Sadə xəbər
"ƏRƏBŞÜNASLIQ VƏ ŞƏRQŞÜNASLIQ: MÜASİR DÜNYADA MƏDƏNİYYƏTLƏRARASI DİALOQ" mövzusunda Respublika elmi konfransı keçirildi. Konfransda məruzəylə çıxış etdim. Həmin məruzənin mətnini təqdim edirəm.
"Hörmətli cənab Rektor, hörmətli akademiklər, millət vəkilləri, dəyərli professor müəllim heyəti, əziz tələbələr!
Bu gün görkəmli bir Azərbaycan xanımının bitməz tükənməz işığına toplaşmışıq.
Aida xanımı ilk gördüyümdə 6 yaşımdaydım. O zamanın ən məşhur, tanınan, seçilən məktəblərindən olan 132 nömrəli məktəbin 1-ci sinfinə getdiyim ilk günlərdə, məktəbin girişindəki foyedə asılmış şərəf lövhəsindəki rəsimdə görmüşdüm, həmin rəsimlə tanımışdım onu. Məktəbin qızıl medallı, cəmiyyət tərəfindən tanınan, sevilən, ehtiram edilən, nüfuz sahibi məzunlarının portret şəkillərinin asıldığı bu lövhənin qarşısına keçər, dəqiqələrlə onun rəsmini seyr edərdim. Təbii ki, o zamanlar onun kim olduğunu bilmirdim. Və bu rəsmin də bu divara nə səbəblə asıldığını anlamırdım. Sadəcə gözəlliyinə tamaşa edirdim... Sonra, illər ötdükcə, mən böyüyüb sinifdən sinfə keçdikcə, məni, balaca qızcığazı əfsunlayan bu rəsmin sahibini daha dərindən tanıdım. Məktəbin orta siniflərində artıq şərqşünas olmaq qərarımı verdiyim üçün, ərəb dilinə böyük marağım olduğu üçün bu sahəni öyrənməyə başladlm. Və elə o zamanlarda qarşıma Azərbaycan Şərqşünaslıq elmində yeni yol açan Aida xanım İmanquliyeva, batini də bənizi kimi gözəl olan bir mükəmməl Azərbaycan qadını gerçəkliyi çıxdı...
Azərbaycanın, millətimizin XX yüzillikdə tarixi uğurlarından biri, məncə, həm də Azərbaycan qadınlığıdır, ictimai-siyasi, mədəni həyatın bütün sahələrində fenomen kimi qərarlaşmış müasir
Azərbaycan qadını!
Böyük fəxrdir ki, Aida xanım xalqımızın ilk ərəbşünas qızı, alimi, elmlər doktorudur. Şərq mədəniyyəti və ədəbiyyatının
dərin bilicisi, mahir tədqiqatçısı və təbliğatçısıdır. Dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli alim, professor Aida İmanquliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri
oxuduqca gözlərimiz önündə xeyirxah, nəcib və mütəfəkkir bir insan, mədəni-intellektual qadın obrazı canlanır.
Aida xanımda Azərbaycan qadınlarına xas olan ən nəcib keyfiyyətlər təcəssüm edirdi. Onun ömür yolu həyatın, varlığın
təməlindəki mənəvi bağları qurmağa can atan bir insan idrakının, bir ana, bir qadın ruhunun inikası idi.
Bəli, çoxşaxəli yaradıcılıq sahibi, onlarla dəyərli tədqiqatın müəllifi, ölkənin elmi-ictimai həyatında geniş fəaliyyəti ilə silinmız iz qoyan Aida xanım bütün bunların fövqündə həm də ailə ocağının müqəddəsliyini, Şərq qadınına məxsus
olan incə ruhu qoruyan əvəzsiz həyat yoldaşı, övlad sevgisi ilə yaşayan mehriban ana, qayğıkeş nənə, əsl xanım, zərif qadın idi.
Bəlkə də elə bu xarakterin ifadəsidir ki, xalqımızın tarixində ilkazərbaycanlı qadın ‒ ərəbşünas ‒ elmlər doktoru olan bu böyük
alim öz həyatını tariximinin, ənənələriminin minillik dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf etdi, özünün şəxsiyyəti və yaradıcılığı timsalında dünənimizlə bu günümüz arasında keçilən elmi, ədəbi yolun inkişafında görkəmli xidmətlər göstərdi.
Azərbaycanın elm tarixində əhəmiyyətli rolu
olan görkəmli alim Aida İmanquliyeva istedadlı şəxsiyyət və ictimai xadim kimi ədəbiyyatda, eyni zamanda, fəlsəfi
təfəkkürdə dərin iz qoydu. O, Azərbaycan elmi düşüncəsinin və fəlsəfəsinin islam aləmində yayılmasına nail oldu.
Aida xanım unudulmaz bir şəxsiyyətdir. O, təəssüflər olsun ki, qısa, amma çox
parlaq və xoşbəxt həyat yaşadı. Nəsir İmanquliyev işığına bürünərək gəlin köçdüyü, sadəcə bir gəncin deyil, insanlığın manifestinin qələmə alındığı evin, təpədən dırnağa humanizm fəlsəfəsinin daşıyıcısı olan Mircəlal Paşayev ocağının ziyasına öz varlığı, öz ruhu, öz sevgisi ilə yeni ziya qatdı, ailənin nuruna çevrildi.
Aida İmanquliyeva özündən sonra böyük bir elmi irs, minilliklər boyu yaşayacaq əsərlər qoydu. Aida xanım həm də Azərbaycanımıza dəyərli övladlar bağışladı.
Bu gün Azərbaycan elmi, durmadan inkişaf edir, yeni üfüqlər fəth edir. Bu fatehlər arasında Aida xanım İmanquliyevanın yeri ən yüksək zirvələrdədir! Aida İmanquliyeva irsi, Aida İmanquliyeva mənəviyyatı, Aida İmanquliyeva estetikası hər zaman canlıdır, bütün zamanlarda müasirimizdir.
Çıxışımı dəyərli pedaqoq, əruzşünaslıq elminin banisi Əkrəm Cəfərin Aida xanıma həsr etdiyi misralarıyla bitirərkən, bu dəyərli Azərbaycan xanımını doğumunun 85-ci ilində bir daha ehtiramla anır, ruhuna dualar oxuyuruq.
O sözə vurğun olmuş, özü də bir şeirkən
Elmi kimi gözəldir, Nəsir qızı Aida!
Təvazökar, zəhmətkeş,
axtarışdan yorulmaz,
Ərəbşünas qızların dan ulduzu Aida!"