
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) tapşırığı ilə Ombudsman yanında "Psixi sağlamlıq və İnsan hüquqları" sahəsində İşçi Qrupun fəaliyyəti çərçivəsində müxtəlif asılılıqlarla bağlı reabilitasiya xidmətləri təklif edən mərkəzlərin monitorinqi prosesinə start verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Ombudsman Aparatının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, monitorinq zamanı ciddi nöqsanlar aşkar edilib.
Monitorinqlər narkomaniya, alkoqolizm, ludomaniya və digər asılılıqlardan əziyyət çəkən şəxslərin reabilitasiyası ilə məşğul olan kişilər üçün "Parlaq həyat" və qadınlar üçün "Womens rehab" mərkəzlərində keçirilib.
Adıçəkilən mərkəzlərdə reabilitasiya prosesinə cəlb olunmuş şəxslərin hüquqlarının təmini məsələlərinin öyrənilməsi İşçi Qrupun üzvləri tərəfindən əsas araşdırma predmeti olub.
Monitorinq çərçivəsində həmin mərkəzlərin fəaliyyətinin hüquqi əsasları, sənədləşmə, qidalanma, tətbiq olunan reabilitasiya proqramları, rəftar, müraciət etmək hüququ kimi məsələlərlə bağlı müəssisələrin rəhbərliyi, əməkdaşlarla söhbət aparılıb, reabilitasiya keçən qadın və kişilər könüllü olaraq konfidensial qaydada qəbul edilib.
İşçi qrupun üzvləri tərəfindən, həmçinin mərkəzlərin yeməkxana, inzibati hissə, idman, gəzinti və istirahət zonalarına baxış keçirilib.
Yekunda Ombudsman Aparatının hüquqi maarifləndirici nəşrləri mərkəzlərin rəhbərliyinə təqdim edilib, müvafiq tövsiyələr verilib. Reabilitasiya Mərkəzlərində Ombudsmanın "916" Çağrı Mərkəzinin lövhələrinin mövcudluğu və pasiyentlərin Ombudsmana müraciət hüququnun təmin edilməsinin əhəmiyyəti vurğulanıb.
Məlumata əsasən, aşkar olunan nöqsanlar Ombudsmanın diqqət mərkəzindədir və bununla əlaqədar olaraq reabilitasiya xidmətləri göstərən mərkəzlərin monitorinqi prosesinin davam etdirilməsi, monitorinqlərin nəticələri əsasında təhlil işinin aparılaraq müvafiq təkliflərin hazırlanması planlaşdırılır.