ÖLKƏMİZİN TELEVİZİYA VƏ RADİOLARINDA ANA DİLİMİZİN TƏHRİF VƏ TƏHQİR OLUNMASI ADİ HALA ÇEVRİLİB-İsaməddin Əhmədov

Sadə xəbər
CƏMİYYƏT 08.02.2024 4137
“DİLİMİZƏ XƏYANƏT MİLLƏTƏ XƏYANƏTDİR!” Nəriman Nərimanov


Ölkəmizin TV və radiolarında qeyri-Azərbaycanlı aparıcıların Ana dilimizi təhrif və təhqir etmələri halları çoxalıb. Və nə qədər təəccüblü olsa da mənim indi ürəyimdən keçənləri Nəriman Nərimanov 117 il qabaq çox kəskin şəkildə diqqətə çatdırıb.
N.Nərimanov "İrşad" qəzetinin1906-cı ildə çıxan 84-cü sayında çap etdirdiyi "Cümə söhbəti" felyetonunda yazıb ki, “...bəziləri Ana dilimizi "dövlətləndirmək" üçün əcnəbi dillərdən olan kəlmələri işlətmək xəstəliyinə tutulublar.
Türk (Azərbaycan) balası heç vaxt razı olmaz ki, onun Ana dilinə xəyanət etsinlər.
Xəyanət?!
Bəli, xəyanət! Bir dəfə yox, yüz dəfə, min dəfə xəyanət!
Sizin “şaltay-baltay” söyləməyinizi yazacağıq. Bağıracağıq! Müsəlman balalarına xəyanət etməyinizə razı olmayacağıq!
Əfv edin, əfəndim! Onları da özünüzə oxşatmaq istəyirsinizsə, biz mane olacağıq! Olmasaq, millətə xəyanət etmiş olarıq! ...Millətin dilini bilməmiş onun dərdinə dava etmək çətindir”.
“Dilimiz “loru”dur,  kasıbdır. Yamaq lazımdır. “Ziynət” gərəkdir, - deyirlər. 
Sözümüz yoxdur, əfəndim! Amma “Qospodin predsedatelin mineniyəsi komissiya naznaçit eləməkdir”, “İsbolşim udovolstviyem soqlasiya zayavit eliyoruz” kimi”ləhcələri” hansı dəftərin kənarına yazmaq mümkündür? Türk sözlərini unudubsunuz, ya ruscamı elminiz artıq düşübdür? Ya rusca bilməyinizimi göstərmək istəyirsiniz? Yainki türk dilinə “ziynətmi” verirsiniz?... Bu tövr rus sözlərini işlətməyə heç cəhətdən ixtiyarımız yoxdur... Dilimizi qiymətdən salanlar nadan və nankorlardır.
Azərbaycanlılıqda qalıb öz Ana dilimizi bilək! O Ana ki, sənə o dildə tərbiyə verib, yaxşını yamandan tanıdıb, sənə o dildə layla deyib...
Heyif! Görəsən bu barədə fikir edən varmı?
Həkim azara görə gərək dava versin! Yoxsa, yazdıqlarınıza bu yazıq millətdən afərin gözləməyin! Çünki millət nə qədər kor olmuş olsa, başına dəyən toppuzu hiss edir...
Öz dilini, öz millətini düşmən tutan türk “madonnaları” uşaqlarına tans oynamaq, əcnəbi dildə donquldanmaq öyrətməyə çalışırlar...
İndi bu təhər qızlardan biz nə gözləyək?! Bunlar gələcəkdə ana olacaqlar. .. Biçarə türk balalarına nə tərbiyə verəcəklər?
Əlbəttə, o uşaqlar təmiz olacaqlar, hər bir ədəbi öyrənəcəklər, tans öyrənəcəklər, əcnəbi dildə donquldanacaqlar, amma öz dillərini nəinki bilməyəcəklər, hətta istəməyəcəklər bilsinlər; çünki türk “madonnaları” onlara tərbiyəni elə verəcəklər”...
İsaməddin Əhmədov Əkinçi qəzetinin baş redaktoru.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top