İnsandır şeirimin ilki və qurtaracağı.
İnsandır şeirimin odu, ocağı.
İnsandır yer üzünün çiçəklərdən əzəl bəzəyi.
İnsandır, insandır şeirimin rişəsi, özəyi.
İnsanların hamısı-cavanı da, qocası da,
qarası da, sarısı da,
İnsanların azadı da, dustağı da,
narahat ömrümün döyüntüsüdür,
İnsandır düşüncəm də, nəfəsim də.
İnsandır nəğməm də, titrəyən səsim də...
İnsanlarsız nə dəniz, nə sahil, nə qaya?
İnsanlarsız nəyə lazımsan, dünya?
İnsanlarsız dünyanı lazımsız, bir heç sayan, İnsanı şeirinin ilki və sonu, odu, ocağı sanan Şeir kimi Qadın! Sizə məktub yazıram... Məncə, preambula olaraq şeirlərinizin arasından seçdiyim, Yer üzünün əşrəfi İnsanı anladan bu əsəriniz yerinə düşən başlanğıc oldu, deyilmi? Sizin bu fani dünyadan köçdüyünüz günün gəlməsinə çox az bir zaman qalıb, Azadlıq sevdalım, vur-tut bircə gün... Məhz Sizə yaraşan bu xitab - Azadlıq sevdalım! - sevgilli qızınız Jalə xanımla yayıma hazırladığımız "Seçilmiş əsərləri"nin II cildinə yazdığım "Mənəviyyatın ölümü fəlakətin başlanğıcıdır..." başlıqlı ön sözümdəki ilk sətirlər, elə bu yazıma da düşünərək seçdiyim adı bir daha xatırlatdı... Hə... o ön sözümə də "Tanrı bəşər övladıdır" povestindən Sizin azadlıq duyğularınızı, təlatümlü ruhunuzu təcəssüm etdirən xatirə yüklü bir hissə ilə başlamışdım. Axı, Siz mənəviyyatımızı ölümün ağuşundan almaq, uca türk ruhunu xilas etmək uğruna son nəfəsinizədək dirəndiniz, mübarizə apardınız, qorxmadan savaşdınız...
Dostoyevskinin məşhur "Dünyanı gözəllik xilas edəcək" kəlamına belə, azad ruhunuz, öz düşüncələriniz prizmasından yanaşaraq düzəliş də etdiniz və: "Dünyanı gözəllik yox, vicdan və mərhəmət xilas edəcək!" - hökmünü verdiniz, yazdıqca, hey yazdınız...
Açıqcası, "qırmızı qaranlıqlar" içində yaşadıqca Azadlığa təşnəliyiniz artdı, öləsiyə aşiq oldunuz bağımsızlığa... Və bu aşiqlik lap uşaqlıq çağlarından ruhunuzda pöhrələnib. İnanmırsız?! O zaman "Tanrı bəşər övladıdır" povestindəki baş qəhrəmanın - Nurəngiz Gün xanım, Sizin prototipiniz Məryəmin uşaqlıq çağlarında yaşadığı bir olayla ilgili epizodu - küçənin ortasında, toz-torpağın içində asudəcə uzanıb özünü günə verən pişiyin belə, insandan azad olduğunu söylədiyiniz hissəyə bir göz atsaq, o mənzərəni təsəvvür etsək, yerinə düşməzmi?
"Qadın birdən lap irəliləri düşündü. Düşündü ki, onun da atası, anası vardı, onun da uşaqlıq illəri vardı. Və bir dəfə Pirşağıda bağlarında atasına demişdi ki:
- Ata, bilirsən ürəyim nə istəyir?
- Nə istəyirsən gülüm?
- Ata, gülməzsən ki?
- Yox...
- Ata, mən istəyirəm ki, bax, o pişiyi görürsən? Hə, bax, mən elə lap o pişiyin yanında, elə elənçiy, bax, o pişik uzanan kimi, uzanım...
- Yox, göz bəbəyim! Sən mənim gülümsən axı, laləm, nərgizim, bənövşəmsən. Belə incə güllərin o toz-torpaqda nə işi var? Görən nə deyər? Deyərlər ki, Tanrı dəlisovdur, başdan o sözdür...
- Bəs pişiyə niyə deməzlər?
- Çünki o, pişikdir, sən isə insan.
- Deməli, pişik biz insanlardan azaddır?
- Sən nə çox danışırsan? Hələ uşaqsan, belə şeylərə baş qoşmasan yaxşıdır, - deyə ata bir vaxt cavab tapıb verə bilməmişdi bu balaca "filosofuna..."
Bəli, o "balaca filosof" böyüdü, qələmdaşlarından fərqli düşüncə sahibi, filosof şair, Vətənin dərdlərini öz dərdi, ağrısı bilən bir Vətəndaş, azadlıq aşiqi, əslində Qu quşu oldu... Axı, adına Ana təbiət də dediyimiz Doğanın bir möcüzəsi də var - əfsanəvi gözəlliyi və bənzərsiz həyatı ilə dillərdə dastan olan Qu quşu adında möcüzə... Ömründə yalnız bircə dəfə, özü də dəlicəsinə-öləsiyə sevən, o sevgi uğruna yaşayan və sevdiyi ölüncə, ayrılıq dərdinə dözə bilməyib qüssədən bağrı çatlayıb dünyadan köçünü çəkən, ruhunu sevdiyinin ruhuna qovuşduran Qu quşu...
Axı, Siz də fırtınalar qopan könlünüzün sultanını bulmaq, onunla qu quşu kimi, intəhasız eşqlə bir ömür qolboyun olmaq, nağılabənzər bir həyat yaşamaq - mutlu qadın olmaq arzusuyla yaşadınız!.. Hətta şeirlərinizin birində: "Ən çox qısqandığım və anlayıb, anlatdığım şey bir ulu Eşq!" deyib hayqırdınız da... Və bu qutsal arzunuz digər şeirlərinizin misraları arasından da boy verdi:
İkimizə bir yuva, ikimizə bircə dən…
bəs idi...
Qonşularımız idi yaşıl göllər.
Kimdən ki, qorunduq,
Günəşi çətir tutub başımız üstə...
Biz ki, Qu quşlarıydıq!..
Qu quşu ömrünüzün bitməsindən düz 10 il ötür... Bu 10 ili bilirsinizmi dünyaya, insanlara əmanət qoyub getdiyiniz qızınız necə ağrılı və Sizə övladlıq borcunu yoxluğunuzda da ödəmək üçün gecə-gündüz çabalayaraq yaşayıb?! Sizin təbirinizcə: "Sən mənim bitməyən düşüncəm..." adlandırdığı ithaf yazısında bu çabalar son dərəcə səmimi sözlərlə, kövrək hisslərlə sətirlərdə muncuqlandı: "Salam, ana! Bayramın mübarək. Bu gün düz 11 gündür evimizdən getmisən. Yeni mənzilə köçmüsən. Yeni evin necədir? İstidirmi, soyuqdurmu? Bilmirəm. Hər gün gəlib evinin önündə dursam da, qapısından içəri girə bilmirəm. Qapını möhkəm-möhkəm bağlamısan. Üstünü də betonlatdırmısan. Eləcə 11 gündür gəlib üstü yaşıl örpəkli mənzilinin önündə dayanıb səni çağırıram. Ana, salam deyirəm. Cavab vermirsən. Ana, necəsən deyirəm, cavab vermirsən. Sonra sənə gün ərzində etdiklərimi danışıram. Yenə cavab ala bilmirəm. Mənə bir işarə ver deyirəm, susursan. Yaşıl örpəkli mənzilinin önündə əyilirəm. Qulağımı beton qapıya yaxınlaşdırıram. Bəlkə bir şey eşitdim deyə... Amma... Bomboş bir səssizlik..."
Hə, əzizim, qızınız doğru deyir, yeni mənzilinizdə səssizlikdir, amma qopub gəldiyiniz ədəbi cameədə sakitlik deyil. Söz dünyasına hərəkətlilik hakimdir...
Qələmdaşların öz ürək sözlərini fərqli üslub və tərzdə dilə gətirdilər, saysız-hesabsız məqalə, şeir, xatirə, esse, hətta elmi-tədqiqat işi yazıb ruhuna ithaf etdilər...
Ədəbi tənqidimizin flaqmanı Vaqif Yusifli ötən il Sizə bir kitab ünvanladı "Poeziyamızın ağ çiçəyi: Nurəngiz Gün" adında... və Sizi gözəlcə vəsf elədi, yaradıcılığınızı incələdi. Və: "O, "Tanrı" ilə ədəbiyyata gəldi, şeirləri ilə Tanrısına üz tutdu, ölümüylə də Tanrısına qovuşdu. O "Tənha Ada", o Həzin Xəyal - Nurəngiz Gün"ü həzin-həzin də anlatdı oxucularına... "Əziz oxucu! XX-XXI əsrlərin görkəmli Azərbaycan şairi Nurəngiz Gün haqqında yazdığım bu kitab təkcə poeziyaya sevgimdən deyil, həm də şairənin yaradıcılığına böyük sayğılarımdan yarandı. Daha doğrusu, müasir Azərbaycan poeziyasında Nurəngiz Günün hansı missiyanı daşıdığını təyin eləmək istəyiylə işə başladım. Elə bilirəm, siz Nurəngiz Günün ŞAİR obrazını bu əsərdə görə biləcəksiniz. Nurəngiz Gün dillər əzbəri olan bir şeirinin sonunda yazır ki: "Yol gedirəm, yol olanadək" - əslində, Nurəngiz Günün yaradıcılığı və onun Şair şəxsiyyəti Azərbaycan ədəbiyyatında ayrıca YOLdur. Mən bu YOLun izinə düşdüm. Pəncərəsindən üzü Günəşə boylanan bir həməsrimin necə günəşləndiyinin, dünyaya, insanlara necə nur saçdığının şahidi oldum. Əsl şairlər həmişə işıqdaşıyan-işıqpaylayan və həm də işıqötürən olmuşlar. Nurəngiz Günün insanların ürəyində şölələndirdiyi işıqlar heç vaxt sönməyəcək!.. Yola çevriləcək, Yol olacaq yeni nəfəslə, yeni səslə özünün özü üçün açdığı Cığırla irəliləməyə başladı... və... Gün oldu!"
Şair Kamalə Abiyeva Sizi: "Nurəngiz Gün üçün bütöv Azərbaycan vardı və bu xəyallarında bütövləşdirdiyi Azərbaycan. Pərən-pərən Vətən kimi ağrıyır bütün varlığı... Xalqın, vətənin sevinciylə sevinən, dərdiylə ağlayan şair həm də qorxmazdı, cəsarətlidi. Soyuna-kökünə bağlı, ucalığına, qüruruna bağlı əsl türk qızıdı. Türk övladı..." kimi xarakterizə elədi.
Amma ən əvvəl şair Maşallah Məftun Sizin ruhunuza ehtiram duyğusu ilə "Güllərin soyqırımı" poemasını yazdı. Prof. Vaqif Yusifli vurğulayır ki, Nurəngiz Günün obrazı, onun sənəti ilk dəfə poema şəklində məhz Maşallah Məftunun qələmində öz lirik təcəssümünü tapıb. Xalq şairi Nəriman Həsənzadə isə bu poemanın maraqlı bir kompozisiya əsasında qurulduğunu, kitabın I hissəsində hər iki şairin, yəni Sizinlə Maşallah Məftun sanki qoşalaşdığını, cəmiyyət, insan, həyat haqqında bəzən fərqli, bəzən də oxşar fikirlər söylədiyinizi dilə gətirir və bu cəhətin oxucu ilə həmsöhbət olmağın ən yaxşı ədəbi vasitəsi hesab edir. Poemada Nurəngiz Günün ölməz xatirəsinə həsr olunmuş şeirdən bir parçanı xatırlayaq:
Sən oldun günəşin, güllərin dostu,
Sən oldun ayların, illərin dostu,
Sən oldun xınalı əllərin dostu,
Sən oldun, sən oldun, yenə sən oldun.
Söhbətlərinizdən bilirdim ki, Füzulini, Sabiri, Hüseyn Cavidi, Nazim Hikməti, Rəsul Rzanı, dünya ədəbiyyatı korifeylərindən Viktor Hüqonu, Teodor Drayzeri çox sevirsiniz... Ancaq dəfələrlə vurğulayırdınız ki, dahi Məhəmməd Füzulinin, Nazim Hikmətin yeri ayrıca idi qəlbinizdə... Bu iki söz ustadının əsrarəngiz poeziyası Sizi bütün yaşlarınızda heyrətləndirdiyinə o qədər əminəm ki...
Bizlərə "Əlvida!" deyib getdiyiniz gündən dörd il sonra (2018-ci il) 80 illiyinizlə bağlı Musiqili Teatrda şərəfinizə yubiley tədbiri düzənləndi. Xalq yazıçısı Anar çıxışında Sizin qiraət ustası olduğunuzu, klassik və çağdaş Azərbaycan ədəbiyyatını mükəmməl bildiyinizi və digər özəlliklərinizi elə səmimi açıqladı ki, bilməyənlər də agah oldular: "Nurəngiz həm də istedadlı qiraət ustasıdır. Rəsul Rzanın şeirlərinin ən yaxşı ifaçıları Əminə Yusifqızı və Həsən Əbluc idi. Atam özü onları bəyənirdi. Bir dəfə Nurəngiz də atamın bir şeirini oxudu, özü də mətnin mənasına dərindən vararaq, ruhunu və ritmini dəqiq tutaraq elə təsirli oxudu ki, valeh olduq. Ona təşəkkürümüzü bildirdik. Gördüm ki, Nurəngiz klassik və çağdaş Azərbaycan ədəbiyyatını mükəmməl bilir..."
Akademik İsa Həbibbəyli isə Sizi şairlərin vəsf eləməkdən doymadığı ürkək və gözəl bənövşəyə bənzətdi: "Nurəngiz Günün şeirlərində bənövşə rəngli misralar, poetik düşüncələr üstünlük təşkil edir. Məlum olduğu kimi, bənövşə çiçəyi boynu bükük olsa da, həmişə Günəşə tərəf boylanır. Mən Nurəngiz Günün yaradıcılığını Günəşə boylanan bənövşə çiçəyinə bənzədərdim. Çünki onun şeirlərində kifayət qədər Günəş işığı və Günəş obrazları vardır..."
Akad. Rafael Hüseynov haqqınızda yazdığı "Qəliblərə sığmayanın sığnağı" adlı esse-məqaləsində Sizi tam tək və tam bənzərsiz qadın və şair kimi sundu tamaşaçılara - şeirlərinizin pərəstişkarlarına: "O, sanki hamıdan biri idi. Sadəliyi, mehribanlığı, səmimiyyəti, gündəlik davranışları, zahiri ilə hər gün rastlaşdığımız neçə-neçə Azərbaycan qadınından biri. Amma o, qətiyyən hər kəsdən biri deyildi. Tam tək, tam bənzərsiz idi. O, şeir yazırdı. Heç bir qadın şairimizin ona qədər yazmadığı şeirlər. Heç kəsin o cürə heç vəchlə oxuya bilməyəcəyi şeirlər. Həmin şeirləri özü oxuyurdu. Şeirlərini oxuyanda sanki o, misraları təzədən yaradırdı, kağızdakı ayrı şeir olurdu, onun səsində o şeirlərin rəngi, ətri, istisi dəyişirdi. O, bir adam içində bir neçə adam, bir tale içində bir neçə tale idi..."
Vaxtilə milli, elə o səviyyədə də modern təfəkkür yansıyan qələm məhsullarınızı anlamayanlar, yeni açdığınız cığırı qəbul etməyənlər bu gün haqqınızda elə ürəkdolusu danışır, həvəslə çıxış edirlər ki... Axı, Siz Azərbaycan ədəbiyyatında modern şeirin ilk nümunələrini yaradanlardan biri və bir az da dəqiq desək, birincilərindən olan ədib, Jalə xanımın da yana-yana etiraf etdiyi kimi, "modern şeir" istilahını belə, söz sənətimizə gətirən ilkin şair-nasir oldunuz... Təsadüfi deyil ki, iki povest və iki də hekayənizdə Nurəngiz Günün romantikası modernizm cərəyanının kriteriyalarına tam uyğun şəkildə pərvaz edir.
Sevil Gültən "Susmuş gözəllik", Dilarə Ağamusa "Unudulmazıma ad günü məktubu", Ağanisə Sultanova "Yolunuza uğur çıxsın, Nurəngiz xanım", Əli Rza Xələfli "Göylərdən gələn səs", Südabə Sərvi "Hökmü qayımmış zamanın", Kəbutər "Tüstüsündən gözlər yaşardı o gecə", Adilə Qocayeva "Mənalı ömürdən fraqmentlər", Zərxanım Əhmədli "Yora bilməz yollar Günü" yazılarında bənzərsiz yaradıcılığınız, şəxsiyyətiniz, milli kimliyinizlə bağlı düşüncələrini böyük səmimiyyətlə ağ vərəqlərə nəqş ediblər...
Şair Gülarə Munis "İtirdik səni" və Azər-Türk qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı "Yollardan yorulmuşam, aşiyan ol!" yazısını da Siz bizlərə vida deyəndən sonra qələmə alıblar. Ailə dostluğundan tutmuş əqidə, məslək birliyinə qədər davam edən bu münasibətdə Sizin bir insan kimi kimliyinizi Tənzilə xanım böyük sevgi ilə aydınlaşdırır: "Təbriz, İrəvan, Kipr, Qarabağ, Xocalı, Şərqi Türküstan, Araz çayı, Ərdəbil onun məlhəmə ehtiyacı olan yaralarıydı. Dərdini səs-küysüz yaşayan biriydi. Ədalətliydi, haqdan və haqlıdan yana olardı hər zaman. Haqq etdiyi haqqı bulmasa belə, gileylənməzdi. Parada, pulda gözü olmazdı, onları gerçəkdən əl çirki sayardı. Zənginliyi şeirləri və mənəviyyatı idi..."
Yaradıcılığınızı doktorluq işi üçün tədqiqat mövzusu seçən Bahar Bərdəli isə "Nurəngiz Günün poeziyasında təbiətin tərənnümü" məqaləsində Sizin təbiət mövzusunda qələmə aldığınız şeirləri məna və məzmununa görə üç qismə bölüb: 1. Yalnız sırf təbiət gözəllikləri əks olunan şeirlər. 2. Təbiət Vətənləşir, ülvi, solmaz, unudulmaz Vətənin təbiəti poetikləşir. 3. Təbiət insaniləşir, insan təbiətə, təbiətsə insana təsir edir. Tənqidçi Vaqif Yusifli də bu bölgünü tamamilə doğru sayır...
Firuzə Məmmədli, Telli Pənahqızı, Bahar Bərdəli, Narıngül Nadir, Şəfəq Sahibli, Aləmzar Sadıqqızı, Gülarə Munis, Azadə Taleh və daha neçə-neçə qələmdaşınız Sizə şeir həsr etdilər. Hüzn, kədər notları ilə yoğurduqları əsərlərində bənzərsiz şəxsiyyətinizə, özəlliyinizə sayğı və ehtiramlarını ifadə etdilər...
Dünyamızı vaxtsız tərk edən, zərif, incə duyğulu şair Fərqanə Mehdiyevanın "Əziz Nurəngiz Günün xatirəsinə" həsr etdiyi şeir isə onun kövrək qəlbinin həzin çırpıntılarıdır:
Ruhun gəzsin küçələri...
Gündüzləri, gecələri...
Ovunduraq qönçələri...
Çiçəklər apardı səni...
Dilin şəkər, noğul idi...
Gəl təzədən doğul indi...
Bu dünya bir nağıl idi...
Gerçəklər apardı səni...
2020-ci ildə təsis edilən "Nurəngiz Gün Uluslararası Şeir ödülü"nün laureatı Gülsüm Cengizin "Nurəngiz Gün şeirinə yolçuluq" adlı yazısı Türkiyədə Sizin poeziyanıza münasibəti dolğunluğu ilə əks etdirir. Məqalədə yazılı ədəbiyyatdan öncə qadınların türkü və bayatılarla öz duyğularını ifadə etmələrindən söz açılır. "Azərbaycan şeirində qadının səsi çox əski dönəmlərdən bəri duyulmakdadır" deyən müəllif 20-ci yüzilin ikinci yarısına aid Azərbaycan ədəbiyyatında ən güclü şairlərdən biri kimi, Sizin adınızı çəkir və yaradıcılığınızda Nazim Hikmətin izlərini görür.
Alimliyi ilə bərabər, mükəmməl esseist kimi tanınan prof. Elçin İsgəndərzadə də Sizin poeziyanızın və xarakterinizin-kimliyinizin vurğunu olduğunu 2018-ci ildə haqqınızda yazdığı və çox dəqiq ad seçdiyi "Günəşin elçisi" esse-monoqrafiyasında etiraf elədi, başqa bir yazısında "Cənnətin bütün sevgiləri sənin olsun" söylədi, digər məqaləsində isə "Günəşin işıq daşıyıcısı", pərvanəsi kimi sundu oxucularına...
Elmira Axundova "Nurəngiz Günün ağ qanadları" məqaləsində Sizin yaradıcılığınızı xarakterizə edir, bir Azərbaycan aydını kimi mədəni-ictimai fəaliyyətinizdən, həm bir yazar kimi ədəbiyyatımızda yerinizi, mövqeyinizi bəlirləyərək "Qəfəs bülbülü", "Xocalı simfoniyası", "Məni özünlə apar, apar" yarımbaşlıqları altında qələmə aldığı hissələrdə bədii poetik tapıntılarınızdan söz açıb...
Seyran Səxavətin E.İsgəndərzadənin "Tanrı elçisi" esse-monoqrafiyasına yazdığı ön sözdə şəxsiyyətinizə və bədii irsinizə yanaşması özəldi, lap ürəkdən tikan çıxarandı: "Nurəgiz həmişə qürurludu; ona görə də harda, necə, nə üçün yandığını hamıdan gizlədib, istəməyib heç kəs onun halına yansın - ona görə də yananda heç vaxt tüstülənməyib, axı, tüstülənən tonqal gendən çağırar... O, poeziyasında da, həyatında da beləcə yanıb, yanıb... ancaq yanıq yeri qalmayıb. O, poeziyasında da, həyatında da beləcə yanıb, yanıb... ancaq yerində külü qalmayıb. Yanıq yeri də, kül də o vaxt qalır ki, yanıb qurtarasan - Nurəngiz Gün hələ yanır...
Yol istədim, at istədim,
bir bəyaz həyat istədim.
Yollarımı hördülər
məni məndən aldılar,
məni mənə vermədilər...
"Nə olsun ki, məni mənə vermədilər, nə istədim vermədilər, - deyib sızlayan bir qəlbin fəryadını ərşə qaldırır, bir fərdin yaşadığı cəmiyyətdə nə qədər haqsızlıqlarla üz-üzə gəldiyini bəyan edir, amma Ruhun üsyanı başlananda fərdi duyğular arxa plana keçir. Bu şeirlərdə geniş mənada Dünya ağrısına, Qlobal ədalətsizliyə, böyük anlamda haqsızlığa etiraz var. Məsələn, "Xocalı simfoniyası"nda bunu o qədər dəqiq hiss etmək olur ki..." yazan Nərgiz Cabbarlı da ağrılarla qarsalanan ruhunuzu duymaq əzmi ilə yanaşıb Sizin söz və öz dünyanıza... Amma axı, sızıldamamısınız, əksinə, milli ruhlu bütün əsərlərinizdə hayqırmısınız, üsyan etmisiniz və heç bir halda susmamısınız...
Tənqidçi-esseist, "Azərbaycan" jurnalının baş redaktor müavini, Sizi, məncə, elə özünüz qədər anlayan, mənəvi ağrılarınızı dərindən dərk edən Südabə Ağabalayevanın "Mənə ağlamağı öyrətmə, zalım..." məqaləsi də yaradıcılığınıza yeni bir baxış, fərqli bir yanaşmadır. Necə? Bax, belə: "...Onun gerçəyi - əlini uzadıb götürəcəyi qədər yaxın tənhalıqlar - Günəş yandıra-yandıra, Günəşdən yana-yana üşüyür. Divarındakı sözlər, tavanındakı gözlər dilək məzarlığına dönmüş ürəyini oya-oya, ruhuna oyula-oyula bir təsəllisiz, intəhasız həsrət yaşadır:
Unudulmaz Vətən dağı,
Yoxdu başqa xiffət Vətən sayağı!"
Möcüzə qadın! Sizə Sizsizlikdə ünvanladığım bu essevari məktubu "Mənəviyyatın ölümü fəlakətin başlanğıcıdır..." başlıqlı ön sözümdəki bu sətirlərlə bitirmək keçdi ağlımdan... Siz qəhrəmanınızla sevinib, onunla kədərlənib, acısını ruhunuzda hiss edib, ürək ağrısı yaşayıb, dərdə, çarəsizliyə biganə qala bilməmisiniz... Xar olan bir gülün, bir quşun, bir böcəyin, bir çiçəyin belə, çarəsiz halına, ölümünə yanmısınız... Ancaq dünyanı, onun möcüzələrini dəlicəsinə sevib, gözəlliklərinin qarşısında heyrətlənənisiniz...
Eşit, hürriyyət aşiqi, məşəqqət-iztirab yarı, torpağın nəhəng qurbanı - köksü qubar olan şair! Sən qayalar xilqəti, sən bir qızıl quş idin... Eşit, əsir düşən günahsız -ziyansız bəşər, qanadları qırılmış, könlü qırıq-qırıq olmuş, rüzgarı tərs-avand şair, şəhid şair! Quşlar… Hələ də pərişan, lələklər şanə-şanədir… Qəhr olası dünyadı bu, giryandı bütün məxluqat, büryan olub şairi də. Heyf, heyf sənə, heyf sənin azad küləklər dolu o gen-geniş köksünə! Heyf sənin amalına, Xəlil Rza!"
"Heyf sənin azad küləklər dolu o gen-geniş köksünə!" - əslində bu vaysınma, hayqırış, xatırlatma bütün haqsızlıqlara, ədalətsizliklərə üsyan edən və vulkan tək şahə qalxan duyğularını özünəməxsus tərzdə sətirlərə, misralara çevirən Nurəngiz Günün içindəki poetik "Mən"inin vəsfi idi həm də, daxili azadlığının, özgürlüyünün tərənnümü idi!..
Şöhrət, fəxri adlar, titullar əsiri olmayan, öndə getməyi, hər kəsdən seçilməyi önəmsəməyən, bütün yaşamı və yaradıcılığı boyunca haqq-ədalət, gerçəklər uğruna çarpışan xanım yazar azad ruhunun diktəsi ilə qələmə sarılmış, yaşamaq-ehtiyacdır, yaşamaq - su istəmək, çörək dadmaq, sevmək- sevilməkdir! - inancı ilə həyata tutunmuşdu... Amma tutunmanı da çox görmüşdülər ona, doğmalar da, yadlar da... "Əlimdə çörəyim vardı, çırtıq vurub, çəpik çalıb, tutub, çəkib aldılar, ələk-vələk eləyib evimi dağıtdılar, o ki var ağlatdılar", - etirafını etdi illər sonra...
Bu sətirlərinizsə Sizin ruhunuzu ən gözəl anladan hissədir, deyə düşünürəm: "O boyda Diogen, dövrünün məşhur Diogeni həmişə ehtiyac içində yaşarmış, amma heç kimdən, heç nəyi dilənməzmiş. Hə, deyir, həmin bu Diogenin qalmağa damı da yoxmuş. Bir gün bu ilahi bəşəri küçə itlərinin arasında yatan görüblərmiş. Sən demə, soyuqdan ölməsin deyə, itlərin istisinə, nəfəsinə möhtacmış... Hə, göyərçinlərim! İnsanın ən böyük faciəsi onun səviyyəcə özündən qat-qat aşağı olan adamlardan asılı vəziyyətə düşməsindədir. Görürsünüzmü, nə üçünsə, həmən bu müdrik Diogen dördayaqlılara pənah aparıb, amma pis ikiayaqlılara əyilməyib..."
Nə əzəmətli ki, özünüz də əyilmədiniz, elə qədim yunan filosofu, Antisfenin çox da başarılı tələbəsi, Kiniklər məktəbinin nümayəndəsi Sinoplu Diogen kimi...
Nə gözəl ki, etiraflar şairi kimi, bu əyilməzliyinizi beləcə poetikləşdirmisiniz...
Kölgəsində itmərəm heç kəsin,
Kölgə-sürünənlər məskəni!
Zərrəyəm, hər nəyəm,
Heç kimə əyilmərəm,
Heç kimə baş əymərəm.
Əgər səcdə edərsəm,
Qibləm atəşgah olacaq!
Təşəkkürüm buğda, çiçək,
Ana südü...
Su və könül atəşi,
Bir də Günəş olacaq...