Bu gün şagird sayı 500 nəfərdən çox olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Müsabiqənin test imtahanı mərhələsinə 1 652 namizəd dəvət edilib.
Test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim edilir.
Təqdim olunan sualların yarısını düzgün cavablandırmış namizədlərə yazı işi üzrə esse mövzuları təqdim olunur. Namizədin seçdiyi esse mövzuları üzrə mümkün 10 baldan yarısını toplayanlar müsahibə mərhələsinə buraxılırlar.