Lənkəranda intensiv yağışlar torpaq sürüşməsinə səbəb olub, 10-a yaxın ailənin yaşadığı evlər üçün təhlükəli vəziyyət yaranıb.
"Saat24.az" xəbər verir ki, rayonun Vilvan kəndində sel suları sakinlərin təsərrüfatlarına da xeyli ziyan vurub.
Veravulçayın daşması nəticəsində meyvə bağlarını, parnikləri sel aparıb.
Çaya sel gələndən sonra təqribən 15-20 metr məsafədə torpaq qatı sürüşüb. Bəzi sahələrdə ümumilikdə 100 sota yaxın torpaq tamamilə itirilib.
Ərazidə yaranmış vəziyyətlə bağlı Lənkəran rayon Su Meliorasiya İdarəsi tərəfindən həyətyanı sahələrə baxış keçirilib, əraziyə ağır texnikalar cəlb olunub.
Qeyd edək ki, bu günə kimi Veravulçayın Vilvan və Veravul kəndlərindən keçən hissəsinin sağ və sol sahilində 2800 paqonometr uzunluğunda betondan mühafizə divarı tikilib.