Əliyevin Qərbi Azərbaycana qayıdış tezisi, iki mümkün versiya, sülh üçün müharibə gündəliyi - TƏHLİL

CƏMİYYƏT 26.12.2022 1917

Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin yekun nöqtəyə çatması ləngidikcə və İrəvanın mövqeyindəki qeyri-müəyyənlik dərəcəsi artdıqca Bakının hərbi əməliyyatlar planı danışıqlarda xəbərdaredici motiv kimi özünə yer qazanır.

Azərbaycanı müharibəyə maraq göstərməkdə ittiham etmək müdafiə və təhlükəsizliyə dair anlayışların zəifliyindən və ya qərəzdən irəli gəlir.

Birincisi, başqa ölkələrin ərazisini qəsb etmək strategiyası məhz Ermənistanın “yeni ərazilər üçün yeni müharibə” tezisində əks olunub. Ermənistan hələ də bu mənfur doktrinadan əl çəkdiyini bəyan etməyib və həmin tezisi revanşizmin alovlanması üçün qidalandırıcı hüquqi əsasa söykəməkdən imtina etmir.

İkincisi, fərz edək ki, Ermənistan həmin tezisi nəzəri olaraq arxa plana atıb, amma İrəvanın faktiki əlamətlərlə yapışdığı mövqelər, silah tədarükü üçün başqa ölkələrə müraciəti və erməni cəmiyyətindəki əhvali-ruhiyyənin qisasçılığa köklənməsi yeni müharibəyə hazırlıq elanı kimi görünür.

Üçüncüsü, Ermənistanın sülh üçün qurulan təpədən sürətlə üzüaşağı enişini göstərən digər cəhət onun sərhədlərin delimitasiyası məsələsində və Zəngəzur dəhlizinin açılmasında üzərinə düşən öhdəliklərdən qaçmasıdır.

Qarabağda isə açıq qalan məsələlərin həllində Ermənistanın rolu qalmadığına görə deyə bilərik ki, İrəvan Azərbaycanın sərhəddən kənar bölgələrində münaqişə yarada bilmək potensialından məhrumdur.

Ona görə də diqqəti sərhədlərin müəyyən edilməsi mövzusuna cəmləmək lazımdır və İrəvanın, əsasən, bu istiqamətlərdəki təxribatları regionu hərbi eskalasiya risklərinə hamilə edir.

Azərbaycan isə ehtimal olunan genişmiqyaslı hərbi təxribatların xüsusiyyət və məqsədlərini qiymətləndirərək mümkün təhlükələrə qarşı preventiv tədbirlər görür.

Yəni Azərbaycan müharibə elan etmir və onun genişmiqyaslı hərbi əməliyyatlar apara biləcəyi ilə bağlı anonslar daha çox müdafiə siyasətinə əsaslanır.

Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki çıxışları Ali Baş Komandanın mesajları kimi bəzi hərbi-strateji ştrixləri özündə birləşdirir.

Əliyevin Qərbi Azərbaycanı tarixi Azərbaycan diyarı adlandırması Ermənistanla sülh gündəminin formalaşması üçün aparılan danışıqlarda yeni xətt kimi inkişaf edəcək.

Prezident həmin ifadəni Qərbi azərbaycanlıların öz tarixi ərazilərinə qayıdışı kontekstində işlədir, bu zaman geri dönüş proqramına dair, əsasən, iki versiya göz önündə canlana bilər:

1. Azərbaycan Ermənistanda azərbaycanlı icması yaratmaqla buna nail olmağa çalışır. Sülh tezislərinə əsaslanan bu proqram reallaşsa, Ermənistanda demoqrafik nisbət həlledici şəkildə dəyişə bilər və azərbaycanlılar bir zamandan sonra say üstünlüyünə yiyələnə bilərlər;

2. Azərbaycan sərhəddə genişmiqyaslı hərbi əməliyyatlar keçirir, Türkiyə strateji müttəfiqlik məntiqi ilə, Rusiya isə öz ambisiyaları prizmasından bu güc tətbiqinə dəstək verir.

Birinci versiya ağlabatandır, amma İrəvan asanlıqla buna razılıq verməyəcək deyə Bakı ikinci variantı masaya qoyacaq. Bu, elə birinci versiyaya dair şərtlərin yerinə yetirilməsidir, lakin miqyası və motivi hərbi-siyasi xaraktercə daha böyük olacaq.

2022-ci ilin sentyabrında sərhədin Kəlbəcər, Laçın, Daşkəsən istiqamətlərindəki genişmiqyaslı toqquşmalardan sonra Azərbaycanın əldə etdiyi ərazi üstünlükləri perspektiv nəticələr üçün fövqəladə dəyərə sahibdir.

Ali Baş Komandanın Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşdə sentyabrdakı sərhəd əməliyyatının nəticələrinə yüksəkliklər kontekstində vurğu etməsi də diqqət çəkməyə bilməz.

Hərbidə və müharibədə olanlar yüksəkliklərin gələcək əməliyyatlar üçün nə qədər böyük hərbi-strateji əhəmiyyət daşıdığını bilirlər.

Kənardan adi görünən təpə belə, xeyli vacibdir. Kiçik bir analogiya aparaq:

2016-cı ilin Aprel döyüşləri nəticəsində Azərbaycanın nəzarətə götürdüyü yüksəkliklər Vətən müharibəsində bir çox təhlükədən Azərbaycanı sığortalamışdı. Bu dəfə isə Prezident sərhəd əməliyyatlarının yekununda Azərbaycanın gələcək təhdidlərdən sığortalanacağını bildirir. Fikir verək, Əliyev cümləni gələcək zamanda tamamlayır.

SİTAT: “Sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq. Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır, - istər iqtidarda, istər müxalifətdə, - faktiki olaraq bizim üçün fərqi yoxdur”.

Bu o deməkdir ki, sərhəddə yeni əməliyyatlar mümkündür və həmin yüksəkliklər Azərbaycanın içərilərinə doğru təhdidlərin qarşısında sipər olacaq.

Sülh danışıqlarından nəticələr hasil olunmasının axsaması fonunda hərbi əməliyyatlar aktuallaşır və Azərbaycan güc yolu ilə mütləq sülhün təmini planını aktual plan kimi saxlayır.

Bakının Qərbi Azərbaycana qayıdış çağırışlarına Ermənistan cavab verməsə, üstəgəl sərhəddə təxribatlara hazırlaşsa, o zaman eskalasiyaya görə məsuliyyət də onun üzərinə düşəcək.

Bu dəfə eskalasiya baş versə, Ermənistan əldən verdiyi imkanlarını geri qaytara bilməyəcək və Bakıya verilən beynəlxalq dəstəklər fonunda İrəvan növbəti acizliyini yaşayacaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top