Manşet
Avropa Parlamenti il boyu Azərbaycana qarşı nümayiş etdirdiyi canfəşanlığı, ilin sonuna doğru, 19 dekabrda qəbul etdiyi növbəti qətnamə davam etdirdi.
Bu qətnamə Qərbin Azərbaycana qarşı qarayaxma kampaniyasının bu günə qədər bəyan edilən bütün detallarının sanki məcmusuna çevrilib. Belə ki, ölkəmizin əldə etdiyi uğurlar fonunda həyata keçirilən qərəz kampaniyası bu dəfəki qətnamə ilə bir az da genişləndirilərək, yalan, saxta, heç bir əsası olmayan “fakt” larla “bəzədilib”.
Yenə saxta məlumatlara və saxta rəqəmlər…, təhrif edilmiş həqiqətlər…
Əslində Avropa Parlamentinin bu sənədi müstəqil, suveren bir ölkənin daxili işlərinə bir başa müdaxilə cəhdi olmaqla bərabər, eyni zamanda bir çox köklü səbəbləri diqqət önünə gətirir.
Bu qətnamə Avropa Parlamentinin Azərbaycanofob, türkofob və islamofobiya mahiyyətini, ölkəmizə qarşı hazırlanan gizli gündəliklərin, reallaşdırılmağa çalışan siyasi maraqların əsl iç üzünü tam şəkildə ortaya qoyur.
Elə bir fakta diqqət etməyimiz fikirlərimizin təsdiqi üçün məncə yetərlidir. Ölkəmizin ərazisində insanlıq əleyhinə cinayət törətməkdə təqsirləndirilən keçmiş separatçı rejimin nümayəndələri və terrorçular bu sənəddə “erməni hərbi əsirlər” kimi təqdim olunur.
Fransa, Ermənistan və erməni lobbisinin sifarişlərinin dərhal icrası bu gün Avropa Parlamentinin siyasi simasının xarakterik cizgisinə çevrilib. Lakin bu qurum artıq bir “ənənə” halını alan saxta məlumatlarla “bəzədilmiş” qeyri-obyektiv açıqlamaların öz yiyələrindən başqa heç kimdə heç bir maraq doğurmadığını və getdikcə öz üzərinə daha çox şübhə çəkdiyini anlamış olmalıdır.
Jalə Əliyeva
Milli Məclisin deputatı