“Dedim, qızım olan evə yad kişi gətirmə” - Qısqanc ərdən 12 bıçaq zərbəsi...

HADİSƏ 31.08.2022 1381

Sumqayıtda qısqanclıq zəminində arvadını öldürməyə cəhddə ittiham olunan 1988-ci il təvəllüdlü Teymur Şıxkərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Təqsirləndirilən şəxsin hansı səbəbdən arvadını öldürməyə çalışması ictimaiyyətə qaranlıq qalıb.

Lent.az sözügedən cinayət işinin materiallarını əldə edib. 

İttihama görə, Teymur Şıxkərimov arvadının başqa şəxslərlə münasibətdə olmasını ehtimal edib və onu öldürmək qərarına gəlib. O, bu səbəbdən evdən çıxaraq ayrılıb kirayədə qalan Aygünün yaşadığı binanın qarşısına gəlib, qadına 12 bıçaq xəsarəti yetirib. 

İstintaq orqanı tərəfindən Teymur Şıxkərimovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə danışan Teymur Şıxkərimov bildirib ki, hərbi xidmətdən qayıtdıqdan sonra Bakı və Sumqayıt şəhərlərində müxtəlif yerlərdə kirayədə qalaraq tikinti şirkətlərində fəhlə işləyib:

“Aygünü ilk dəfə 2011-ci ildə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində çörək sexində görmüşəm. Onunla tanış olduqdan təxminən 1 ay sonra rəsmi nikaha daxil olduq. Həmin nikahdan 2012-ci ildə Nuray, 2013-cü ildə Mədinə adlı övladlarımız dünyaya gəldi. Nikaha daxil olduqdan sonra qayınatam Tofiqə məxsus evdə yaşadıq. Təxminən 2 il öncə arvadım Aygündə özümə qarşı soyuqluq hiss etdim. Əvvəllər Aygün telefonu stolun üzərinə qoyurdusa, son vaxtlar telefonu özündə saxlayır və çox vaxt səssiz rejimdə idarə edirdi. Aygünün telefonuna zəng etdikdə dəfələrlə onun kiminləsə danışdığının şahidi olmuşam. Ondan bu barədə soruşduqda, hər dəfə bacısı ilə danışdığını deyirdi. Ötən ilin əvvəlində işləmək üçün Ağsu rayonuna getdim, daha sonra Sumqayıt şəhərinə gəldim. Xaçmaz rayonunda olarkən Aygün mənə zəng vurub atasının onu evdən qovduğunu dedi. Məsələni aydınlaşdırmaq üçün qayınatamla danışdım. Qayınatam “Aygün əxlaqsızlıq edir, gəl arvadına sahib çıx” dedi. Həmin vaxtdan Aygün bacısı Elnarəgilə getdi və orada təxminən 3-4 gün qaldıqdan sonra Sumqayıt şəhəri, 4-cü mikrorayonda evdə kirayə yaşamağa başladı”.

 Teymur Şıxkərimov bildirib ki, evdə olan zaman Aygünün kiminləsə mesajlaşmasına şahid olub:
 
“Telefonu əlindən almaq istəsəm də, Aygün buna imkan vermədi. Paltarlarımı yığaraq Bakı şəhərinə, səhərisi gün isə ordan Xaçmaz rayonuna getdim. Xaçmaz rayonunda bir müddət işlədikdən sonra aprel ayının sonlarında Aygünün Sumqayıt şəhərində kirayə yaşadığı evə qayıtdım. Söhbət zamanı qızım Mədinə mənə anasının evə Taleh adlı kişi gətirdiyini və həmin kişinin Sumqayıt şəhərində meyvə-tərəvəz satışı ilə məşğul olduğunu dedi. Talehin işlədiyi və yaşadığı yer haqqında məlumat topladıqdan sonra onun dükanına getdim. Lakin gec olduğu üçün dükan bağlı idi. Qızımı da özümlə götürüb Şabrana getdim. Aygün Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə Mədinənin mənim tərəfimdən qaçırılması barədə müraciət etdi. Polis bölməsinə Mədinənin doğma qızım olduğunu və onun öz istəyi ilə rayona apardığımı dedim. Polis bölməsində izahat verərək yenidən Şabran rayonuna qayıtdım. Aygünlə danışarkən o, Mədinəni evə gətirməyi, bir daha uşaqları mənə göstərməyəcəyini və məndən boşanaraq Talehlə nikaha daxil olacağını dedi. Söhbət zamanı Aygün Talehin mənim qulağımı kəsəcəyini dedi. Mən də həm Aygünün, həm də Talehin ünvanına söyüş söydüm. Sonra Aygün telefonu söndürdü”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bir müddət sonra yenidən Aygünün telefonuna zəng vurub: 

“Telefonu açan Nuray ağladı. Bu zaman Talehlə Aygünün səslərini eşitdim. Axşam radələrində Aygün mənə zəng edərək telefonu Mədinəyə verməyimi, Mədinəni Nurayla danışdırmaq istədiyini dedi.

Həmin vaxt Talehin Nuraya "qızım bacınla danış", dediyini eşitdim. Aygünə “səni öldürəcəm, mənim qızım olan evə yad kişi salmısan”, dedim. Aygün məni təhqir etməyə başladı. Aygünə “sabah görəcəksən”, dedim. Aygün polislərlə uşağı məndən almağa gələcəyini dedi, mən isə ona narahat olmamağı söylədim. Qızım Mədinəni çayxanada qoyub, Aygünün kirayə qaldığı binanın qarşısına gəldim, onun aşağı düşməsini gözlədim. Bir müddət sonra Aygünün Talehin idarə etdiyi “Ford” markalı avtomobildən düşdüyünü gördüm.

Aygünün üzərinə gedərək, üstümdə olan bıçaqla onun boynuna, boğazına və müxtəlif yerlərinə zərbələr endirdim. Zərbənin təsirindən bıçağın dəstəyi tiyədən ayrıldı. Aygünün səsinə gələn Taleh maşından düşərək məni söyə-söyə arxamca qaçsa da, mənə çata bilmədi”.

Teymur Şıxkərimov Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə gedib, arvadını bıçaqladığını deyib: 

“Aygünlə görüşməkdə məqsədim onu qorxutmaq olub. Aramızda mübahisə təxminən 5 dəqiqə davam etdi. Aygünə 12 bıçaq zərbəsi vurdum. Hadisə vaxtı orada tanıdığım kimsə olmayıb, qıraqdan müdaxilə edən şəxsləri tanımamışam. Məqsədim Aygünü vurub qorxutmaq olub. Bu cinayəti törətməyə Aygünün əxlaqsız hərəkətləri vadar edib”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Aygün Şıxkərimova bildirib ki, evliliyin ilk illərində Teymurla münasibətləri yaxşı olub:

”Teymur müxtəlif yerlərdə fəhlə kimi çalışaraq ailəni dolandırırdı. Təxminən 2 il öncə münasibətlərimiz pozuldu. Teymur evə içkili gəlir, pul qazansa da, mənə və uşaqlara baxmırdı. Teymur dəfələrlə boşanmaq üçün mənim ərizə verməyimi desə də, boşanmaq üçün ərizə vermək istəmədim. Lakin bir müddət sonra evi tərk edib bacım Elnarə ilə qalmağa başladım. Sonra özümə  4-cü mikrorayonda kirayə tutdum, orada yaşadım. Həmin evdə yaşadığım müddətdə Teymur bir dəfə bizi görməyə gəldi. Aramazda mübahisə düşdüyündən Teymur paltarlarını yığaraq getdi. Teymur bir müddət sonra Sumqayıta gəldi. Qızım Mədinəni məndən xəbərsiz Şabrana apardı. Polis bölməsinə qızım Mədinəni Teymurun qaçırması barədə müraciət etdim. Teymur mənimlə əlaqə saxladı, bazar ərazisində görüşməyi təklif etdi və Mədinəni mənə verəcəyini dedi. Bazar istiqamətinə getmək üçün həyətə düşdükdə, Teymur bıçaqla mənim üzərimə gəldi, məni yerə yıxaraq ayağını boğazıma qoydu. Daha sonra Teymur mənim boğaz, boyun, çiyin və digər nahiyələrimə bıçaqla vurmağa başladı. Ətrafda olan tanımadığım iki nəfər Teymuru tutaraq məni öldürməyinə imkan vermədilər”.

Sualları cavablandıran zərərçəkmiş qeyd edib ki, onun Taleh adlı şəxslə hər hansı sevgi münasibəti və ya cinsi əlaqəsi olmayıb: 

“Taleh meyvə-tərəvəz dükanı işlətdiyinə görə onu tanımışam. Talehdən 150 manat borca pul almışam. O, bir-iki dəfə qapını döyərək borcunu istəyib. Hazırda Teymurdan şikayətçiyəm, onunla barışmamışam. Mənə yetirdiyi xəsarətlərə görə müalicə pulumu ödəməyib. Ona ağır cəza verilməsini xahiş edirəm”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur Şıxkərimov 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum edilib.

XƏBƏR LENTİ
17.04.2024 3205

DİGƏR XƏBƏRLƏR

Loading
Top