksini tapır”.

Millət vəkili diqqətə çatdırıb ki, hazırda nağdsız əməliyyatların inkişafına təkan vermək üçün bir sıra tədbirlər həyata keçirilir:

“Məsələn, ƏDV-nin geri qaytarılması zamanı nağdsız əməliyyatlardan geri qayıtmaların məbləğini artırmaq bunlardan biridir. 15 min manatdan yuxarı məbləğdəki daşınar əmlakla bağlı əməliyyatın da nağdsız həyata keçirilməsi bu istiqamətdə həyata keçirilən siyasətlərin tərkib hissəsidir. Düşünmürəm ki, kimlərsə bu prosesdən əziyyət çəksinlər. Çünki burada elə də ciddi problem olmayacaq, istənilən şəxs banka yaxınlaşaraq özünə hesab aça və istənilən məbləği öz hesabına köçürə bilər. Yəni bu qanun banklarda dövriyyələrin artırılmasına yox, birbaşa ölkəmizdə nağdsız əməliyyatların həcminin genişləndirilməsinə xidmət edir”.

İqtisadçı-ekspert Toğrul Vəliyev isə bildirib ki, söhbət rəsmi əməliyyatlardan gedir:

“Məsələn, bazarda insanlar hansısa məhsulu satmaq və ya almaq istəsələr, nağd şəkildə də, nağdsız da əldə edə bilərlər. Bu qərarın əsas məqsədi ondan ibarətdir ki, bütün əməliyyatların qeydiyyatı aparılsın, uçot daha da yaxşılaşdırılsın, dövlət büdcəsinə müvafiq vergilər ödənilsin.  Yəni dövlət iqtisadiyyatda baş verən proseslər barədə dəqiq və ətraflı məlumata malik olsun.  Məsələdə ciddi problem görmürəm. Şəxslərin əməliyyatı necə həyata keçirəcəkləri onlardan asılıdır. Onsuz da, kimsə göstərilən məbləğdə əməliyyatı nağd icra etmək istəsə, bu, pozuntu kimi qəbul olunacaq və onun da fəsadları ola bilər”.

XƏBƏR LENTİ
17.04.2024 3201

DİGƏR XƏBƏRLƏR

Loading
Top