FHN: Sumqayıtda yanğın söndürülüb - YENİLƏNİB + FOTO/VİDEO

HADİSƏ 29.04.2022 1873

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın saat 08:24-də söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunur ki, hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür. Hadisə nəticəsində xəsarət alan olmayıb. 

FHN-in və Baş Prokurorluğun müstəntiqlərindən ibarət yaradılan istintaq qrupu tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

05:01

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər, o cümlədən yanğınsöndürmə qüvvələrinin peşəkar və fədakar fəaliyyəti sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə Oxu.Az-a FHN-in Mətbuat xidmətindən bildirilib.

Ümumilikdə təqribən 5 000 kv.m sahədə baş vermiş yanğın 4 000 kv.m sahədə söndürülüb, qalan hissənin söndürülməsi və soyutma işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

23:51

Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye parkı“ kompleksinin ərazisində baş verən yanğın davam edir.

Baku TV-nin hadisə yerindən reportajını təqdim edirik:

23:38

“Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

FHN ərazidən yeni video yayımlayıb.

23:12

Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye parkı“ kompleksinin ərazisində baş verən yanğının əhatəsi genişlənir.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğının əhatə dairəsi böyüyüb. Göstərilən səylərə baxmayaraq yanğını söndürmək hələ mümkün olmayıb.

Yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib.

Hazırda yanğının lokallaşdırılması və söndürülməsi üzrə tədbirlər davam etdirilir.

Qeyd edək ki, ətraf mühit və insanlar üçün ciddi təhlükə yarada biləcək partlayıcı və zəhərli maddələri anbarlardan çıxararaq təhlükəsiz yerə daşınıb, işçilərin təxliyəsini təmin olunub.

21:27

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində başlayan yanğını söndürmək mümkün olmayıb.

Oxu.Az xəbər verir ki, yağ-qida zavodu ərazisindəki yanğın hələ də davam edir.

“Global Photo Stock”un əməkdaşı yanğın yerindən fotoları lentə alıb.

FOTO: Tapdıq Abdullayev

21:04

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində başlayan yanğın davam edir.

Oxu.Az xəbər verir ki, İctimai TV yanğının baş verdiyi ərazidən video görüntülər yayımlayıb.

Qeyd edilib ki, hadisə yerində partlayış səsləri eşidilir.

Həmin sujeti təqdim edirik:

19:47

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərinə cəlb edilib.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri ilə yanaşı, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, eləcə də yanğın qatarı yanğının söndürülməsi əməliyyatına cəlb olunub.

Əlavə məlumat veriləcək.










19:23

Sumqayıtda “Azərsun Sənaye Parkı”nın ərazisində baş verən yanğının yeni görüntüləri yayılıb.

Oxu.Az “Azərsun Holding”in yağ-qida zavodundakı yanğının yeni görüntüləri təqdim edir:

18:25

"Azərsun Sənaye Parkı”nda yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

17:59

Sumqayıtda yerləşən zavodların birində yanğın başlayıb.

Bu barədə Bakupost məlumat yayıb.

Bildirilib ki, Bakı-Quba yolunun kənarında yerləşən iri zavodlardan birində başlayan yanğın hələ də davam edir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top