

Bakıvaxtı.az xəbər verir ki, bağlanış mərasimində layihə rəhbəri Sevda İsmayılova çıxış edərək bildirib ki, layihənin əsas məqsədi məktəb icmasında sosial mühiti möhkəmləndirmək, şagirdlər arasında sağlam münasibətlərin və əməkdaşlıq mədəniyyətinin inkişafına dəstək olmaqdır. O, qeyd edib ki, belə təşəbbüslər şagirdlərin gələcəkdə əmək bazarına daha hazırlıqlı, sosial bacarıqlara malik fərdlər kimi yetişməsinə zəmin yaradır.
Layihə çərçivəsində V.Ağakişiyev adına 12 nömrəli tam orta məktəb, D.Nağıyev adına 9 nömrəli tam orta məktəb və İnteqrasiya təlimli internat tipli gimnaziyanın şagirdləri üçün 14 gün ərzində ümumilikdə 56 akademik saatlıq təlim kursu təşkil olunub. Təlimlər komanda quruculuğu, karyera planlaması və şəxsi inkişaf mövzularında ixtisaslaşmış təlimçi Fərhad Abdulov tərəfindən aparılıb.
Təlimlərdə iştirak edən 50 nəfər şagird layihə boyunca komanda ruhu, liderlik və effektiv ünsiyyət kimi mühüm bacarıqlarla tanış olub, həmçinin məktəb icmasında daha fəal və təşəbbüskar mövqe tutmaq üçün motivasiya qazanıblar.
Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub, təlimlər zamanı əldə edilən bilik və bacarıqlar yüksək qiymətləndirilib. Bağlanış mərasimi iştirakçılar üçün unudulmaz anlara çevrilib və layihənin davamlı təsiri ilə bağlı ümidlər ifadə olunub.



