Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış iki sazişi təsdiqləyib.
"Saat24.az" xəbər verir ki, bu barədə fərman "Resmi Gazete"də dərc olunub.
Fərmanla 2022-ci il dekabrın 22-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol” qüvvəyə minib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən isə sənəd 2023-cü il martın 18-də təsdiq edilib.
Bundan əlavə, Ərdoğan 2023-cü il noyabrın 13-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”i də təsdiqləyib.
Sənəddə mədəni irs, kino, teatr, incəsənət, muzeylər, kitabxanaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.