
"Türkiyə bölgədənkənar güclərin Suriyanı öz maraqlarına uyğun şəkilləndirməsinə qəti şəkildə imkan verməyəcək".
Bunu Saat24.Az-a Türkiyənin istefada olan briqada generalı Yücel Karauz Suriya hökumətinin müdafiə qabiliyyətini gücləndirmək və terror təşkilatları ilə mübarizə çərçivəsində rəsmi Ankaradan dəstək istəməsini şərh edərkən söyləyib.
"Türkiyə yeni Suriya hökumətinə töhfə verəcək"
Onun sözlərinə görə, Əhməd əş Şaraa hakimiyyətə gələndə "bir dövlət, bir ordu" çağırışı ilə Suriyadakı silahlı qruplara birlik mesajı verib:
"Lakin bu günə qədər həmin qruplar silahı yerə qoyaraq Suriya ordusuna qoşulmaq çağırışına müsbət cavab verməyiblər. Bunun əsas səbəbi bəzi regional ölkələrin və regiondankənar güclərin Suriyanın qeyri-sabit strukturunu saxlamaq istəməsidir".
Karauz Türkiyənin Dəməşq hökumətinin birlik çağırışını uzun müddətdir dəstəklədiyini, lakin mövcud hərbi strukturdakı problemlərin aradan qaldırılmaması səbəbindən dəstək istəyinin Ankaraya çatdırıldığını vurğulayıb.
"Suriya hökuməti ordusundakı struktur problemləri aradan qaldıra bilmədiyi üçün son hadisələrlə əlaqədar Türkiyədən yardım istəyib. Türkiyə müdafiə və təhlükəsizlik arxitekturası, təşkilatlanma, təlim-tədris, hərbi məktəb fəaliyyətləri də daxil olmaqla, bir çox sahədə Suriyaya töhfə verəcək. Bu dəstək təkcə Suriya üçün deyil, bütün bölgə üçün sabitliyin əsasını qoyacaq".
"İŞİD və PKK təhdid olaraq qalır"
Terrorla mübarizənin də gündəliyin əsas məsələlərindən biri olduğunu xatırladan Karauz İŞİD-in hələ tam zərərsizləşdirilmədiyinə diqqət çəkib:
"Məlum olduğu kimi, İŞİD hələ də tam məhv edilməyib. Bu təşkilat regional təhlükəsizlik baxımından təhdid olmağa davam edir. Eyni şəkildə Suriya ərazisindəki PKK və PYD kimi təşkilatlar da silahlarını yerə qoymadığı müddətcə təhdid olmağa davam edəcəklər. Türkiyə bu mövzuda Suriyaya hər cür dəstəyi verməyə hazırdır".
"Türkiyə vahid Suriyanı dəstəkləyir"
İstefada olan briqada general əlavə edib ki, Türkiyə əvvəldən parçalanmamış, suveren və vahid Suriyanı dəstəklədiyini bəyan edib:
"Türkiyə regiondankənar güclərin Suriyanı öz maraqlarına uyğun şəkilləndirməsinə qəti şəkildə imkan verməyəcək. Bu dəstək təkcə hərbi deyil, həm də strateji tərəfdaşlıq baxışının bir hissəsidir".