
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
"Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasında qəzaya uğraması, bu hadisə nəticəsində həyatını itirənlərin və xəsarət alanların olması xəbərini dərin təəssüf hissi ilə qarşıladım.
Zati-alinizə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah-Taaladan diləyirəm ki, həyatını itirənlərə rəhmət eləsin, onların yaxınlarına səbir və təsəlli versin, xəsarət alanlara tezliklə sağalmalarını nəsib etsin! Allah Sizi bütün pisliklərdən qorusun!"
Bundan başqa, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud da dövlətimizin başçısına başsağlığı verib.
Məktubda deyilir:
"Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması nəticəsində insanların həlak olmaları və xəsarət almaları ilə bağlı xəbəri dərin təəssüf hissi ilə aldım.
Zati-alinizə və həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, Allah-Taaladan dünyasını dəyişənlərə rəhmət, xəsarət alanlara isə şəfa diləyirəm".
TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insan tələfatından kədərləndiyimi bildirir, Sizə və xalqınıza dərin hüznlə başsağlığı verir, ağrınızı bölüşürəm.
Bütün Türk dünyasında dərin kədərə səbəb olan qəzada həyatını itirənlərə TÜRKSOY-un Baş Katibliyi adından və şəxsən öz adımdan Allahdan rəhmət, yaralananların tezliklə sağalmalarını diləyirəm".
Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedra və vitse-prezidenti Rosario Muriyo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
"Aktau şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində insanların həyatını itirməsi ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı veririk.
Faciəvi hadisədə həlak olanlara Tanrıdan rəhmət, onların ailə üzvlərinə və yaxınlarına isə səbir diləyirik".