
ABŞ Prezidenti Donald Tramp, Kanadanın Baş naziri Mark Karniyə məktub ünvanlayaraq avqustun 1-dən etibarən Kanada məhsullarına 35 faiz həcmində idxal rüsumu tətbiq ediləcəyini bildirib.
Saat24.Az xəbər verir ki, Tramp bu məktubu "Truth Social" platformasındakı hesabında dərc edib.
"Avqustun 1-dən etibarən ABŞ ölkəyə göndərilən Kanada məhsullarına, sənaye tariflərindən ayrı olaraq, 35% gömrük rüsumu tətbiq edəcək", - deyə o bəyan edib.
Ağ Ev rəhbəri Ottavanı qarşılıq addımlardan çəkindirməyə çalışaraq vurğulayıb ki, əgər Kanada cavab tədbirləri görərsə, Vaşinqton həmin 35%-ə Kanada hökuməti hansı rəqəmi seçsə, onu əlavə edəcək.
Tramp bu qərarını Kanadanın fentanil qaçaqmalçılığını dayandıra bilməməsi ilə əsaslandırıb. Bununla belə, o əlavə edib ki, Kanada ABŞ ilə birlikdə narkotik axınlarına qarşı işləməyə başlasa, rüsum siyasətində dəyişikliklər edilə bilər.
Bundan əlavə, ABŞ prezidenti avqustda yeni rüsumların tətbiqi səbəbləri kimi ticarət üçün tarif və qeyri-tarif məhdudiyyətlərini, ticarət kəsirini və Amerika süd məhsullarına 400% həcmində rüsumları göstərib.
Trampın sözlərinə görə, tətbiq olunan tarif dərəcələri gələcəkdə ikitərəfli münasibətlərin vəziyyətindən asılı olaraq dəyişdirilə bilər.